PDF Oxu

Araşdırma

  • 11

Türkiyə diplomatiyası susur

Türkiyə diplomatiyası susur
Son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Ankaranın mövqeyi ölkə mediasında geniş müzakirələrə səbəb olan mövzulardan biridir. "Azadlıq" radiosunun Ermənistan xidmətinin Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağla bağlı şərtdən imtina etdiyi barədə məlumatı sözün əsl mənasında çaşqınlıq yaradıb. Türkiyə diplomatiyası isə susur. Türkiyənin Xarici İşlər Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyi heç bir halda "Türkiyə Ermənistanla danışıqlarda Dağlıq Qarabağ şərtindən imtina etdimi, etmədimi?" sualına cavab vermir.
Qeyd edək ki, fevralın 12-də Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Goranboy rayonunda cəbhə xəttində olduğu zaman KİV-lərə Dağlıq Qarabağ məsələsində Ankaranın ənənəvi mövqeyini açıqlamışdı. Bundan bir saat sonra "Azadlıq" radiosunun Ermənistan xidmətinin məlum xəbəri yayıldı və media yenidən H.Kılıça müraciət edərək bu məsələni şərh etməsini istədi. Səfir həmin vaxt APA-ya bildirmişdi ki, o, Gəncədən Bakıya qayıdır və gəldikdən sonra məsələ ilə maraqlanıb mətbuata açıqlama verəcək. Bununla yanaşı, H.Kılıç bu məsələyə inanmadığını da ifadə etmişdi. Lakin nə həmin gün, nə də sonrakı bir həftə ərzində medianın çoxsaylı müraciətlərinə baxmayaraq Türkiyə səfirindən bir söz belə qoparmaq mümkün olmadı. Onun son sözü "mən küçədə danışan səfir deyiləm" kəlməsi oldu. Türkiyənin Xarici İşlər Nazirliyi də Azərbaycan mediasının üzünə qapandı və heç kəs çox qısa və konkret olan suala cavab vermədək istəmədi. Fevralın 13-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin "Anadolu" agentliyinə göndərdiyi açıqlamasında belə qeyd edib: "Hazırda Türkiyə ilə Ermənistan arasında məqsədi iki ölkə əlaqələrinin normallaşdırılması olan bir proses yaşanmaqdadır. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında da dialoq prosesi var. Hər iki proses paralel aparılır. Bir tərəfdəki müsbət inkişafın digər tərəfə də müsbət təsir edəcəyi gözlənilir. Mətbuat orqanlarında zaman-zaman çıxan və müəyyən duyumlar üzərində qurulan xəbərlər haqqında fikir bildirməyi doğru saymırıq". Göründüyü kimi, Əli Babacanın ənənəvi ifadələrinin təkrarından və konkret mövqe bildirməməkdən o yana gedən heç nə yoxdu.
Maraqlıdır ki, Türkiyə Xarici İşlər Nazirliyi davamlı susqunluq nümayiş etdirdiyi halda, baş nazirin müavinləri açıqlamalarla çıxış etdilər. Bu isə bir neçə ehtimala yol açır. Birinci ehtimal: Hökumətin bir qisminin bu danışıqlardan xəbəri yoxdu; ikinci ehtimal, Türkiyə hakimiyyətində bu mövqeyi bölüşməyənlər var; üçüncü ehtimal, Türkiyə-Ermənistan danışıqlarını aparmayan dövlət nazirlərinin və ya millət vəkillərinin bu mövzu ilə bağlı verdikləri açıqlama xüsusi məsuliyyət yaratmır. Onlar istədikləri vaxt aparılan ikitərəfli danışıqlarda iştirak etmədiklərini deməklə, söylədiklərinin əhəmiyyətini sıfıra endirə bilərlər. Danışıqların birbaşa iştirakçısı olan Əli Babacan isə danışmamağı tərcih edir və bunu mediaya da açıq-açığına söyləyir. Məsələyə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan münasibət bildirdi: Amma Ərdoğan yenə çoxlu sualı cavabsız buraxdı. Türkiyə-Ermənistan münasibətlərində Dağlıq Qarabağ məsələsi nə qədər önəmlidir? Ermənistan Dağlıq Qarabağı işğaldan azad etməsə, Türkiyə bu danışıqlarını nə qədər davam etdirəcək? Dağlıq Qarabağ problemi həllini tapmadan Türkiyə Ermənistanla sərhədi aça bilərmi? Bağlı qapılar arxasındakı danışıqların Azərbaycanla bağlı hissəsi açıqlanacaqmı, yoxsa yalnız söylənmək istənilənlər söylənəcək?
Türkiyə xarici işlər nazirini və Azərbaycan böyük elçisini bu suallara diplomatik, amma diplomatik olduğu qədər də açıq cavab almaq üçün axtarırıq.

Digər xəbərlər