PDF Oxu

Araşdırma

  • 11

Bu islahatlar xalqın rifahının və ölkənin inkişafının müdafiəsinə xidmət edəcək

Bu islahatlar xalqın rifahının və ölkənin inkişafının müdafiəsinə xidmət edəcək
Dünən "Həyat Reycens" otelinin "Şamaxı" zalında martın 18-də keçirilən referendumu müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti, ümumxalq səsverməsinin yekunları ilə bağlı mətbuat konfransı keçirdi.
AŞPA-nın müşahidə missiyasının rəhbəri, Belçika parlamentinin deputatı, Avropa Uğrunda Liberallar və Demokratlar Alyansının nümayəndəsi Pol Uil çıxış edərək bildirdi ki, Avropa Şurasının Azərbaycana göndərdiyi missiya 30-dan çox məntəqədə səsvermənin gedişatını izlədi: "Müşahidə zamanı heç bir qanun pozuntusu qeydə alınmadı və referendumla bağlı ilkin təəssüratımız müsbətdir. Müşahidə zamanı o da aydın oldu ki, seçicilər səsvermə bülletenini doldurmazdan əvvəl onu oxuyur, sonra səs verirlər. Əsas da odur ki, onlar sualların çoxluğuna baxmayaraq, referenduma çıxarılan məsələlərin mahiyyətini yaxşı dərk edirdilər".
AŞPA-nın müşahidə missiyası səslərin sayılması ilə də bağlı məsələyə aydınlıq gətirdi: "Səslərin sayılması posesində də iştirak etdik. Səslərin sayılması çox vaxt aparsa da, bu proses olduqca maraqlı oldu. Belə ki, bülletenlərdəki suallara  müxtəlif yanaşmalar var idi. Seçicilərin hamısı suallara eyni cavabı verməmişdi. Bu isə, bir daha onu göstərir ki, əhali referenduma çıxarılan məsələlərin mahiyyətini bilirdi".
Nümayəndə heyəti bildirdi ki, AŞPA-nın müşahidəçilərinin referendumla bağlı bəyanatlar qəbul etdi. Bəyanatda deyilir: "AŞPA-nın müşahidə missiyası Konstitusiyaya uyğun olaraq referendum keçirilməsini legitim hesab edir. Referendum Azərbaycan xalqının sabitlik və demokratikləşmə elementlərinin genişləndirilməsinə hazır olduğunu göstərir. Sualların çoxluğuna baxmayaraq, səsvermə prosesi şəffaf, yaxşı təşkil olunmuş və dinc mühitdə keçmişdir".
Missiyanın digər üzvləri İspaniya parlamentinin deputatı Pedro Aqramunt, Almaniya parlamentinin deputatları Eduard Lintner, Hakkı Kəskin çıxış edərək səsvermənin gedişatı ilə bağlı təəssüratlarını bildirdilər. 
Avropalı deputatlar referendumun demokratik, azad və şəffaf keçirildiyini, Konstitusiyaya edilən əlavələrin və dəyişikliklərin Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, insan hüquq və azadlıqlarının daha geniş müdafiəsinə xidmət edəcəyinə əminliklərini bildirdilər. 
Sonda Pol Uil onu da vurğulayaraq qeyd etdi ki, AŞ PA-nın müşahidəçilərinin söylədikləri bu fikirlər yekun hesabatda əksini tapacaq və məsələ qurumda müzakirə olunacaqdır.
Mətbuat konfransının sonunda avropalı deputatlar jurnalistləri maraqlandıran sualları cavablandırdılar.

Digər xəbərlər