190 saylı orta məktəbdə gənc heykəltaraş Fərid Rzayevin əsərləri sərgiləndi
Öz ənənələri ilə digər məktəblərdən seçilən Səbail rayonunun 190 saylı orta məktəbində mədəniyyətlə və mənəviyyatla bağlı çoxsaylı tədbirlərin keçirilməsi hər zaman məktəb rəhbərliyi və pedaqoji kollektivinin diqqət mərkəzində olmuşdur.
Bu tədbirlər sırasında məktəbdə təhsil alan istedadlı şagirdlərin aşkar olunması və onların yaradıcılığı ilə bağlı tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərdən biri ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə elan olunmuş "Uşaq ili" çərçivəsində keçirilən 190 saylı orta məktəbin 5-ci sinif şagirdi, gənc heykəltaraş Fərid Rzayevin əsərlərindən ibarət sərgi olmuşdur.
Məktəbin foyesində təşkil olunmuş sərgini giriş sözü ilə 190 saylı orta məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova açaraq istedadlı şagird Fərid Rzayev onun təhsili və yaradıcılıq uğurları barədə məlumat vermişdir. Kiçik yaşlarından plastilin, daha sonra gildən müxtəlif fiqurlar və heykəlciklər düzəldən Fərid sonradan T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayında heykəltəraşlıq sinfinə qəbul olunmuş və artıq 7 ildir ki, burada heykəltaraşlıq sənətinin sirlərinə yaxından yiyələnir. Bu illər ərzində Fərid müxtəlif sərgilərdə iştirak etmiş, bir sıra mükafatlara layiq görülmüşdür. Yaradıcılıq uğurları nəticəsində 2005-ci ildə Fərid Rzayev "İlin ən istedadlı uşağı" tituluna layiq görülmüşdür.
Sərginin açılışında iştirak edən məktəbin şagirdləri, müəllimləri və qonaqlar burada nümayiş etdirilən 30-a yaxın plastilin, gil və s. materiallardan hazırlanmış müxtəlif məzmunlu əsərlərlə tanış olmuşlar. Burada, həmçinin, müxtəlif vaxtlarda Fəridin təltif olunduğu diplom və fəxri fərmanlar da nümayiş etdirilmişdir. Sərgi iştirakçıları istedadlı heykəltəraşa gələcək yaradıcılığında uğurlar arzulamışlar.
Sonda Fəridin yaradıcılığına həsr oluqmuş İctimai Televiziyanın çəkdiyi sənədli film nümayiş etdirilmişdir.