AKP türk dünyasına xəyanət edə bilməz
Son vaxtlar Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı yerli və xarici KİV-lərdə informasiyalar yayılmaqdadır. Hətta sərhədlərin açılmasına dair Türkiyə-Ermənistan rəsmiləri arasında anlaşma müqaviləsinin imzalandığı da yayılan məlumatlar sırasında yer alır. İstər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti isə AKP hakimiyyətinin Ermənistanla münasibətlər qurmasına ciddi etirazlar etməkdədirlər. Azərbaycanın bütün təbəqələri, o cümlədən, siyasi partiyalar, QHT-lər, ictimaiyyətin nümayəndələri Ərdoğan hakimiyyətinin işğalçı dövlətlə əlaqələr qurmasına etiraz edən bəyanatlar qəbul ediblər. Artıq məsələ ilə bağlı siyasi partiyaların mitinqlər keçirməyi də planlaşdırdıqları bildirilir.
Türkiyənin müxalifətdə olan MHP, CHP və digər partiyaları Ərdoğan hakimiyyətini Ermənistanla münasibətlər qurmasına görə, kəskin tənqid ediblər. Dünən isə, Ermənistanla sərhəd bölgələri olan Qars, İqdır vilayətlərində insanlar küçələrə çıxaraq, AKP hakimiyyətinin Ermənistanla sərhədləri açmağa cəhdlər göstərməsinə etiraz edən aksiyalar keçirmişlər. İqdır, Qars ictimaiyyəti bəyan etmişlər ki, onlar canlı sipər çəkərək Ermənistanla sərhədlərin açılmasına imkan verməyəcəklər. Dünyanın müxtəlif ölkələrində yaşayan türk diasporaları, iş adamları, ziyalılar, sadə insanlar Türkiyə- Ermənistan sərhədlərinin açılmasına qəti etirazlarını bildirirlər.
Rusiyanın Soçi şəhərinin Arsin Atatürk orta məktəbinin 7-ci sinifində oxuyan Sevda Gürsoy redaksiyamıza ünvanladığı məktubda Türkiyə-Ermənistan sərhədlərinin açılmasına göstərilən cəhdlərin tarixi yanlışlıq olduğunu qeyd edir. Məktəbli qız Türkiyə rəsmilərinin Ermənistanla münasibətlər qurmaqla, nəinki Azərbaycan xalqına, ümumiyyətlə, türk dünyasına xəyanət etmiş olacaqlarını qeyd edir. S.Gürsoy Türkiyənin Ankara və İzmir şəhərlərində yaşayan qohumları ilə daim əlaqə saxladıqlarını və onlardan Türkiyə rəsmi dairələrinə qarşı etiraz etmələrini bildirdiklərini vurğulayır: "Dəfələrlə Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla sərhədləri açmayacaqlarını bəyan ediblər. Ona görə də, gələcək nəsillərin ittiham hədəfinə çevrilməmək üçün prezident və baş nazirin səhvə yol verə biləcəkləri inandırıcı deyil".
S.Gürsoy Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş quruculuq-abadlıq işlərindən, xalqın sosial-rifah halının yaxşılaşdırılması istiqamətində aparılan islahatları televiziyalarda seyr etdiyini, qəzetlərdə oxuduğunu qeyd edir. Onu da vurğulayır ki, Azərbaycan Respublikasının birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərinə, elminə, təhsilinə göstərdiyi diqqət və qayğı barədə geniş bilgilərə malikdir: "Televiziyalarda Mehriban xanım və qızı Leyla xanım Əliyevanın kimsəsiz uşaqları necə sevindirdiklərini seyr etmişəm. Uşaqlara müxtəlif hədiyyələr paylamaqla humanist, qayğıkeş, şəxslər olduqlarını nümayiş etdiriblər. Mehriban xanımın qocalar evini də unutmaması çox ürəkaçandır. Mehriban xanım Əliyevanın vaxtının məhdud olmasına baxmayaraq, qocalar evinin, internat məktəblərinin hər birisini ayrı-ayrılıqda ziyarət etməsi hər bir insandan böyük enerji və əzmkarlıq tələb edir. Bütün bu keyfiyyətlər Azərbaycanın birinci xanımında var. Ona görə də, Mehriban xanım mənim idealıma çevrilib".
