PDF Oxu

Araşdırma

  • 12

Türkiyə və Ermənistan arasında siyasi və iqtisadi əlaqələr inkişaf edir

Türkiyə və Ermənistan arasında siyasi və iqtisadi əlaqələr inkişaf edir
Son vaxtlar Türkiyə və Ermənistan arasında isti münasibətlər, yaxınlaşma müşahidə edilməkdədir. Türkiyə prezidenti Abdullah Gülün Yerevanda Ermənistan-Türkiyə futbol matçını seyr etməsi ilə başlayan "ermənilərlə münasibətlər qurmaq" siyasəti daha da inkişaf etməkdədir. Bu isə Türkiyənin 1991-ci ildə Azərbaycanın işğal edilən torpaqlarının azad edilməyəcəyi təqdirdə, Ermənistanla heç bir siyasi-iqtisadi əlaqələrin qurulmayacağı, sərhədlərin açılmayacağı kimi fikirlərin, bəyanatların tədricən öz qüvvəsini itirdiyini deməyə əsas verir. Təbii ki, AKP hakimiyyətinin Ermənistana yaxınlaşması iki qardaş, dost ölkə arasında münasibətlərin pozulmasına gətirib çıxaracaq. Politoloq Cümşüd Nuriyevin, eləcə də, millət vəkili Zahid Orucun gəldikləri qənaətə görə, Azərbaycanla Türkiyə arasında münasibətlərin gərginləşməsindən itirən ancaq Ankara olacaq. C.Nuriyevin dediyinə görə, artıq Azərbaycanın itirəcəyi nə isə qalmayıb. Dünya birliyi, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu birmənalı şəkildə qeyd edib. Gec-tez Ermənistan dünya birliyinin çağırışlarına və təzyiqlərinə tab gətirməyib, işğal edilən Azərbaycan torpaqlarını boşaldacaq: "AKP hakimiyyəti martın axırıncı həftəsində keçiriləcək bələdiyyə seçkilərində ciddi uğursuzluqlara düçar olacaq. Sonradan keçiriləcək parlament seçkilərində məğlubiyyətin baş verməsi isə şübhəsizdir. Bununla AKP hakimiyyəti Ermənistana yaxınlaşdığına görə, xalq tərəfindən cəzalandırılmış olacaq". AKP hakimiyyətinin Ermənistana yaxınlaşmasının arxasında xarici təsirlərin durduğu bildirilir. Konkret olaraq erməni diaspora təşkilatlarının Ərdoğan hakimiyyətinə təzyiqlər göstərildiyi qeyd edilir. ABŞ-da Obama hakimiyyətinin qondarma "erməni soyqırımı"nı tanıması ehtimalının olması, eləcə də, Davos sammitindən sonra İsraillə gərginliyin yaranması Ankaranı Ermənistana güzəştə getməyə məcbur edib. Eyni zamanda, Avropa Birliyinə üzv olmaq istəkləri Türkiyəni xarici təsirlərin tələblərini yerinə yetirmək məcburiyyətində qoyub. Nəticədə Türkiyə Ermənistan qarşısında qoyduğu Dağlıq Qarabağ şərtindən imtina etməyə və yalnız 1915-ci il hadisələrinə görə, iki ölkə arasında tarixçilərdən ibarət komisiyanın yaradılması şərtini irəli sürməyə vadar edib. Maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, Türkiyə açıq şəkildə Ermənistana yaxınlaşdığı halda, Azərbaycanla münasibətlərə xələl gətirilməsinə görə medianı günahlandırır. Ancaq bu, gerçək faktdır ki, Türkiyə Azərbaycanın milli maraqlarını nəzərə almadan, Ermənistanla ikitərəfli danışıqlara gedir. Bu ölkə ilə diplomatik, iqtisadi əlaqələrin qurulması yönümündə əməli addımlar atılır. Misal kimi çoxsaylı faktlar göstərmək olar. Əldə olunmuş məlumatlara görə, yalnız 2008-ci ildə Türkiyədən Gürcüstan vasitəsilə Ermənistana 11300 yük maşını (TİR) keçib. Amma Azərbaycanla dost, qardaş ölkə olduğunu bəyan edən AKP hakimiyyəti, 2008-ci ildə Türkiyədən Azərbaycana keçən yük maşınlarının sayını 14 min olduğunu nəzərə almaq istəmir. Türkiyə Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Şükrü Ələkdağ bildirmişdir ki, hər gün Türkiyədən Yerevana 4 min maşın ərzaq gedir. Yerevandan hər gün İstanbulun hava limanına bir təyyarə enir. 70 min Ermənistan vətəndaşı Türkiyədə qanunsuz çalışır. Türkiyə iş adamları Ermənistana investisiya