PDF Oxu

Araşdırma

  • 9

2008-ci il xarici siyasət sferasında uğurlarla müşayət olundu

2008-ci il xarici siyasət sferasında uğurlarla müşayət olundu
2008-ci il ərzində Azərbaycan xarici siyasət kursunda prioritet  seçdiyi istiqamətlər üzrə uğurlarla yadda qaldı. Bu isə iqtisadi sferada əldə olunan uğurların siyasi müstəviyə transfer edilməsi və paralel inkişafın nəticəsində əldə olundu. 2008-ci ildə ölkənin sabit inkişafı və vətəndaş hüquqlarının müdafiəsinə yönəldilmiş, o cümlədən, beynəlxalq münasibətlər sistemində qarşıya qoyulan məqsədlər üzrə qətiyyətli və davamlı siyasət kursu həyata keçirildi. Davamlı şəkildə həyata keçirilən siyasət isə, öz növbəsində, sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən, siyasi sabitlik nəticəsində Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə şərait yaradıb. Bu, həm də dövlətimizin bütün dünya ölkələri ilə həm ikitərəfli, həm də çoxşaxəli əlaqələrinin möhkəmlənməsinə xidmət göstərib.
2008-ci ildə Azərbaycanın yürütdüyü xarici siyasət kursu açıq-aydın və səmimi olub. Bu isə, nəticə etibarilə, yürüdülən siyasətin bütün dünya tərəfindən yüksək diqqət və hörmətlə qarşılanmasının təməl prinsipini təşkil edib. Aparılan siyasət nəticəsində Azərbaycanın, demək olar ki, beynəlxalq arenada daha yaxından tanınmasına yol açıb. Bu amil ölkəmizin digər problemlərinin həllində böyük rol oynayıb.
Təbii ki, Azərbaycanın yürütdüyü xarici siyasət kursunun ən ön prioriteti Dağlıq Qarabağ probleminin həlli istiqamətində dünya ölkələrinin, o cümlədən, beynəlxalq aləmin dəstəyini əldə etmək və Ermənistanın iç üzünü açmaq xarakteri daşıyıb. Həmin spektrdən yanaşdıqda, 2008-ci ildə Azərbaycanın xarici siyasəti böyük uğurlar əldə edib. İlk olaraq ötən ilin martında BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında qəbul olunan "Azərbaycanın işğal altında olan torpaqlarında vəziyyətə dair" qətnamə bu istiqamətdə ən böyük uğurlardan hesab edilə bilər. O baxımdan ki, dünyanın ən böyük təşkilatı sayılan BMT-nin Baş Məclisində belə bir qətnamənin qəbuluna nail olmaq, orada təmsil edilən ölkələrin dəstəyini almaq, Ermənistanın işğalçı dövlət qismində bir daha təqdimatı üçün hüquqi arqument yaratdı. Azərbaycan münaqişənin ədalətli həllində diplomatik üstünlüyünü daha da möhkəmləndirdi. Hər zaman münaqişənin sülh yolu ilə nizamlanmasına çalışan, bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirən Azərbaycan, bir daha aparılan müzakirələrdə düzgün olduğunu isbat etdi. Ən əsası isə, artıq dünya erməni lobbisinin apardığı yalançı təbliğata inanmadığını nümayiş etdirdi.
Təbii ki, yalan divarının yıxılmasında hər bir ölkə ilə ayrı-ayrılıqda aparılan xarici siyasət mühüm rola malik oldu. Bu məqama toxunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ötən ilin mart ayında BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu fakt Azərbaycanın həm gücünü, həm də haqq-ədaləti göstərdi: "Yəni, onu göstərdi ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycanın tərəfindədir. Baxmayaraq ki, bir daha vurğulamaq istəyirəm, Minsk Qrupunun həmsədr ölkələri, vasitəçilik missiyası ilə birbaşa məşğul olan ölkələr - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa bizə məlum olmayan səbəblər üzündən bu qətnamənin əleyhinə çıxmışdı və bəzi hallarda başqa ölkələri də buna təhrik etmək istəmişdilər, ancaq Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə böyük səs çoxluğu ilə qəbul edildi. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, növbəti və ciddi sənəddir. Bildiyiniz kimi, 15 il bundan əvvəl BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilmişdi. Bu qətnamə bizim növbəti siyasi uğurumuzdur. Bunun əsasında münaqişə öz həllini tapa bilər".
Ötən il BMT-nin Baş Məclisində əldə olunan bu diplomatik uğurun ardı kimi, NATO-nun Buxarest Zirvə toplantısında qəbul olunan bəyənnamədə qeyd edilən məqam da böyük əhəmiyyətə malik oldu. Məhz bu görüşdə qəbul olunan yekun Bəyənnaməsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mütləq şərt olduğu  Şimali Atlantitka Blokunda təmsil olunan ölkələr tərəfindən bir daha təsdiqləndi. Bu isə münaqişəninin sülh yolu tənzimlənməsi istiqamətində və Azərbaycanın diplomatik üstünlüyünü təşkil edən amillər sırasında böyük bir addım sayılmalıdır. Bir məqamı vurğulamaq lazımdır ki, Qərbin ən böyük həm siyasi, həm də hərbi gücü kimi dəyərləndirilən NATO  hazırda dünyadakı, demək olar ki, bütün münaqişələrin həllində əsas dayaq nöqtəsi sayılır. Nəzərə alanda ki, həmin blokun aparıcı dövlətləri - ABŞ, Fransa, Böyük Britaniya və başqa ölkələr münaqişə tərəflərinin nizamlanma prosesində faydalı ola bilməsi üçün təsir göstərə biləcək güc mərkəzləri sayılır.
