PDF Oxu

Araşdırma

  • 13

Konstitusiyaya əlavə və dəyişikliklər zamanın tələbidir

Konstitusiyaya əlavə və dəyişikliklər zamanın tələbidir
Görüşdə "Hüquq və demokratiya" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümyəndəsi, millət vəkili Fuad Muradov çıxış etdi. F.Muradov bildirdi ki, cəmiyyətlərin inkişaf səviyyəsinin göstəricilərindən biri, müasir parametrlər baxımından birincisi, onun özünütənzimləmə funksiyasının hərəkətverici qüvvəsi olan hüquqi bazadır. Hüquqi bazanı formalaşdıran qanunvericilik aktları nə qədər təkmil, qanunların işləmə mexanizmi nə qədər praktik, cəmiyyətin qanunlara əməletmə əmsalı nə qədər yüksək olarsa, özünütənzimləmə indeksi də düz mütənasib qaydada artar. Təbii ki, cəmiyyət həyatının bütün sahələrini və bütün sosial zümrələrinin, ictimai-siyasi kəsimlərinin mənafelərini əbədiyaşar bir qanunla ifadə etmək, sadəcə, mümkünsüzdür. Odur ki, zaman və məkanından, ictimai-siyasi formasiya fərqlərindən asılı olmayaraq, bütün dövlətlərdə yüzlərlə qanunlar qəbul edilir və bu qanunlar vasitəsilə təsbitlənmiş hüquq və vəzifələr, qadağalar cəmiyyətdəki hər bir fərd üçün eyni dərəcədə təsir gücü olan normativlərə çevrilir. Amma bu, həmin qanunvericilik aktlarının ehkamlaşması demək deyil. F.Muradov 29 maddəyə təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə geniş açıqlama verdi: "Xüsusilə, Konstitusiyanın 32-ci maddəsinə (Şəxsi toxunulmazlıq hüququ) təklif edilən dəyişikliyin mahiyyəti barədə fikir söyləmək istərdim. Bu gün ölkəmizdə hər bir vətəndaşın şəxsi toxunulmazlıq hüququ var. Bu maddəyə edilən dəyişiklik daha çox kütləvi informasiya vasitələri ilə cəmiyyət, habelə, dövlət məmurları arasında münasibətlərin sivil, qanunauyğun məcrada tənzimlənməsi, ciddi jurnalistikanın nüfuzuna xələl gətirən "reket qəzetlər"ə qarşı qanun çərçivəsində mübarizənin gücləndirilməsi baxımından da, son dərəcə aktualdır. Son 10 ildə respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinin müstəqilliyi, azad sözün tam bərqərar olması istiqamətində prinsipial addımlar atılmış, senzura ləğv olunmuş, mətbuata hərtərəfli dövlət qayğısı göstərilmişdir. Bir sözlə, referendum aktında əksini tapmış əlavə və dəyişikliklər Azərbaycanın müasir inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə uzlaşaraq, ölkənin siyasi, sosial-iqtisadi inkişafının mahiyyətindən doğur, sabit və davamlı inkişaf perspektivlərinə əlverişli şərait yaradır". F.Muradovun sözlərinə görə, ölkənin davamlı inkişafı naminə bu dəyişikliklərə getmək vacibdir: "Bəzi müxalifət partiyaları fəaliyyətimizə qara yaxmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Onlar yalnız fikirlərini 101-ci maddəyə təklif edilən dəyişikliklər əsasında qururlar. Hesab edirəm ki, biz əsaslı arqumentlərlə onların əks-təbliğatının qarşısını alacağıq". Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüş zamanı bu dəyişikliklərin sosial sifariş olduqlarını bildirdilər. Seçicilər "Səs" qəzetinə verdiyi müsahibələrdə bu dəyişikliklərlə martın 18-də keçirilən Referendumda fəallıq nümayiş etdirəcəklərini qeyd etdilər. Ramiq Mustafayev, Badamdar bələdiyyə sədrinin müavini: - Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun mahiyyətinin doğru-düzgün cəmiyyətə çatdırılmasında bu cür tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da, referendum layihəsinin kerçəkləşdirilməsi üçün, mütəmadi olaraq, ictimai maarifləndirməyə böyük ehtiyac vardır. Konstitusiya islahatları vətəndaşlarımız və dövlətimiz üçün çox gərəkli addımdır. İnkişafda olan Azərbaycan cəmiyyəti bu gün ən uyğun olan qaydaları məhz özü gerçəkləşdirir. Ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərin hər birinin vətəndaş hüquq və azadlıqlarının qorunması baxımından zəruri prinsiplərlə bağlıdır. R.Mustafayev qeyd etdi ki, heç bir dövlətin Konstitusiyası əbədi yazılmayıb və tarixin müxtəlif dövrlərində situasiyadan asılı olaraq dəyişikliyə məruz qalır. Çünki cəmiyyətin tərəqqisində qanunların da bu istiqamətdə rolunu tənzimləmək üçün mövcud qaydaların uyğunlaşması olduqca vacibdir. Azərbaycan da bu baxımdan mütərəqqi ideyalardan geridə qalmır. Eyni zamanda, ən maraqlı cəhət Konstitusiyaya edilən təkliflərdən biri də hüquqi müstəvidə insanların hüquq və azadlıqlarının günün tələbləri qaydasında təminatına zəmanət vermək üçün mövcud qanunların dəyişilməsi zamanın tələbidir: "Bu gün hər bir Azərbaycan vətəndaşı ətrafda olan hadisələri və prosesləri çox gözəl dərk edir. Ona görə də indiki şəraitdə ictimai şüurada hər hansı bir olayı gizlətmək qeyri-mümkündür. Elə bu səbəbdən də YAP-ın təşəbbüsü ilə Konstitusiyanın 29 maddəsin təklif olunan əlavə və dəyişikliklər özlüyündə demokratik prinsiplərin göstəricisidir. Bu gün martın 18-də keçiriləcək referendumla bağlı bütün məlumatların cəmiyyətə çatdırılması çox vacibdir. Çünki hər bir ölkə vətəndaşı səsvermə günü seçki qutusuna yaxınlaşdıqda, hansı məqsədlə səsvermədə iştirak etdiyini bilməlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hər bir ölkənin Konstitusiyası əbədi olan qanunlarla təsbit olunmayıb." Həsənov Telman , ikinci qrup Qarabağ əlili, Səbail rayon Qarabağ Əlil və Şəhidlər İctimai Birliyinin sədr müavini: - Bu gün respublikamızın hər yerində növbəti əlamətdar kampaniya başlayıb. Mart ayının 18-də Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. 29 maddəyə edilən əlavə və dəyişikliklər Azərbaycan dövlətinin tərəqqisinə, xalqımızın inkişafına müsbət təsir edən təkliflərdir. Bu baxımdan, bu gün hər bir seçici öz əsas ana qanununu daha müəkəmməl təkmil olması üçün referendum günü fəallıq nümayiş etdirməli və bu təkliflərə öz münasibətini bildirməlidir. Məlum olduğu kimi, 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən ilk müstəqil Konstitusiyamız qəbul olunmuş və 2002-ci ildə keçirilən referendum zamanı müəyyən müddəalarında dəyişikliklər edilmişdir. Konstitusiyaya edilən əlavə və dəyişikliklər qanunauyğun haldır. Çünki Azərbaycan son illər ərzində çox sürətli iqtisadi inkişaf yolu keçmiş, büdcəmiz on dəfə artmışdır. Eyni zamanda, ölkə Prezidenti İlham Əliyev cənablarının Azərbaycana rəhbərlik etdiyi müddətdə əhalinin sosial-rifah halının günbəgün yaxşılaşması onu bir daha sübut edir ki, xalqımız bu referendumda da fəal iştirak edəcəklər. Vaqif Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı: - Bu gün biz böyük bir sınaq qarşısındayıq. Martın 18-də xalqımız