qoyub, bu ölkədə biznes şəbəkəsi qurmağa da geniş səy göstərirlər. Artıq bu yöndə "uğurlar" da əldə ediblər. Ermənistan mətbuatının yazdığına görə, Yerevanda 20-yə yaxın Ermənistan-Türkiyə müştərək şirkəti fəaliyyət göstərir. Ermənistan sənayeçilər və iş adamları birliyinin sədri Alsen Kazaryan bildirib ki, 2008-ci ildə Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 2,2 dəfə artaraq, 185 milyon dollara çatıb: "Ermənistandan Türkiyəyə xammal, müxtəlif sənaye məhsulları da göndərilir. "Rusal armentel" şirkətinin məhsullarının Türkiyəyə ixracı onlar üçün paritetdir. Türkiyə bazarında alüminiuma, folqaya ciddi ehtiyac var. Amma təəssüf ki, Ermənistanın istehsal etdiyi mallar Türkiyə bazarına üçüncü dövlətlər vasitəsilə çatdırılır. Leqal ixraca başlasaq, Ermənistanda bütün istehsalçıların işi asanlaşacaq. Biz siyasətçilərdən bir addım öndə olmalıyıq". Qeyd etmək yerinə düşər ki, Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələrin genişlənməsində hava nəqliyyatının rolu da kifayət qədərdir. Hazırda "Atlasyet" özəl aviaşirkəti İstanbulla Yerevan arasında uçuşlar həyata keçirir. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşları da xüsusi vurğu ilə qeyd ediblər. Onlar Türkiyənin "Todays zaman" qəzetinə bildirmişlər ki, Türkiyə hava yolları aviaşirkəti ölkənin xarici siyasətində əsas "alətlərdəndir". Bu əlaqələrin genişlənməsinə maraq göstərən Türkiyə Ermənistan vasitəsilə ölkəsinin elektrik enerjisini ixrac etmək niyyətindədir. "Armenia Today" qəzetinin məlumatına görə, Ermənistan Energetika və Təbii Ehtiyatlar Nazirliyi, "Yüksək Gərginlikli Elektrik Şəbəkəsi" dövlət şirkəti ilə Türkiyənin enerji idxalı paylanması ilə məşğul olan "Unit" şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə görə, Türkiyə tərəfi 6 ay ərzində yarımstansiyaların və elektrikötürücü xətlərin bərpası, həmçinin, elektrik enerjisinin idxalı və lisenziya məsələlərini həll etməlidir. Ermənistan Türkiyəyə ildə 1,5 milyard kVt/saat elektrik enerjisi satacaq. Növbəti illərdə isə bu həcmin 3,5 kVt/saata çatdırılması nəzərdə tutulur. Göründüyü kimi, Türkiyə ilə Ermənistan arasında siyasi-iqtisadi əlaqələr inkişaf edir. Bunu bəzi hallarda Türkiyə rəsmi dairələri və şəxsləri də yüksək pafosla dilə gətirməkdən də çəkinmirlər. Türkiyənin xarici işlər naziri Əli Babacan Misirdə səfərdə olduğu zaman "Zaman" və "Akşam" qəzetlərinə verdiyi açıqlamasında Ermənistanla diplomatik əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib: "Türkiyə ilə Ermənistan arasında problemlərin həllinə bu qədər yaxınlaşdığımız vaxt olmayıb. Ermənilərlə problemin həllinə, bəlkə də, 1915-ci ildən bəri ən yaxın nöqtədəyik. Problemin həllinə yaxınlaşırıq. Belə fürsət hər zaman ortaya çıxmaz". Türkiyənin baş nazirinin müavini Qeybulla Ramazanoğlu "Amerikanın səsi" radiosuna açıqlamasında bildirib ki, Ermənistanla müəyyən məsələlərlə bağlı danışıqlar aparılıb: "Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və heç zaman Azərbaycanın maraqlarını başqasına satmaz. Amma digər tərəfdən Türkiyənin özünün də siyasi, iqtisadi, mədəni maraqları var və ölkə diplomatiyası bu aspektləri nəzərə alaraq hərəkət etməlidir. İkincisi, Avropa Birliyi ilə üzvlük danışıqlarının fonunda Avropa ölkələrinin də Türkiyənin qarşısına qoyduğu bir sıra şərtlər var. Türkiyə öz yanaşmalarında bəzi dəyişikliklər etməklə, ətrafındakı ölkələrlə yaxşı münasibətlər formalaşdırmaqdadır. Bu, Türkiyənin özünün dövlət marağıdır".

Digər xəbərlər