Azərbaycanın KİV nümayəndələri türkiyəli həmkarlarını sərhədlərin açılmasını önləməyə çağırırlar
Ölkəmizin KİV nümayəndələri türkiyəli həmkarlarına MÜRACİƏT qəbul ediblər. Müraciətdə son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı, diplomatik və iqtisadi əlaqələrin qurulacağı haqqında xəbərlərin bütün Azərbaycan ictimaiyyətində, eləcə də media nümayəndələri arasında böyük narahatçılıq yaratdığı xüsusi şəkildə vurğulanır.
Ölkə KİV-lərinin türkiyəli həmkarlarına ünvanladıqları müraciətdə, həmçinin Türkiyənin hakimiyyət nümayəndələrinin bu xəbərləri təkzib etməmələri, eyni zamanda, qardaş ölkənin ictimai-siyasi xadimlərinin çıxışlarında və mediasında Ermənistanla Türkiyə arasında əlaqələrin qurulmasını təsdiq edən çoxsaylı faktların açıqlanması dərin təəsüf hissi ilə qeyd olunur. Müraciətdə həmçinin 15 ildən çox bir müddət ərzində Azərbaycana qarşı müharibə aparan, Türkiyəyə qarşı ərazi iddiaları irəli sürən Ermənistanla bərabərhüquqlu əlaqələr qurulmasının yolverilməz olduğu qeyd olunur: "Həm Türkiyəyə, həm də Azərbaycana qarşı iddialarla çıxış edən, üstəlik, 15 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən Ermənistanla bərabərhüquqlu və konstruktiv münasibətlərin qurulmasından danışmaq hələ çox tezdir. İstərdik ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasından əvvəl bu dövlətlər arasındakı sərhədlərin bağlı olması səbəblərinə, mövcud durumu zəruri edən amillərə, atılması planlaşdırılan addımın haqq-ədalət prinsiplərinə adekvatlığına, nəhayət, eyni soykökə malik, dili, dini, mədəniyyəti, adət-ənənələri bir olan millətin məskunlaşdığı iki ölkə arasındakı münasibətlərə göstərəcəyi təsirə nəzər salınsın.
Bildiyiniz kimi, Türkiyə Cümhuriyyəti 1993-cü ildə Ermənistanla sərhədlərini bağlayarkən yalnız bu ölkənin ona qarşı irəli sürdüyü ərazi və qondarma "soyqırımı" iddiasını əsas götürməmiş, eyni zamanda türk həmrəyliyinə, qardaşlığına böyük sədaqət və ehtiram əlaməti olaraq Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsini, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirildiyini ciddi səbəblər sırasında vurğulamışdı. Azərbaycan xalqı da eyni dəstək və doğmalıqla hər zaman Türkiyənin yanında olduğunu nümayiş etdirib. Azərbaycan ictimaiyyəti, dövlət və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, xaricdəki diaspor təşkilatlarımız Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti ilə yanaşı, Türkiyəyə qarşı "soyqırımı" və ərazi iddialarının ifşa olunması istiqamətində də məqsədyönlü fəaliyyət göstəriblər. İşğalçı dövlətlə hərtərəfli əməkdaşlıqdan imtina, sərhədlərin bağlanması beynəlxalq aləmdə məqbul hesab edilən və təcrübədə özünü doğruldan siyasi vasitələrdəndir. Biz bunun əlamətlərini Türkiyə-Ermənistan münasibətlərinin mövcud durumunda görür və yüksək qiymətləndiririk. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qətnamələrini yerinə yetirmir, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq qurumların çağırışlarına məhəl qoymur, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesində barışmaz mövqe nümayiş etdirir. Belə bir vəziyyətdə Türkiyənin Ermənistanla sərhədləri açması və hərtərəfli əlaqələr qurmasından yalnız Ermənistanın faydalanacağına şübhə qalmır. Əminik ki, bu addım Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə mənfi təsir göstərəcək, Ermənistanın işğalçı siyasətinə bəraət qazandıracaq və onu yeni işğallara həvəsləndirəcək. Digər tərəfdən, Türkiyə Ermənistanla əlaqələr qurduqdan sonra da ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edəcəyi, erməni lobbisinin "soyqırımı" tanıtmaq cəhdlərindən əl çəkməyəcəyi şübhə doğurmur."
Ölkə KİV-lərinin müraciətində Türkiyəli jurnalistlər "bir milllət, iki dövlət" ideyasına zərbə vura biləcək təhlükənin qarşısının alınmasında yenə öncüllük göstərməyə çağrılır. "İnanırıq ki, sizin həmrəyliyiniz, əməli fəaliyyətiniz və qətiyyətiniz AKP iqtidarının Ermənistanla sərhədləri açmaq niyyətinin qarşısına keçilməz sədd çəkəcək."