Ermənistan rəhbərliyinin siyasəti yenə fiaskoya uğradı....
Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi hərtərəfli şəkildə dəstəklədiyi hər kəsə məlumdur. Rəsmi Yerevan separatçı rejimi müstəqil dövlət kimi tanımasa da, əslində, bütün fəaliyyəti ilə beynəlxalq ictimaiyyətin separatçıları müstəqil dövlət kimi qəbul etməsinə nail olmaq istəyir. Lakin işğalçı ölkənin və erməni lobbisinin səylərinə baxmayaraq, dünya ictimaiyyəti qondarma rejimi nəinki müstəqil subyekt kimi qəbul etmir, əksinə, Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycan ərazisinin bir parçası hesab edir. Beləliklə, rəsmi Bakının işğal faktı ilə razılaşmayan qətiyyətli mövqeyi ilə yanaşı, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin işğalı faktını qəbul etməsi və torpaqların azad olunmasının zəruriliyi mövqeyində dayanması ermənilərin tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətini yaratmaq niyyətinin baş tutmasına mane olur. Bu günlərdə isə ermənilər beynəlxalq müstəvidə növbəti dəfə məyus ediliblər. Belə ki, regiona səfəri çərçivəsində Ermənistanda görüşlər keçirən Avropa Parlamentinin sədri Yeji Buzek Yerevanda təşkil edilən mətbuat konfransında təmsilçisi olduğu qurumun separatçı rejimin müstəqilliyini tanımadığını söyləyib: "Biz Dağlıq Qarabağı müstəqil ərazi vahidi kimi tanımırıq".
İnsanların təhlükəsizliyinin və rahat yaşayışının təmin olunmasının vacibliyini qeyd edən qurumun sədri xüsusi olaraq vurğulayıb ki, Avropa Parlamenti hər zaman dövlətlərin ərazi bütövlüyünü əsas prinsip hesab edib. Bu isə Ermənistan rəhbərliyinin hər zaman xalqların öz müqəddəratını həll etməsi prinsipini ərazi bütövlüyü prinsipinə qarşı qoymağa çalışan mövqeyinə növbəti zərbədir. Xatırladaq ki, bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan müsahibələrinin birində ərazi bütövlüyü prinsipinin sərhədlərin toxunulmazlığını istisna etmədiyini bildirmişdi. Avropa Parlamentinin sədrinin qeyd etdiyimiz açıqlaması isə ərazi bütövlüyünün dövlətin suverenliyinin qorunub saxlanmasında əsas prinsiplərdən olduğunu bir daha təsdiq edir. Bu isə Dağlıq Qarabağa Azərbaycan sərhədləri daxilində muxtariyyətin verilməsi ilə bağlı rəsmi Bakının tutduğu mövqeyə tamamilə uyğundur.
Əksər ekspertlərin fikrincə, Yeji Buzekin sözügedən fikirlərini münaqişənin həllini hər cür vasitələrlə uzatmağa çalışan Ermənistana mesaj kimi də dəyərləndirmək olar. Çünki məlum olduğu kimi, bir ildən artıqdır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək məqsədilə "Madrid təklifləri" irəli sürülüb. Azərbaycan tərəfi təklifi qəbul edərək problemin Madrid prinsipləri əsasında həll edilməsinə razılıq versə də, Ermənistan əsas məsələlərin müzakirəsindən yayınmaq və əvvəllər razılaşdırılmış məsələlərin üzərinə yenidən qayıtmaqla vaxtı uzatmağa çalışır. Sirr deyil ki, 17 ildir davam etdirilən danışıqların və ATƏT-in Minsk Qrupunun vasitəçilik fəaliyyətinin konkret nəticələr verməməsinin də əsas səbəbi rəsmi Yerevanın sərgilədiyi qeyri-konstruktiv mövqedir. İşğal etdiyi Azərbaycan ərazilərində ikinci erməni dövlətini yaratmağa çalışan Ermənistan rəhbərliyi və ona havadarlıq edən qüvvələr isə anlamalıdır ki, Azərbaycan torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq. Bu baxımdan, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunan 4 qətnamə, ATƏT, AŞPA, Avropa Şurası, İKT kimi nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələri ən qısa zamanda Azərbaycan torpaqlarından işğalçı qoşunların çıxarılmasını, məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasını və onların təhlükəsiz yaşayışının təmin olunmasını tələb edir.