İkili standartlar və ya cavabı çətin olan növbəti sual
Xəbər verdiyimiz kimi, ötən ilin sonunda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi tərəfindən bu təşkilatın rəhbərliyinə ünvanladığı sorğu bəzi dairələrdə narahatlıq yaradıb. Sorğunun ünvanlanmasından 2 ay keçməsinə baxmayaraq, bu məktublar BMT-nin rəsmi saytında bir neçə gün öncə yerləşdirilib və bundan sonra Təhlükəsizlik Şurasında yayılıb. Bu sənədin yayılmasından sonra BMT TŞ-nin üzvü və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan 3 ölkənin neçə münasibət göstərəcəyi maraq doğururdu. Gözlənildiyi kimi, həmsədrlər 10 ildən çoxdur ki, çaldıqları köhnə bayatını yenidən yada salıblar və münaqişənin hərb yolu həllinin mümkün olmayacağını, danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayıblar.
Beləliklə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin Dağlıq Darabağ münaqişəsilə bağlı BMT-yə ünvanladığı sorğularına gözlənilən reaksiyanı veriblər. Minsk Qrupu həmsədrlərin ATƏT-in saytında dərc olunmuş bəyanatında qeyd edilir ki, 2008-ci il dekabrın 24-də və 29-da Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin sorğusu əsasında BMT-də 2 məruzə yayılıb. Bu sənədlərə cavab olaraq, həmsədrlər hesab edirlər ki, Dağlıq Qarabağ probleminin hərbi həlli yoxdur.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən isə bildirilib ki, söhbət daimi nümayəndə Aqşin Mehdiyevin ötən ilin sonunda təşkilatın baş katibinə göndərdiyi və BMT Təhlükəsizlik Şurasında yayılmış məktublardan gedir.
Nümayəndəlik rəsmisi deyib ki, bu məktublar dekabr ayında göndərilsə də, BMT-nin saytında bir neçə gün öncə yerləşdirilib və Təhlükəsizlik Şurasında yayılıb.
Qeyd edək ki, daimi nümayəndəmiz Aqşin Mehdiyev 24 dekabr 2008-ci il tarixli məktubda BMT-yə Azərbaycan dövləti adından iki sual ünvanlayıb. Bu suallar Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafında silahlı hücumunun təsdiqi və Azərbaycan Respublikasının hazırda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ermənistandan müdafiə olunmaq üçün özünümüdafiə hüququndan istifadə imkanları ilə əlaqədardır.
29 dekabr tarixli məktubda isə dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququna dair təməl normalar haqqında məruzə əksini tapıb.
Maraqlıdır, beynəlxalq hüquqa, BMT-nin və digər beynəlxalq təşkilatların da əsas prinsip hesab etdiyi ərazi bütövlüyünə, sərhədlərin dəyişilməməsi haqda qəbul olunmuş öhdəliklərə söykənən bir sənədi münaqişənin həllinə "yardım etmək" üçün təyin olunan həmsədrlər nə deyib etiraz edirlər? Üstəlik, bu sənəd bütün dünyanın gözü önündə ərazisi işğala, vətəndaşları terrora məruz qalmış, 1 milyon qaçqını olan, bütün beynəlxalq öhdəliklərə sadiq qalan və sülhpərvər siyasət yürüdən bir dövlət tərəfindən təqdim edilib.
Minsk Qrupunun həmsədrləri öz bəyanatlarında qeyd edirlər ki, "sözügedən hesabatların yayılmasından sonra prezidentlər İlham Əliyev və Serj Sarkisyan 2009-cu il yanvarın 28-də Sürixdə görüşüblər və dövlət başçıları özləri bu görüşü faydalı və konstruktiv qiymətləndiriblər".
Bunun məsələyə nə dəxli var, cənablar? Azərbaycanın dövlət başçısı münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edir, terrorçu dövlətin başçısı ilə görüşlər keçirir. Amma bütün bu səylər heç bir nəticə vermirsə, Minsk Qrpunun həmsədrləri danışıqları mümkün qədər uzatmağa və işğalçı dövlətin mənafeyinə uyğun razılaşmaya nail olmaq istəyirlərsə, o zaman nə edilməlidir?
Axı bu məsələ, nəhayət, həll olunmalıdır. Əgər dünya birliyi heç bir yolla bunu təmin edə bilmirsə, o zaman birincisi, bütün beynəlxalq təşkilatlar öz əhəmiyyətini itirir və ləvğ olunmalıdır, ikincisi, işğala və terrora məruz qalan ölkə özünümüdafiə hüququndan istifadə etməlidir. Bu hüququ həmin ölkənin əlindən kim və nə deyib ala bilər?
