AZƏRBAYCANIN ÜZLƏŞDİYİ İŞĞAL AMİLİ REGİONUN TƏHLÜKƏSİZLİYİNƏ CİDDİ TƏHDİDDİR
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Mətyu Brayzəni onun xahişi ilə qəbul edib. Nazirliyin ictimai əlaqələr mərkəzindən bildiriblər ki, görüşdə nazir Eldar Mahmudov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə toxunaraq, ölkəmizin üzləşdiyi işğal amilinin nəzarətsiz ərazilər problemi baxımından nəinki Azərbaycanın, eyni zamanda, bütün regionun təhlükəsizliyinə ciddi təhdid olduğunu söyləmiş və münaqişənin tezliklə həll olunmasının vacibliyini qeyd edib. Milli təhlükəsizlik naziri, həmçinin regionda gedən proseslər, reallıqlar və mümkün təhdidlər barədə danışmış, beynəlxalq terrorçuluq və ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təhlükəli təzahürlərinə qarşı aparılan mübarizə tədbirləri və onların konkret nəticələri barədə məlumat verib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.