PDF Oxu

Araşdırma

  • 13

Dağlıq Qarabağ münaqişəsi öz həllinə doğru yaxınlaşır?

Dağlıq Qarabağ münaqişəsi öz həllinə doğru yaxınlaşır?

Artıq uzun illərdir ki, həll olunmayan Dağlıq Qarabağ məsələsi yenidən gündəmə qayıdır. Münaqişənin həlli istiqamətində Azərbaycan tərəfinin illərdir apardığı həm diplomatik, həm də informasiya mücadiləsi artıq öz bəhrəsini verməkdədir. 2008-ci ildə bu uğurlar özünü maddi tərəfdən də ortaya qoymağı bacardı. Həm NATO-nun Buxarest sammitində, həm də BMT Baş Məclisinin 62-ci sessiyasında qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə bunu deməyə əsas verir. Bununla yanaşı, həm bölgədə, həm də bölgədən kənarda gedən proseslər münaqişənin həlli istiqamətində aparılan danışıqların intensivləşməsinə stimul verir.

Bölgə uğrunda gedən savaş...

Bu, bir həqiqətdir ki, Cənubi Qafqaz uğrunda gedən mübarizə "savaşın" hər iki qütbündə yer alan tərəflərin hədəfidir. Bu hədəf uğrunda bütün vasitələrdən istifadə etməyi belə düşünən güc mərkəzləri var qüvvələrini nümayiş etdirirlər. Avqust ayında reallaşan Gürcüstan-Rusiya qarşıdurması buna bariz misal sayıla bilər. Təbii ki, ortada hər hansı Cənubi Osetiya və ya Abxaziya və ya digər bir səbəbin varlığı yalnız bəhanə statusu daşıyır. Yəni, Rusiya ilə Qərbin, daha doğrusu, NATO-nun arasındakı ikinci soyuq müharibənin ilkin simptonları özünü Gürcüstanda üzə çıxardı. Amma RLS, diplomatik mübarizə, iqtisadi  rıçaqlardan maksimum istifadə də buna hazırlıq mərhəsi sayıla bilər. Bəli, ən əsası bugünün Cənubi Qafqazı hər iki tərəf üçün, hətta "ölüm-dirim" meydanını xatırladır.
Avropa regiondan yalnız bir məqsədlə istifadə etmək fikrindədir: məhz Cənubi Qafqaz enerji xəttləri "köhnə dünyanı" Rusiyanın monopoliyasından xilas etmək iqtidarındadır. Bunun üçünsə, ən azı Gürcüstanı nəzarətdə  saxlamaq lazımdır. Mənzərə belədir: bölgənin bir dövləti - Ermənistan tam şəkildə Rusiyanın nəzarətindədir. Gürcüstan isə Qərbə yaxınlığı ilə seçilir və son dövrlərdə NATO-ya daxil olmaq üçün bütün imkanlarını səfərbər edib. Yalnız Azərbaycan müstəqil siyasət yürüdə bilir ki, bunu da avqust qarşıdurmasında tutduğu mövqe ilə sübuta yetirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, NABUCCO və bu kimi qlobal miqyaslı layihələrin reallaşması üçün ixrac yolu sayılan Azərbaycan-Gürcüstan-Türkiyə transxətti Avropanın alternativ "ağciyəri" statusuna istiqamətlənib.
Qarşılığında Rusiya bu xəttin Avropanı enerji nəzarətindən çıxarmaq üzrə olduğunun şahididir. MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Ölkələrinin yenidən bir araya gəlməsi və qoşun yaratması sevdası da, məhz bu amildən qaynaqlanır. Rusiya ABŞ-ın Avropa planlarına qarşı Belorusu dövrəyə salıbsa da, Cənubi Qafqazdakı for-postu Ermənistandan lazımınca bəhrələnə bilmir. Bu üzdən də istiqamət və münasibət dəyişir.
Bir neçə ay öncə Moskvada imzalanan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bəyənnamə də, məhz bunun nəticəsidir. Rusiya Ermənistana kömək etdikcə, işğalçı siyasətə göz yumduqca dərəyə yuvarlanır. Güclü Azərbaycanla zəif Ermənistan ucbatından əlaqələri soyuqlaşdırmaq indiki məqamda Rusiyanın ən son istəyidir. Bu istək isə regionda yeni münasibətlərin formalaşmasına, yeni situasiyanın yaranmasına şərait yaradır.

