Gürcüstanda siyasi vəziyyət gərginləşib Aydın Mirzəzadə:
Regiondakı proseslər bütün istiqamətlərdə ölkəmizə bu və digər şəkildə təsir edir. Xüsusilə, iqtisadi sahədə aparılan proseslər region ölkələrin iqtisadi münasibətlərinə və dinamik inkişafına təsirsiz ötüşmür. Son bir neçə il ərzində regiondakı iri iqtisadi layihələrdən tutmuş bir sıra sahələrə qədər müşahidə olunan işlər, regionun iqtisadi inteqrasiyasına geniş şəkildə təsirini göstərməkdədir.
Regiondakı hazırkı durumla bağlı politoloqlar fərqli fikirlərlə çıxış edirlər. Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, siyasətdə qabaqcadan proqnoz vermək məsələsi bir az çətin və mürəkkəbdir. Çünki hər hansı bir vəziyyətin tək üzdə görünən tərəfi yox, eyni zamanda, üzdə görünməyən halları da müəyyənləşdirilir: "Gürcüstanda bu gün vəziyyət stabil deyil, hakimiyyətlə müxalifət arasında münasibətlər çoxdan parlament formalarından qarşıdurma formalarına gəlib çıxıb. Həmçinin, Mixail Saakaşvilinin də əvvəlki qüvvəsində olmadığı göz qarşısındadır. Bunun necə nəticələnəcəyini demək çətindir. Bununla belə, davamlı gedən qarşıdurma ölkədaxili siyasi vəziyyətə təsirini göstərəcək".
A.Mirzəzadə onu da bildirdi ki, Cənubi Qafqaz dünyada yeganə bir yerdir ki, burada yerləşən üç ölkənin hər birinin siyasi sisteminin həm xarici, həm də daxili tamam fərqlidir: "Birində gedən proseslər o birisinə qətiyyən təsir etmir. Nəzər alsaq ki, Gürcüstanın həm daxili, həm xarici siyasətində özünəməxsusluq var. Ancaq Gürcüstanın özünün nüfuzuna, özünün daxili siyasətinə təsirindən danışmaq olar. Qonşu ölkələrə təsiri isə, ya minimaldır və yaxud da ki, Azərbaycan kimi ölkəyə heç, ümumiyyətlə, təsiri mümkün deyil".
Millət vəkili Fəzail İbrahimli bildirdi ki, hər hansı bir xalq mitinqlə hakimiyyəti dəyişidirməsi zor gücünə dəyişidirilməsi kimi səslənir: "Sadəcə olaraq, xalq istefa tələb edə bilər, dinc nümayiş edə bilər. Xalq tərəfindən göstərilən zorakılıq özü artıq qanun pozuntusudur. Gürcü xalqının hüququdur ki, küçəyə çıxıb dinc nümayiş edə bilər". Millət vəkili hesab edir ki, Saakaşvili çox böyük iddialarla hakimiyyətə gəlmişdi. Böyük demokrat kimi xalqın nəzərində var idi. Balanslaşdırılmış siyasət yeridə bilməməsi bu gün onun özünü də, gürcü xalqını da, dövlətini də iflic vəziyyətə salıb: "Çünki uzaqla dost, qonşu ilə düşmən heç kimə sərf etmir. Ağıllı siyasətçi həmişə dövlətini qorumalıdır. Abxaziya məsələsində müharibə xarakterli addım indi onun özünün başına gələn bütün proseslərin bir növ başlanğıcı oldu".
F.İbrahimli onu da əlavə etdi ki, Gürcüstan Cənubi Qafqazda müstəqil dövlətdir, öz ərazisi, sərhədi var. Gürcüstanın apardığı dövlət səviyyəsində siyasət Qafqazda gedən siyasətə təsiri ola bilər: "Çünki böyük layihələr Gürcüstanın iştirakı ilə həyata keçirilir. Bu mənada, istərdik ki, adıçəkilən ölkədə stabillik, bütün proseslər demokratik fonda olsun".
Politoloq Cümşüd Nuriyev bildirdi ki, Gürcüstanda gedən proseslər heç də iqtidarın xeyrinə olmayan proseslərdir. O, qeyd etdi ki, ölkə daxilində qarşıdurma yüksək həddə çatıb: "Vaxtilə Saakaşvilini hakimiyyətə gətirən Nino Burcanadze tamamilə müxalifətə keçib. Eyni zamanda, onun əleyhinə qohumu da çıxış edib. Belə bir şəraitdə Saakaşvili ortada tək qalıb. Bütün bu toplumun arxasında Qərb də durub. Çünki Saakaşvili Qərbin ümidlərini doğrultmadı. Onsuz da "narıncı", "qızılgül" inqilabı ilə hakimiyyətə gələnlərin heç biri özünü doğrulda bilmir. Ona görə də, istər-istəməz onlar Saakaşvilinin əlindən yanıqlıdılar".
Politloq hesab edir ki, onların məqsədi birmənalı şəkildə Saakaşvilini ən azı yaxın vaxtlarda hakimiyyətdən uzaqlaşdırmaqdır. Gürcüstanın hərbi durumuna gəldikdə, C.Nuriyev bildirdi ki, hazırda Gürcüstan ərazisi lazımi səviyyədə işğal olunub. Nəzərə alsaq ki, maliyyə böhranının getdiyi şəraitdə artıq həm Abxaziya, həm də Cənubi Osetiya Rusiya tərəfindən maliyyələşdirilir: "Rusiyanın məqsədi yaxın zamanda hərbi hissələrini həmin ərazidə yerləşdirməklə Gürcüstanı tam iqtisadi blokadaya salmaqdır. Gürcüstanın təbii resursları imkan vermir ki, özü özünü təmin etsin".
C.Nuriyev onu da vurğuladı ki, Gürcüstanda hakimiyyətin dəyişməsi Cənubi Qafqazda hadisələrin yeni mərhələyə yönəlməsinə səbəb olacaq: "Bu, Gürcüstan ərazisindən keçən beynəlxalq layihələr ilə bağlıdır. Əgər qatı millətçilər hakimiyyətə gəlsə, təbii ki, o layihələrə müəyyən mənada maneçilik törədə bilərlər. Amma Gürcüstanın maraqlarına uyğun fikirləşmək hələ ki, tezdir. İstər-istəməz, bölgədəki sabitliyin pozulması heç də Azərbaycanın xeyrinə deyil. Çünki Azərbaycan dünya bazarına Gürcüstan ərazisindən çıxır. Belə bir şəraitdə Azərbaycana iqtisadi ziyan dəyə bilər. Amma siyasi ziyanın dəyməsi ehtimalı çox azdır. Çünki Azərbaycan kifayət qədər siyasi sabitliyini təmin edə bilən dövlətdir".