Təbii ki, ötən ildə xarici siyasətin təhlil olunması zamanı avqust ayında Cənubi Qafqazda gedən proseslərə toxunmamaq mümkün deyil. Avqust ayında bir neçə gün davam edən Rusiya-Gürcüstan müharibəsində Azərbaycanın tutduğu mövqe oturuşmuş balanslı xarici siyasət kursundan xəbər verir. Maraqlı cəhət ondadır ki, Azərbaycan hər iki münaqişə tərəfi yüksək səviyyədə iqtisadi-ticarət və siyasi əlaqələrə malikdir. Həm Gürcüstan, həm də Rusiya Azərbaycanın tərəfdaşı qismində xarakterizə oluna bilən ölkələrdir. O baxımdan, Azərbaycanın yalnız münaqişənin tənzimlənməsi prosesində vasitəçi qismində işitarkı yalnız alqışlanmalı haldır. Həmtərəf olmaqla hansısa bir tərəfdaşına qarşı koalisiyada yer almayan Azərbaycan, münaqişə bölgəsinə humanitar yardımlar etməklə məsələnin sülhlə tənzimlənməsinə çalışdı. Bu isə özlüyündə dünyaya bir daha Azərbaycanın sülhpərvər dövlət olduğunu sərgilədi, həm də dondurulmuş münaqişələrin strateji bölgələrin inkişafına mane olan və  qloabal inkişafı əngəlləyən amil olduğunu sübut etdi. Bütün dünya iki cəbhəyə bölünərək qarşı-qarşıya durduğu məqamda və insan haqlarına, dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipini dilə gətirərkən, Azərbaycan illərdir Ermənistanın işğalçılıq siyasəti nəticəsində çəkdiyi əziyyətin bir daha praktiki şəkildə izahını ortaya qoydu. Bəli, dondurulmuş və hansısa ölkənin zorakılığa yönəlmiş siyasəti nəticəsində həll olunmayan münaqişələr iqtisadi inkişafın qarşısını alan ən böyük amildir. Məhz Ermənistan hazırda Cənubi Qafqaz regionunda reallaşan böyük miqyaslı qlobal layihələrə ən böyük təhlükədir.
2008-ci ilin yadda qalan hadisələrindən biri də, şübhəsiz ki, noyabrın 2-də Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının üçtərəfli görüşü və imzalanan Bəyannamə oldu. Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən görüş zamanı qəbul edilmiş sənəddə, Cənubi Qafqazda vəziyyətin sağlamlaşdırılması, regionda sabitlik, təhlükəsizliyin təmin edilməsi üçün münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, bu çərçivədə qəbul edilmiş qərar və sənədlər əsasında siyasi yolla həllinə şərait yaratmaq səyləri öz əksini tapıb. Digər tərəfdən, bu Bəyannamənin imzalanması münaqişə tərəflərinin Ermənistan və Azərbaycan şəklində tanınmasına daha bir hüquqi arqument əlavə edir. Məhz bu məsələ bəyənnamədə öz əksini tapıb və bu amil də münaqişənin tez bir zamanda həllinə yardım göstərə bilər. Uzun illər Ermənistanın apardığı yalan təbliğatı tam şəkildə iflasa uğradıldı. Onların iddia etdikləri kimi qondarma bir rejimin danışıqlarda tərəf kimi təqdim edilməsi məsələsi artıq bitdi.
Bütün bunlarla yanaşı, Azərbaycan 2008-ci ildə təmsil olunduğu beynəlxalq təşkilatlarla da münasibətlərin inkişafı istiqamətində böyük üstünlük əldə edib. İstərsə GUAM çərçivəsində, istərsə də digər qurumlarda dövlətlərarası münasibətlər yalnız qarşılıqlı inkişafı ehtiva edən xətlər üzrə müəyyənləşdirildi. Azərbaycan ilin sonunda yaşanan qaz böhranı nəticəsində yenidən diqqət mərkəzinə düşdü və bu günə qədər gedən müzakirələrin əsas tərəfi kimi iştirakçısına çevrildi. Bu, həm də siyasi müstəvidə əlaqələrin möhkəmlənməsinə təkan verir.
Bununla yanaşı, 2008-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərinin digər region ölkələrindən fərqli olaraq demokratik, ədalətli və şəffaf şəkildə baş tutması Azərbaycanın xarici imicinə böyük dividend verib. Azərbaycan demokratik prinsiplərə sadiqliyini bir daha beynəlxalq aləmə əyani şəkildə sübut etdi. Bu, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafından, vətəndaş birliyinin möhkəmləndirilməsindən xəbər verir. O cümlədən, dünya azərbaycanlılarının xarici ölkələrdə fəaliyyəti də Azərbaycanın siyasi üstünlüklərinə müsbət bir əlavə sayılmalıdır.
2008-ci il uğurlarla yadda qaldı. Təbii ki, 2009-cu ilə də eyni prioritetlərlə gedən Azərbaycan arxada qoyduğu ildə əldə etdiyi uğurları davam etdirmək fikrindədir. İnkişaf yönümlü siyasət müasir Azərbaycanın əsas üstün cəhəti hesab edilə bilər və ümummili liderimiz Heydər Əliyev tərəfindən əsası qoulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, dövlətimizin bütün istiqamətlərdə paralel yol qət etməsinə şərait yaradır.

Digər xəbərlər