PDF Oxu

Araşdırma

  • 11

Əcnəbi əmək miqrantları ilə bağlı qanun sərtləşdiriləcək

Əcnəbi əmək miqrantları ilə bağlı qanun sərtləşdiriləcək
Hökumət ölkədəki xarici işçi qüvvəsinin əmək qanunvericiliyinin tələblərinə riayət etməsi və qanunda nəzərdə tutulan tələblərin pozulmasına görə, şərtləri sərtləşdirmək niyyətindədir. Respublikamızda fəaliyyət göstərən əcnəbi iş adamlarının, eləcə də fiziki şəxslərin əmək hüquqlarının pozulması hallarına yol verməsinin qarşısını almaq məqsədilə cərimə və sanksiyalarla yanaşı, onların müvafiq qaydada məsuliyyətə cəlb olunması da istisna olunmur.
Bundan başqa, ölkəyə xarici işçi qüvvəsinin leqallaşdırılması üçün ciddi ölçülərin götürülməsi nəzərdə tutulur. Bu və digər tədbirlər Əmək Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapacaq.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla əlaqədar təkliflərini ümumiləşdirərək parlamentə təqdim etməyə hazırlaşır.   Xarici işçi qüvvəsi ilə bağlı dəyişikliklər, əsasən, yerli vətəndaşların əmək hüquqlarının qorunmasına xidmət edir. Belə ki, bu gün ölkəmizə kütləvi şəkildə xarici işçi qüvvəsi daxil olur. Onların əksəriyyəti qeydiyyatda dayanmayıb. Mövcud qanunlara əsasən, Azərbaycana gələn hər bir əcnəbi işçi Sosial Müdafiə Mərkəzlərində qeydiyyata alınmalı və hər ay sosail ödənişləri həyata keçirməlidir. Statistika göstərir ki, ölkəmizə gələn işçilərin 10-15 faizi qeydiyyata düşür. Son zamanlar Asiya və Afrikadan gələn miqrantlar daha çox qanunları pozurlar. Çin, Hindistan, Anqola, Nigeriya, İran və sair dövlətlərə məxsus miqrantlar qanunsuz fəaliyyət göstərirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq yeni qaydaların qüvvəyə minməsindən sonra bu cür halların mümkün olmayacağına əmindir. Yeni qaydalara əsasən, işə cəlb olunan hər bir xarici vətəndaş Azərbaycanda il ərzində əmək fəaliyyəti ilə məşğul olması üçün 1000 manat dövlət rüsumu ödəyəcək. Ən əsası isə odur ki, müəssisə rəhbəri, yəni işəgötürən ilk növbədə, işçinin iş keyfiyyətlərinin nəzərə almalıdır, əgər yerli kadr həmin sahədə daha yaxşı çalışırsa, onda əcnəbi işçiyə ehtiyac olmayacaq. Yəni, miqrantaların iş fəaliyyəti və çalışdığı sahələr üzrə profili ilə bağlı vəziyyətə də nəzarət edəcək. Xarici ölkələrdən Azərbaycana lazımsız ixtisas və peşələr üzrə işçilərin gətirilməsinin qarşısı alınacaq. Azərbaycan bu gün digər ölkələrlə müqayisədə daha çox xarici işçi qüvvəsi qəbul edir. Onların bir çoxunun əmək bazarında fəaliyyətinə lüzum yoxdur. Xarici mütəxəssislərin gördüyü işi yerli mütəxəssis bacarırsa, əcnəbilərə məhdudiyyət qoyulacaq. Əmək Məcəlləsində bu məsələ nəzərə alınacaq və işəgötürən yerli kadrı qoyub, xarici işçi qüvvəsi ilə əmək müqaviləsi bağlasa, cərimə olunacaq. Onun təxminən 30-35 min manat cərimə olunması nəzərdə tutulur.
 Nazirliyin mütəxəssiləri yeni təkliflərin mütərəqqi xarakter daşıdığını və yerli işçi qüvvəsinə stimul yaradılması məqsədini daşıdığını bildirirlər. Xaricilərlə yerli işçilər arasında əmək bölgüsündə fərqin aradan qaldırılması, onların əməyinin maddi dəyərinin ödənilməsi, sosial güzəştlər və digər məqamlar da ƏƏSMN-nin təkliflərində yer alıb. Nazirlik, təkcə, xarici vətəndaşlarla bağlı problemi deyil, yerli vətəndaşların əmək hüquqlarının pozulmasına səbəb olan işəgötürənlərin yaratdığı çətinlikləri də aradan qaldırmaq niyyətindədir. Yeni təkliflərdə daxili işçi bazarında işçilərin əmək hüquqları ilə bağlı sahələrin təkmilləşdirilməsi daha vacib sayılır. Bu gün bir çox işəgötürənlər işçilərlə əmək müqaviləsi bağlamır. Ölkəmizdə 4 milyona yaxın işləyən insan var, amma onların cəmi 1 milyon 400 min nəfəri əmək müqaviləsi əsasında çalışırlar. İşəgötürənlər, təbii ki, bundan öz məqsədləri üçün sui-istifadə edirlər. İşəgötürənlər bu boşluqdan istifadə edərək, onların sosial müdafiəsi üçün normal şərait yaratmırlar. İşçilərin heç bir əsaslı səbəb olmadan işdən azad olunması, onlara kompensasiya verilməməsi və digər məsələlər əmək müqavilələrinin olmaması səbəbindən baş verir. Bu şəxslərin gələcək sosial müdafiəsi barədə təminatın verilməməsi də işəgötürənlərin qanunları pozmasının nəticəsidir.
  Əmək Məcəlləsində bu məsələnin ciddi həllini tapması və sərtləşdirilməsi qərara alınıb. Eləcə də hərbçilərlə bağlı vəziyyətin aydınlaşdırılması nəzərdə tutulur. Məlum olduğu kimi, bir çox işçi hərbi xidmətə gedir və hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki iş yerlərinə bərpa oluna bilmirlər. Əmək Məcəlləsinin 77-ci maddəsinə təklif olunan 9-cu hissədə bu problem aradan qaldırılır. Həmin hissədə göstərilir ki, hərbi və alternativ xidmətə çağırılanadək işləmiş şəxslər xidmət müddəti qurtardıqdan sonra 30 təqvim gününədək həmin müəssisədə əvvəlki və ya buna bənzər vəzifəyə (peşəyə) işə girmək hüququna malikdirlər. Əks halda müəssisə rəhbəri cəzalandırıla bilər.

Digər xəbərlər