ATƏT + Türkiyə variantı  necə meydana çıxıb?

Avqust qarşıdurmasının ardından bölgəyə dalbadal səfər edən Qərb diplomatları aşkar şəkildə dondurulmuş münaqişələrin irimiqyaslı enerji layihələrə əsil təhlükə olduğunu dilə gətirdilər. Hətta ABŞ-ın vitse-prezidenti Dik Çeyni Cənubi Osetiya və Abxaziyanın Dağlıq Qarabağdan daha zəif təsir qüvvəsinə malik olduğunu dedi. Səbəb isə ermənilərin tez-tez Azərbaycanın iştirakı ilə reallaşan enerji xətlərini partladacağı hədələrini səsləndirməsidir. Məhz bu üzdən də bu münaqişələr tez bir zamanda həll edilməlidir. Amma həll variantı necə seçilməlidir?
Bax, bu zaman yeni dövlət dövrəyə qoşulur. Qoşulmanın səbəbi isə bəllidir. ATƏT-in vasitəçi qismində təqdim olunan ölkələrinin, ən azı çoxusu ermənipərəstliyi ilə seçilir. Bölgədə sabitliyi əldə etmək üçün yeni, regionda daha çox nüfuzu olan və ən əsası NATO-ya yaxın bir ölkə seçilməli idi. Bu, Türkiyə oldu. Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ideyasının yenidən doğulması buna xidmət edir. Türkiyə ən azı anti-Rusiya "koalisiyasında" yer almır və rəsmi Ankarının Kremlə münasibəti digərlərindən daha istidir. Bölgənin neytral görüntüsünü yaratmaq üçün bu dividenddən istifadə olunmalıdır. Bir müddətdir ki, Türkiyənin ATƏT həmsədrlərindən daha çox Dağlıq Qarabağ münaqişəsinin həllinə vaxt ayırması bunun nəticəsidir və artıq qarşılıqlı səfərlər müəyyən uğurdan söz açmağa imkan verir.
Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvüdür, NATO-nun ən sadiq üzvlərindəndir. Nəzərə alanda ki, rəsmi Ankara həm də Şərqin önündə addımlayır, demək, problemin həllində rol oynaya bilər. Ermənistanın həm iqtisadi, həm də siyasi cəhətdən dalana dirənməsini sakit bir şəkildə Sarkisyana izah etməyi bacaran Türkiyə rəsmilərinin Azərbaycana "qardaş" olması daha çox işə yarayandır. Ən azından Türkiyə Azərbaycanın ədalətli və beynəlxalq hüquq normaları əsasında haqqını tələb edə bilər. Buna isə şübhə etmək olmaz.
Türkiyə xarici işlər naziri Əli Babacanın budəfəki səfəri o qədər də proqnozlaşdırılmaya ehtiyac duymur. Ermənistan rəhbərliyi ilə görüşün arxasından Bakıya gələn XİN başçısının, təbii ki, ən əsas qayəsi münaqişənin tənzimlənməsində əsas rol alan ölkələrin başçılarını bir araya gətirmək və Ermənistanı işğalçı siyasətdən  əl çəkməyə yönləndirməkdir. Babacan bu işin qardaş Azərbaycanın hüquqlarının qorunması çərçivəsində həllinə çalışır. Ən əsası və ən düzü budur.
ATƏT rəsmisi Qoran Lenmarker də ümidli danışır. Hətta nəinki 2009-cu il ərzində həllin mümkünlüyünü dilə gətirmir, yaza qədər yeni  sevindirici xəbərin gələcəyini düşünür. Nəzərə alsaq Cənubi Qafqaz bölgəsində olan dondurulmuş münaqişələrin həlli istiqamətində böyük təcrübəyə malik Lenmarkerin bu fikri səsləndirməsi heç də jest sayıla bilməz, o baxımdan ki, ATƏT kimi nüfuzlu bir təşkilatın rəsmisinin bu qədər açıq danışması əsil səbəblər olmalıdır, demək, yaxın zamanlarda hansısa yeni bir prosesin, daha ciddi və konstruktiv addımların atılmasına ümid etmək olar. Əlbəttə ki, hər zaman olduğu kimi, Ermənistan tərəfi yeni bir "oyunla" bu prosesə maneçilik törətməsə...

Digər xəbərlər