Son vaxtlar regionda maraqlı proseslər yaşanmaqdadır. Başlıcası 1991-ci ildən Azərbaycanın mənafeyində marağı olduğunu bəyan edən Türkiyə hakimiyyəti mövqeyində və siyasi fəaliyyətində ciddi dəyişikliklər edib. Ermənistana yaxınlaşmaq üçün əldə olan hakimiyyətdən istifadə edərək, Dağlıq Qarabağ şərtindən imtina etdiyini nümayiş etdirən addımlar atmaqla yanaşı, dünən Xocalı faciəsi ilə bağlı məsələnin Türkiyə parlamentində müzakirəsinə də qadağa qoyub. Bu isə, Azərbaycan ictimaiyyəti tərəfindən AKP hakimiyyətinin ermənilərə satılması kimi dəyərləndirilir. Bu barədə ictimai rəyləri qeyd etməzdən əvvəl vurğulamaq yerinə düşər ki, Türkiyədə erməni təzyiqləri nəticəsində "Sarı Gəlin - erməni probleminin iç üzü" adlı sənədli filmin nümayişi qadağan olunub. Qərarın Türkiyədəki ermənilərin və bir sıra qeyri-hökumət təşkilatlarının etirazlarından sonra qəbul edildiyi bildirilir. Türkiyə Təhsil Nazirliyi sənədli filmin birbaşa dərs vəsaiti kimi deyil, müəllimlərin yardımçı vəsait olaraq yararlanması üçün məktəblərə göndərildiyini açıqlayıb: "Materialın istifadəsi zamanı qoyulan məqsəddən kənara çıxıldığı bəlli olduqdan sonra nazir məsələyə müdaxilə edib və yarısı paylanan DVD-lərin digər yarısının paylanılması dayandırılıb".
Məsələnin araşdırılması zamanı məlum olub ki, Türkiyədəki erməni icması baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət edərək sənədli filmin nümayişinin dayandırılmasını istəmişdir: "Əkər hökumət və Baş Qərargah olaraq bu DVD-lərin köstərilməsində türk toplumu üçün önəmli bir fayda körürsünüzsə, onda heç olmasa, erməni uşaqlarının bu filmi izləyərkən duyacağı əziklik, künahkarlıq və təcrid hissindən xilas olması üçün erməni məktəblərində DVD-lərin nümayişinin dayandırılmasını və dövlət məktəblərində oxuyan erməni şakirdlərin DVD-ni izləməkdən azad edilməsini rica edirik".
Qeyd etmək lazımdır ki, "Sarı Gəlin - erməni probleminin iç üzü" layihəsi 1999-da başlayıb və 4 il davam edib. 8 ay davam edən çəkiliş Türkiyə, Azərbaycan (Bakı, Kəlbəcər), Ermənistan (İrəvan, Gümrü), Kürcüstan, Rusiya, ABŞ, Almaniya, Avstriya, Avstraliya, Fransa, İngiltərə, İtaliya, Macarıstan, Livan və Suriyada aparılıb. Layihədə Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, ABŞ, İnkiltərə, Almaniya, Avstriya, İtaliya, Fransa, Livan və Suriya arxivlərindən istifadə olunub. Erməni silahlı dəstələrinin 1915-ci ilə qədər türk kəndlərinə basqınlar edərək kəndləri yandırmasından, insanlara işkəncə verərək öldürməsindən bəhs olunan sənədli film 2003-cü və 2004-cü illərdə TRT-də yayımlanıb. Türkiyənin əsassız soyqırım iddiaları ilə mübarizə üzrə Koordinasiya Şurası 2007-ci il martın 15-də sənədli filmin DVD şəklində Təhsil Nazirliyinə göndərilməsinə qərar verib. 2007-ci il dekabrın 17-də 56 min 388 ədəd DVD nazirliyə verilib və 2008-ci ilin yayında DVD-lər orta məktəblərə paylanıb.
AKP-NİN ERMƏNİPƏRƏST MÖVQEYİ NƏDƏN İRƏLİ GƏLİR?
"Sarı Gəlin - erməni probleminin iç üzü" adlı sənədli filmin DVD-lərin orta məktəblərdə nümayişinə qadağa qoyulmasının ardınca Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsinə "yox" deyilməsi hakim zümrənin erməni təəssübkeşliyinin məhəbbətə çevrilməsindən xəbər verir. Hətta R.T.Ərdoğana yaxınlığı ilə seçilən Türkiyənin dövlət naziri Ekemen Bağış erməniləri qonaqsevər millət kimi dəyərləndirib. Onu da qeyd edib ki, ermənilərin türklərə olan ümidlərinin qarşılığını verməyə çalışacaqlar. Dövlət naziri İstanbuldakı erməni məktəblərindən birinin fəal nümayəndələri ilə görüş keçirib. Erməni qəzeti olan "Aqos"u ziyarət edərək, qəzetin baş redaktoru Etyen Mahçupyanla söhbətlər aparıb. Görüşlər və söhbətlər zamanı dövlət naziri Ekemen Bağış bildirib ki, onlar qonşu dövlətlərlə əlaqələrə çox önəm verirlər: "Biz əsrlərdir ki, bu torpaqlarda çörəyimizi, suyumuzu paylaşdıq. Yaxşı-pis günləri birlikdə yaşadıq. Ermənistanla əlaqələrimizi inkişaf etdirməyə çox önəm veririk".
Dövlət naziri Ermənistanla əlaqələrin qurulmasında Türkiyədə yaşayan ermənilərin rolunun önəmli olduğunu söylədi: "Sizlərin bu dostluğun inkişaf etməsinə yardım etmək üçün çox imkanlarımız var. Sizlər də bu ölkənin oradakı həssaslığını çox yaxşı bilirsiniz. Kinlə, nifrətlə heç bir yerə gedilməyəcəyini hamımız bilirik".