üçün uğurlu bir gün Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referenduma səs verəcəyik. Azərbaycan Konstitusiyası MDB məkanında insan hüquq və azadlıqlarının yer aldığı konstitusiyalardan birincisidir. Çünki bizim Konstitusiyamızda olan maddələrdən 30-dan çoxu insan hüquq və azadlıqları ilə bağlıdır. Bu maddələrə də əlavə və dəyişiklər edilməsi təbiidir. Hətta ABŞ konstitusiyası qəbul olunandan sonra hüquq və azadlıqlarla bağlı maddələrində 20-dən çox dəyişikliklər aparılıb. V.Hüseynov onu da qeyd etdi ki, Konstitusiyanın 12-ci maddəsinə insan və hüquq azadlıqlarının əlavə olunmasında əsas məqsəd odur ki, indiyə qədər Azərbaycanın 30-dan çox beynəlxalq konvensiyaya qoşulub. Həmin konvesiyalardan irəli gələn müddəaları həyata keçirməkdən ötrü Azərbaycan qanunvericiliyində boşluq olmasın deyə, 12-ci maddənin I hissəsinə həmin əlavə olunmalıdır. Yəni, bu, Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında, daha doğrusu, qoşulduğu beynəlxalq konvesiyalar qarşısında götürdüyü öhdəlikdən irəli gəlir. Eyni zamanda, Azərbaycan xalqının hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına xidmət edir. 15-ci maddənin II bəndi isə, daha çox iqtisadi azadlıqla bağlıdır. Çünki ilkin variantda dövlət Azərbaycan Konstitusiyasının 15-ci maddəsinin II bəndinə görə, azad sahibkarlığa təminat verir. Yəni, indiyə qədər bu şəkildə davam edirdi. Sosial dövlətin yaranması mərhələsinə Azərbaycan indi qədəm qoyur. Çünki cənab Prezident İlham Əliyevin qəbul etdiyi çoxsaylı dövlət proqramları bunu deməyə bizə əsas verir. Amma Azərbaycan Konstitusiyasında bu, öz əksini tapmamışdı. Artıq Azərbaycan iqtisadi cəhətdən kifayət qədər inkişaf etdiyinə görə, sosial dövlətin formalaşması, yəni Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən dövlətin qurulmasını gündəmə gətirir. Buna dövlət təminatı verilməsi o deməkdir ki, Azərbaycan vətəndaşları artıq doğulduğu gündən ölənə qədər Azərbaycan dövlətinin bütün maddi imkanlarından istifadə edə bilər. Dövlət bir qurum kimi öz vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını üzərinə öhdəlik kimi götürür. Konstitusiyada belə bir boşluq var idi. Ona görə də 15-ci maddəsinin II bəndinə məhz "sosial yönümlü" sözünün atırılması Azərbaycanın artıq keçid mərhələsindən yeni iqtisadi fazaya sürətlə, inkişaf etmiş dövlət mərhələsinə keçidi ilə bağlıdır. Çünki əgər əvvələr Azərbaycanda BMT-nin qərarlarına görə adambaşına düşən ÜDM 1000 ABŞ dolları altında idisə, artıq 2009-cu ildə 6000 dollardan söhbət gedir. Yaxın müddət ərzində 9000-ə çatanda artıq Azərbaycan inkişaf etmiş dövlət hesab olunacaq. Ona görə də Azərbaycanın ən əsas məqsədi odur ki, Konstitusiyaya dəyişiklik etməklə perespektiv planını gündəmə gətirir. Eyni zamanda, Azərbaycan xalqına tam zəmanət verir. Çünki Konstitusiyanın I bəndinə görə, Azərbaycan dövlətinin mənbəyi Azərbaycan xalqıdır. Dövlət də xalq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi özünə borc bilir. Dəyişiklikdə hüquqi cəhətdən normativ hüquqi baza yaratmağa xidmət edən əlavədir. İnanırıq ki, xalqımız öz xoşbəxt gələcəkləri üçün martın 18-də keçiriləcək referendum da birlik nümayiş etdirəcəkdir.

Digər xəbərlər