ABŞ prezidenti Barak Obama bu ay Türkiyəyə edəcəyi səfərlə, əslində bir növ rekord vurmaq istəyinə düşüb. Kişi özü gəlməmiş əl-üz yuyanından tutmuş, ayıb olmasın, tualet avadanlığına qədər hər şeyi artıq Türkiyəyə gətiriblər. Hətta içəcəyi suya qədər. Bu, artıq ciddi protokol qaydası olmaqla yanaşı, həm də bir az Türkiyəyə inamsızlıq mesajı kimi çıxır. (Amma nəyimizə gərək, özləri bilən məsləhətdir. Biz cənab Obamaya otuz qəpiklik balaca qazlı su təklif edərdik, amma onun öz "Borjomi"si olmamış olmaz. Amma bu cür protokol həm də bir növ reklam kimi bir şeydir ki, var. İndi kənddə-kəsəkdə camaat danışacaq ki, pah atonnan, sən öl, kişi suyu üfürə-üfürə içir də. Özü də Şərqdə bu cür məsələlərə yamanca həssas yanaşırlar. Bu Obama da az bilmir ha!)
Görünür, cənab Obama İraqda Corc Buşun başına gələn hadisədən sonra onun da belə aqibətlə üzləşəcəyindən ehtiyatını möhkəm tutub. Həm də etiraf etmək lazımdır ki, Corc Buş Şərqdə Amerika üçün elə AĞ ÜZ qoymayıb ki, Obama bir ərklə də ayağını Şərqə qoya bilsin.
Hə, Ağ Ev sahibinin Türkiyəyə belə önəm verməsi və xüsusilə, "erməni soyqırımı"nın qeyd olunduğu 24 aprel ərəfəsində Ankaraya gəlməsi məsələnin həddən artıq ciddi olduğunu göstərir. Deyəsən, Türkiyə ilə ABŞ arasındakı münasibətlər əməllicə çərçivəsindən çıxır və neçə illərdir ki, üzü Bill Klintondan bəri Corc Buş qarışıq Ağ Ev rəhbərlərinin buraxdıqları səhvləri Barak Obama güc-bəla ilə yoluna qoymaq istəyindədir. Düzdür, bəri başdan deyək ki, Ağ Ev sahibinin Ankara səfəri heç də gözlənilən kimi uğurlu alınana oxşamır. Çünki Bosfor boğazında okeanın ta o tayına qədər qətiyyən yumşaq mövqe mövcud deyil və hətta Türkiyədəki ictimai fikir anti-Qərb xarakteri daşıyır. Məsələn Türkiyədə hesab edirlər ki, artıq neçə illərdir ki, ABŞ-ın müttəfiqi kimi onun regionda Ankara əleyhinə saymazlıq siyasətinə bir "dur" demək vaxtıdır. Bundan başqa, Türkiyədə, həmçinin, onu da bildirirlər ki, rəsmi Vaşinqtonun nazlarını öhdələmək əvəzinə regiondakı ölkələrlə strateji əməkdaşlığa girişmək vaxtıdır. Məsələn, İstanbulda belə fikir var ki, okeanın o tayındakı Ağ Evlə minnətli əməkdaşlıq əvəzinə Rusiya, İran və başqa ölkələrlə iqtisadi əlaqələri genişləndirmək Türkiyə üçün daha strateji əhəmiyyət daşıyır. Elə Davosdakı Ərdoğan-Peres "razborkası"ndan dərhal sonra Türkiyənin Rusiya ilə yaxınlaşması, Türkiyə prezidentinin tarixdə tək-tük rast gəlinən səfərlə Moskvaya uçması, regionda enerji resurslarından birgə istifadə haqqında danışıqlar aparılması, bir növ Vaşinqtonu hərəkətə gətirdi. Həmin proseslərdən sonra Ağ Evdə anladılar ki, deyəsən, Türkiyə də əldən gedir və belə getsə, daha doğrusu, ABŞ-ın Şərqdəki müttəfiqini ələ keçirmək üçün Moskvaya bir az da fürsət verilsə, onda yaxın Şərqdəki vəziyyət tamamilə Rusiyanın nəzarətinə keçəcək və ABŞ bərk zərbə alacaq. İndi görək Obamanın bu səfəri ondan bərk incik düşən və Moskva ilə əməkdaşlıq yolunda olan Türkiyənin mövqeyinə təsir edə bilərmi? Bu məsələdə kifayət qədər ciddi ziddiyyətlər var və bu proses Obamanın bir səfəri ilə həll olunası deyil. Deməli, Obamanın qarşısında Türkiyəni Rusiyanın caynağından xilas eləmək kimi həlli müşkül məsələ dayanır. Başqa bir məsələ isə ermənilərin qondarma "erməni soyqırımı" adlanan cəfəngiyyat dolu iddalarının qızışdığı bir dövrdə, yəni aprelin 24-ü ərəfəsində Obamanın Ankaraya üz tutmasıdır. Deməli, bu səfərlə "erməni məsələsi"nin növbəti dəfə oyundankənar vəziyyətə düşməsi də ortaya çıxır.
Belə görünür ki, Obama ABŞ tarixində kifayət qədər dramatik və çətin işə girişib ki, bu da daha böyük hədəflərdən xəbər verir və elə bu amil Ağ Evdə qarşıdakı uzun müddət ərzində "erməni məsələsi"nin müzakirə predmeti olmayacağını göstərir. Bu isə erməni diasporunu yeni bir dilemma qarşısında qoyur. Deməli, ABŞ siyasətçilərinin Türkiyəyə qarşı "soyqırım oyunundan" istifadə imkanları bir müddət qapanmış olacaq. Amma Obama üçün Çankaya köşkündə hər şey çətin olacaq, çünki İstanbulda şimal küləyi Qərb küləyini nisbətən üstələyir.