S.Gürsoy məktubunda onu da qeyd edir ki, bacıları Eda və Sedayla bərabər Bakı şəhərində olan orta məktəblərlə də əlaqə saxlayır: "Belə təhsil ocaqlarından biri 311 saylı orta məktəbdir. Ən çox məktublaşdığımız isə həmin məktəbin 10 a sinif şagirdi Qurbanova Mədinə Əli qızıdır. 83 saylı məktəbin 11-ci sinif şagirdi Qurbanı Həmidə Səxavət qızıdır. Onlarla biz internet və telefon vasitəsilə əlaqə saxlayır, məktəb və dərslər haqqında bir-birimizə məlumat veririk. Rəfiqələrimiz əlaçıdırlar. Mən də məktəbin əlaçılarından biriyəm".
Türkiyənin İqdır şəhərində yaşayan tanınmış elm adamı Camal Qılıclı da Ermənistanla sərhədlərin açılmasına qarşı olduqlarını bildirib. C.Qılıclı onu da söyləyib ki, Türkiyənin rəsmi dairələrinin Ermənistanla münasibətlər qurmaq istəyinə qarşı Türkiyə ictimaiyyəti sərt müqavimət göstərir: "Əgər Türkiyə rəsmiləri Ermənistanla sərhədləri açmaq qərarını qətiləşdirsələr, o zaman türk xalqı onlarla üz-üzə qalmalı olacaq".
C.Qılıclı o fikri də vurğulayır ki, AKP hakimiyyəti yanlışlığa yol verərək, Ermənistanla sərhədləri açsa belə, Yerevanın Ankaraya qarşı torpaq iddialarından və qondarma "erməni soyqırımı" tələbindən geri çəkiləcəyi inandırıcı deyil: "Çünki terrorçu adı qazanmış ASALA-nın təsiri altında olan Ermənistan hakimiyyəti terrorçu qurumun tələblərini yerinə yetirməklə Türkiyəyə qarşı əsassız tələblərini davam etdirəcəklər. Əks halda, Sarkisyan rejimi tarixin arxivinə atılacaq".
C.Qılıclı Azərbaycan müstəqillik qazandığı ərəfədə ölkənin üzləşdiyi problemlər barədə geniş məlumata malik olduğunu və bəzi proseslərin şahidi olduğunu da qeyd edir: "O vaxtlar "Azərbaycan canımdı" deyənlər heç bir iş görmürdülər. Sanki onları Azərbaycan yox, başqa şeylər düşündürürdü. 1990-91-92-ci illərdə bir başı boşluq var idi. Bakı şəhərində əli silahlılar insanlara qarşı zor tətbiq edib incitməklərini öz gözlərimlə gördüm. Mən ürək ağrısı ilə deyə bilərəm ki, doğrudan da, o zaman Azərbaycan xalqı çox əziyyət çəkib ağır günlərdən keçdi. Mən yenidən birtəhər Türkiyəyə döndüm. Dəyərli dostlarımda birlikdə cəmiyyət yaratdıq. Azərbaycanın başqa bir faciəsi olan Xocalı soyqırımında yaralanan, ailəsini itirən, əlil olan soydaşlarımıza kömək məqsədilə dava-dərman alıb təyyarə ilə Bakı şəhərinə çatdırdıq, o ağır günlərdə az da olsa, millətimizə sahib çıxmağa çalışdıq. Sonra bir neçə dəfə Bakıya səfər etdim. Son gedişimdə böyük tikintilərin aparıldığını gördüm. Hər tərəfin yenidən qurulması diqqətimi cəlb etdi. Bakı doğrudan da, çox gözəl şəhərdir. Azərbaycan dünya dövlətləri içərisində gənc və çox irəliləyişli, inkişaf edən dövlətdir. Türkiyə kimi 200-300 illik müstəqil dövlətlərlə müqayisə etsək, onda Azərbaycanın idarəçiliyinə əhsən deyərik. Unutmamaq lazımdır ki, Azərbaycan Türkiyə ilə bir millət iki dövlətik.