Hər hansı bir ölkənin, məsələn, elə Minsk Qrupunun həmsədrləri olan ölkələrin ərazisi işğal edilsəydi, 20 ilə yaxın sülh yolu ilə həll çalışmaları nəticə verməzdisə, onlar hansı yolu tutardılar? Bundan başqa, Rusiyanın federal subyekti olan Çeçenistan öz müstəqilliyini elan edəndə Moskva hansı prinsiplə oraya güclü hərbi müdaxilə etdi və xeyli vətəndaşını məhv etdi? Bax, həmsədrlərə bu sual ünvanlanmalıdır. Heç olmasa jurnalistlər tərəfindən.
Sonrakı açıq bəyanatlarında da prezidentlər Minsk Qrupunun vasitəçilik səylərinə bağlılıqlarını vurğulayıblar. Buna görə də həmsədrlər fevralın sonuna qədər əsas prinsiplərin razılaşdırılması cəhdlərini sürətləndirməkdə tərəflərə yardımçı olmaq üçün bölgəyə səfər edəcəklər.
"Minsk Qrupunun həmsədrləri sülh prosesinin hüquqi və ya tarixi diskussiyalarla pozulmasına yol verməyəcəklər, ancaq onlar tərəflərin tarixi məsələlərlə bağlı qayğılarına həssas yanaşacaqlar"- deyə bəyanatda vurğulanır.
Həmsədrlər hesab edirlər ki, yuxarıda bəhs olunan hesabatlar Minsk Qrupu çərçivəsində aparılan danışıqlara və prezidentlərin 2 noyabr 2008-ci il tarixli Moskva Bəyannaməsində əksini tapan öhdəliyə uyğun olaraq münaqişənin dinc və siyasi yolla həllinə təsir göstərməyəcək.
Moskva Bəyannaməsi problemin sülh yolu ilə həll olunması nəzərdə tutur. Amma burada söhbət ondan gedir ki, bu münaqişə ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Yalnız bu zaman hərbi yola ehtiyac qalmır. Bu səbəbdən də həmsədrlərin təşvişə düşməsi anlaşılan deyil (əslində, anlaşılandır).
Ümumiyyətlə, dünyada tətbiq olunan ikili standartlar son illərdə özünün kulminasiya mərhələsinə çatıb. Elə regiondakı sonuncu böyük qarşıdurmanı- Rusiya-Gürcüstan savaşına diqqət yetirmək kifayətdir. Gürcüstan öz ərazisində yaradılmış separatçı qurumlarla uzunsürən sülh danışıqlarının heç bir nəticə vermədiyini görüb, hərbi yola əl atdı. Bu zaman dünyada sülhdən və mehriban qonşuluqdan dəm vuran Rusiya Gürcüstana güclü hərbi təcavüz sərgilədi və həm Cənubi Osetiyanı, həm də Abxaziyanı tam ələ keçirdi.
Bununla da Rusiya dövlətlərin ərazi bütövlüyü prinsipinə və beynəlxalq hüquqa hörmət etmədiyini nümayiş etdirdi. Özü də bu nümayiş sülhpərvər dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların gözü önündə baş verirdi...
Burada bir məqama da diqqət yetirməmək olmaz. Gürcüstan öz ərazi bütövlüyün müdafiəsinə qalxanda dünya ölkələri, beynəlxalq təşkilatlar onu müdafiə etdilər. Bu zaman hətta dünyanın superdövlətlərindən olan Rusiya kimi nəhənglə "üz-göz" olmağı da gözə aldılar. Eyni durumda olan Azərbaycana isə tamamilə başqa standartlar tətbiq olunur. Burada haqlı olaraq meydana bir sual çıxır: "əcaba, bu dünya gücləri nədən böylə ediyorlar"?
Bəzi siyasi müşahidəçilər deyəndə ki, burada din amili var, yəni gürcülər və ermənilər xristian, bizsə müsəlmanıq- adamın onları qınamağa əsası olmur. Yoxsa regionda ABŞ-ın strateji müttəfiqi, Avropanın enerji ümidi olan və strateji coğrafi şəraiti ilə iki qitə arasında mühüm məkan olan Azərbaycan nədən ikili standartlara məruz qalsın?
Bu suallar beynəlxalq təşkilatlardakı Azərbaycan nümayəndə heyətləri tərəfindən sürəkli tərzdə ünvanlasa da, bir normal cavab alına bilmir. O zaman başqa hansı yol qalır ki? Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev də məhz bu suallara cavab almağa çalışmışdı. Deyəsən, sual çox çətin olub. Daha doğrusu, sual yox, cavabı.