AKP ERMƏNİLƏRİN ƏN ÇOX SEVDİYİ PARTİYADIR
Dövlət naziri Ekemen Baxış ermənilərlə keçirdiyi görüşlərdə bir qədər də uzağa gedərək, AKP-nin ermənilərin ən çox sevdiyi partiya olduğunu söyləyib: "Sizlərə ümid ola bilmişiksə, çox xoşbəxtik. Önəmli olanı o ümidin qarşılığını verməkdir.
Türkiyə parlamentinin spikeri Koksal Toptan və Türkiyə xarici işlər naziri də ermənilərin maraqlarının qorunmasının vacibliyini dilə gətiriblər. Hətta onlar Milliyyətçi Hərəkat Partiyasına müraciət edərək, Xocalı soyqırımı ilə bağlı hazırlanan qətnamə layihəsinin parlamentdən geri götürülməsini xahiş ediblər. Onlar bunu Türkiyə maraqları naminə etdiklərini dilə gətirməkdən də çəkinməyiblər. MHP başqanı isə məsələdən hiddətləndiyini dilə gətirərək, mətbuat konfransı keçirərək, müvafiq açıqlama verəcəyini söyləyib. MHP-dən olan millət vəkili Rəşad Doğru təzyiqlərə və təhqirlərə baxmayaraq, Böyük Millət Məclisinin iclasında Xocalıda baş verən faciəli hadisələrin soyqırım kimi tanınması yönümündə çıxış edəcəyini söyləyib: "Xocalı soyqırımı ilə bağlı verdiyim təklifin qəbul edilməsi anlaşılmazlıqlara son qoya bilər. Ümid edirəm ki, Xocalı faciəsinə dəstək verəcəklər. 26 fevral, bu gün olmasa da, çox yaxınlarda Xocalı soyqırımı kimi qeyd olunacaq".
Türkiyə hakimiyyətinin Xocalı faciəsinin Böyük Millət Məclisində müzakirəsinə qadağa qoyulmasına münasibət bildirən politoloq Cümşüd Nuriyev Ərdoğan hakimiyyətinin Azərbaycanın milli maraqlarını ermənilərə satmaqda günahlandırdı: "Əslində, Rəcəb Tayyib Ərdoğanın ermənilərin maraqlarından çıxış etməsindən təəccüblənməyə dəyməz. Çünki Ərdoğanın özü laz, Abdullah Gül isə yarı erməni millətindəndir. R.T.Ərdoğanın əsil familiyası Məzarçıdır. Sonradan babası onun familiyasını dəyişib".
C.Nuriyevə görə, zaman-zaman Azərbaycan Türkiyənin maraqlarını ən yüksək səviyyədə qorumağa çalışıb. Hələ ulu öndər Heydər Əliyev Rusiya ilə qarşı-qarşıya durmağına baxmayaraq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan vasitəsilə Türkiyədən keçirilməsini həyata keçirdi. Terror aktları, təzyiqlərin olmasına baxmayaraq, Azərbaycan hakimiyyəti Türkiyə maraqlarının öndə olduğunu nümayiş etdirdi. Sonrakı mərhələdə Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilməsi ərəfəsində də ABŞ bu layihənin əleyhinə olsa da, ölkə Prezidenti cənab İlham Əliyev dəmiryol layihəsini Türkiyədən keçməsinə nail oldu. Bunun üçün Gürcüstana 200 milyon dollar kredit də verildi. Yəni Azərbaycan hər zaman Türkiyə ilə dost-qardaş dövlət olduğunu əməli fəaliyyəti ilə göstərib.
C.Nuriyev o fikri də söylədi ki, 24 aprel "erməni soyqırımı" ərəfəsi olduğuna görə, Ərdoğan hakimiyyəti geri çəkilməyə məcbur olub. Eyni zamanda, Avropa Birliyinə qəbul edilmək istəyi də AKP hakimiyyətini Azərbaycan maraqlarına zidd mövqe tutmağa həvəsləndirir: "NATO-da hərbi qüdrətinə görə, ikinci olan Türkiyənin əlində əsir-yesir olması təəccüb doğurur. Əgər Ermənistanla Türkiyə arasında sərhədlər açılarsa, bu, Azərbaycanla münasibətlərin gərginləşməsinə gətirib çıxarar. Amma uduzan tərəf Türkiyə olacaq. Çünki Azərbaycanın itirəcəyi nəyisə yoxdur. Bütün dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə edir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan edirlər."
Politoloq Sülhəddin Əkbər də qəzetimizə verdiyi açıqlamasında Türkiyənin Azərbaycan maraqlarına zidd mövqe tutmasının arxasında Ərdoğan hakimiyyətinin zəifliyi dayandığı söyləyib: "Türkiyənin maraqları Azərbaycanın maraqlarını satmasına gətirib çıxarıb. Aprel ayında ABŞ prezidenti Barak Obama erməni məsələsi ilə bağlı bəyanatla çıxış etməsi gözlənilir. Görünür, bu da Ərdoğan hakimiyyətini narahat edir. Ona görə də, öz maraqları çərçivəsində Azərbaycanın maraqlarına zidd mövqe tutmağa məcbur olublar".
Son olaraq, onu qeyd etmək yerinə düşər ki, Ərdoğan hakimiyyətinin zaman-zaman türklərə, azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirən ermənilərə güzəştə gedilməsi onlara başucalığı gətirməyəcək. Ən azı Türkiyə ictimaiyyəti martın 29-da keçiriləcək bələdiyyə seçkilərində, daha sonra isə parlament seçkilərində AKP-yə "yox" deyəcək. Bu isə onların cəzalandırılması demək olacaq.