ABŞ-Azərbaycan münasibətlərində yeni çalarlar...
Xarici dövlətlərlə bərabərhüquqlu münasibətlərin formalaşması, yaranmış münbit zəmin üzərində bu əlaqələrin inkişafı rəsmi Bakının xarici siyasətdəki öncüllüklərindədir. Azərbaycanın ABŞ-la münasibətləri də bu kriteriyalara söykənir.
Bu gün ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, həm də tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək münasibətlər mövcuddur. Bunlar müsbət diplomatik jestlər olmaqla yanaşı, əməkdaşlığın perspektivləri baxımından əlverişli mühitin formalaşdırılması, əlaqələrin inkişafına ruhlandırılması baxımından da əhəmiyyətli addımlardır. Eyni zamanda, qarşılıqlı səfərlər tərəflər arasında dialoqun inkişafına yardımçı olub. Azərbaycanla ABŞ arasında əlaqələrin inkişafı isə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin fəaliyyəti danılmazdır. Məhz ulu öndərin səyləri nəticəsində ilk dövrlərdə, əsasən, enerji sahəsini əhatə edən əməkdaşlıq istiqamətləri genişləndirildi, əlaqələr bütün iqtisadi-siyasi, ictimai-humanitar detalları ilə dərin xarakter aldı. Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə əlaqələrə daha geniş inkişaf perspektivləri açdı.
Bu gün Azərbaycanda demokratiyanın inkişafında və təhlükəsizliyin təmin olunmasında superdövlətin verdiyi töhfələr danılmazdır. İqtisadi resursları və bölgədə azad əməkdaşlıq məkanının yaranması üçün tarazlaşdırılmış siyasət yürüdən Azərbaycanın regionda liderliyini qəbul edən Vaşinqton yaxşı anlayır ki, regional sabitlik üçün Azərbaycanın potensialından bəhrələnmək lazımdır. Buna ölkəmizin mövcud iqtisadi potensialı, geocoğrafi mövqeyi və siyasi qətiyyəti zəmanət verməkdədir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan böyük enerji layihələrinə Birləşmiş Ştatların verdiyi dəstək son məqamda həlledici təsirə malik olub. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında Amerikanın dəstəyi xüsusi rol oynayıb. Superdövlətin bu siyasəti davam etdirməsi bu gün digər regional layihələrin reallaşması üçün əlverişli zəmin yaradıb. Transxəzər və NABUCCO layihələrinə Amerikanın marağının artması bu tranzit marşrutlarının çəkilişinə ən böyük dəstək kimi səciyyələndirilə bilər. Azərbaycanla ABŞ arasında enerji, nəqliyyat sahəsində əlaqələrin digər dövlətlər üçün də töhfəsi diqqətdən qaçmamalıdır. Belə ki, bu gün GUAM ölkələri, eləcə də, Şərqi Avropa dövlətləri bu imkanlardan istifadə edərək enerji təhlükəsizliyini təmin edir, nəqliyyat-kommunikasiya sistemlərini formalaşdırır.
Ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti Amerikanın istər iri sənaye qrupları, istərsə də iş adamları tərəfindən artan sərmayə qoyuluşlarında özünü göstərir. "Ekson-Mobil", "Statoyl" kimi nüfuzlu şirkətlərlə bərabər, amerikalı iş adamlarının Azərbaycan iqtisadiyyatındakı fəaliyyəti neft-qaz sahəsi ilə bərabər, iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Bu, energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, yeyinti sənayesi və digər bölmələrdə inkişaf edərək yeni sahələr üçün yol açmaqdadır. Məsələn, son iki ildə amerikalıların aqrar sahəyə marağı daha çox artıb və sərmayə qoyuluşları ilə bağlı bir neçə layihə hökumətə təqdim olunub. Ölkəmizin pambıqçılıq, üzümçülük, çayçılıq və zeytun emalı sənayesinə amerikalıların investisiya yatırmaq planları var. Ümumilikdə, ABŞ ərazi baxımından Azərbaycanın ən uzaq tərəfdaşlarından olsa da, ölkələr arasında sıx ticarət münasibətlərinin mövcudluğu münasibətlərin yüksək olmasının göstəricisi sayıla bilər. Məsələn, tərəflər arasında mal dövriyyəsinin həcmi 550 milyon dollara bərabərdir və bunu kiçik rəqəm hesab etmək olmaz. Məsələ bundadır ki, ticarət münasibətlərində ABŞ-ın fəallığı daha çox nəzərə çarpır və bu da Vaşinqtonun təşəbbüskarlığının hər il artması kimi dəyərləndirilə bilər. Hər iki ölkənin əməkdaşlığın bütün sahələrində birgə mövqe nümayiş etdirməsi və əlaqələrin gələcək inkişafı üçün baza yaradan siyasi qərarlar qəbul etməsi Azərbaycan-ABŞ müttəfiqliyinin uzunmüddətli və davamlı olacağını şərtləndirir.
ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi önəm bu ölkənin Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində oynadığı roldan da aydın sezilir. Superdövlət bu problemin tənzimlənməsində həmişə aktiv iştirakı ilə seçilir və rəsmi Vaşinqton mövqeyini bəyan edərkən, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sərhədlərin dəyişilməsinin qeyri-mümkünlüyünü vurğulayır. Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Çünki baş verə biləcək müharibə regional təhlükəsizliyə zərbə ola bilər. Xəzərin enerji resurslarının, xüsusilə də, Türkmənistan və Qazaxıstan neftinin Avropaya çıxışına istifadə ola biləcək ən yaxşı tranzit məkanı Azərbaycan olduğundan ABŞ bölgədə müharibənin baş verməsini istəmir. Ümumiyyətlə, Amerika Azərbaycanın sülhpərvər mövqeyini alqışlayaraq, ölkəmizin dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında fəallığını həmişə bəyanatlarında xüsusi qiymətləndirir. ABŞ Azərbaycanın Avropa Birliyinə və dünya iqtisadiyatına inteqrasiyasında xüsusi dəstəyi ilə seçilir və bu sahədə ölkəmizə texniki yardım proqramlarını davam etdirməkdədir. Ölkəmizin Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində aparılan təşəbbüslərdə də bu ölkənin aktivliyini hiss etmək mümkündür.
O da xüsusi olaraq vurğulanmalıdır ki, ötən ilin avqust ayında Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı təcavüzündən sonra ABŞ-Azərbaycan münasibətləri daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Heç kəsə sirr deyil ki, bu gün Rusiya ABŞ-ın maraqları üçün ciddi təhlükədir və Vaşinqton bölgədəki müttəfiqlərinin yardımına ciddi ehtiyac duyur. Azərbaycan isə bu gün regionda lider dövlət olmaqla yanaşı, Cənubi Qafqaz ölkələri sırasında regional təhlükəsizliyin təmin olunmasına ən çox töhfə verən ölkədir. Azərbaycanın da bu sahədəki mövqeyini möhkəmləndirməsi üçün ABŞ-ın dəstəyinə ciddi ehtiyac var. Bir sözlə, dəyişən geosiyasi şərtlər bu iki dövlət arasında tellərin daha da möhkəmləndirilməsini zəruri edir.