PDF Oxu

Araşdırma

  • 12

Ermənistan sosial partlayış astanasındadır

Ermənistan sosial partlayış astanasındadır

"Ermənistanda on minlərlə ana uşağını tez yatırdır və səhər məktəbə ac yola salır". Həmin sözlər bu ilin yanvar-fevral aylarında Yerevanda keçirilən mitinqlər zamanı qaldırılan plakatlarda ən çox işlənilən ifadə kimi qəbul olunurdu. Məhz belə ifadələr davamlı olaraq səsləndirildikdən sonra, ölkədəki vəziyyət getdikcə daha da həssaslaşmağa başladı və nəticədə Sarkisyan rejiminin tərəfdarları hadisələrin dərhal dəyişilməsini gözə alaraq, ölkə rəhbərindən sosial islahatlar etməyi tələb etdi.
Bu gün də Ermənistan parlamentinin deputatları həm hökuməti, həm də prezident Serj Sarkisyanı sosial partlayış perspektivindən xəbərdar etməyə çalışırlar. Əslində, onlar bu minvalla ölkənin icraedici hakimiyyətini, bir qədər də olsun, tərpətməyə və sosial problemlərin həllində daha aktiv olmağa çağırırlar.
Çünki əks təqdirdə, ölkədə gerçəkdən də, sosial partlayış və ondan da qorxulu nəticələr ola bilər.

Hakimiyyət dalana
sıxışdırılıb
Parlamentdə hökumətin "məşhər ayağı"na çağırıldığı, yəni Nazirlər Kabinetinin hesabatının dinləndiyi müzakirələrdə müstəqil deputat Viktor Dallakyan bildirib ki, ötən illərin nəticələrinə görə, Ermənistanda yoxsulluq səviyyəsi daha sürətlə artaraq əhalinin ümumi sayının 34,1 faizinə və ya 1,1 milyon nəfərə çatıb. Bu, həm də rəsmi statistikadır: "Təbii ki, rəsmi statistikada aylıq gəlirləri 31 min dram olan insanlar hesaba alınmayıblar. Halbuki Ermənistanda hamı bilir ki, ayda 31 min dramla yaşamaq, sadəcə, mümkün deyil. Hökumətin diqqətini ona da yönəltmək istərdim ki, ölkədə intiharlar və intiharlara cəhdlərin sayı sürətlə artır. Həyatlarına könüllü son qoyanların tam əksəriyyəti isə 30-65 yaşlı işsizlərdir. Beləliklə, aşkar görünür ki, yoxsulluq Ermənistanda artıq milli təhlükəsizliyi hədələyən məsələyə çevrilib. Əgər problem həll olunmasa, ölkə daxilində sonuclarını təxminləyə bilmədiyimiz sosial fəlakət yaşana bilər. Ona görə də Serj Sarkisyan iqtidarından soruşuram: bu fəlakətli vəziyyətdən çıxmaq üçün nə etmək fikrindəsiniz?!"
Xatırladaq ki, nə Sarkisyan, nə də onun ən yaxın komanda üzvləri Dallakyana konkret cavab verməyiblər. Sadəcə, bildiriblər ki, onların sosial islahatlar aparmaları üçün zamana ehtiyacları var.

Ermənistan mətbuatı ölkədə kabusun dolaşmasından xəbər verir
Yerevanda nəşr olunan "Haykakan Jamanak" və "Azq" qəzetləri isə davamlı olaraq yazırlar ki, Ermənistanda vəziyyət təxmin edildiyindən də betər ağırlaşıb. Ölkə daxilində sosial qiyam, hətta üsyan və partlayış kabusu dolaşır: "İnsanlarımızın çoxunun hətta çörək almağa belə, pulları çatmır. Küçələrdə dolaşan səfillərə imkan versən, aclarından bir-birlərini parçalayıb yeyərlər. Bu, nə qədər acı olsa da, həqiqətdir. İki gün əvvəl Yerevanda iki uşaq evdə tüstüdən boğulub öldülər. Onların ata-anaları işsizdilər. Valideynləri uşaqları evdə təkbaşına qoyaraq bir tikə çörək qazanmaq üçün iş aramağa getmişdilər. Ola bilər ki, prezident Serj Sarkisyan iqtidarı nə isə etmək istəyir. Amma bu "nə isə"ni mümkün qədər tez etmək gərəkdir. Vaxt keçir, zaman isə gözləmir!"
Ermənistanın sabiq prezidenti, ölkə müxalifətinin lideri və Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan Serj Sarkisyan iqtidarına növbəti ultimatumunu ünvanlayıb.
Onun dediyinə görə, prezident Serj Sarkisyanın bandit və qaniçən rejimi parlament və prezident seçkilərini saxtalaşdırmaq, 2008-ci ilin martın 1-də Yerevanı qan gölünə çevirmək vasitəsilə hakimiyyəti zor gücünə qəsb edib: "Ötən üç il ərzində Sarkisyan ölkəni aşkar diktator metodları ilə idarə edib, söz və mətbuat , sərbəst toplaşmaq azadlıqlarını sistematik olaraq pozub, insan və vətəndaş haqlarını kobud şəkildə tapdalayıb. Savadsız və prinsipsiz siyasəti nəticəsində o, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ermənilər üçün xeyirli variantda həlli imkanlarını faktiki olaraq yoxa çıxarıb. Sarkisyan münaqişəni indi müharibə ərəfəsinə çatdırıb"
Yerevandakı mitinqlərdə yığışanların bir başqa tələbləri isə küçə ticarətinə qoyulmuş qadağanın aradan qaldırılması, axşam saat 8-dən sonra kiçik dükanların işləməsinə icazə verilməsi, habelə, avtomobillərin məcburi sığortası barədə qərarın dayandırılması məsələsidir. Ermənilərin əsas tələbi isə ölkədə minimal aylıq maaşın 200 dollar məbləğində müəyyənləşdirilməsi, təqaüdün orta məbləğinin 40 faiz artırılaraq 112 dollara, işsizliyə görə müavinətin isə 50 faiz çoxaldılaraq 100 dollara çatdırılmasıdır.

İnhisar və korrupsiya tələblərin mümkünsüzlüyünə dəlalət edir
Ekspertlər isə bildirirlər ki, ölkə iqtisadiyyatının istisnasız olaraq bütün sahələrindəki inhisarlar ləğv edilməyincə, yüksək çinli dövlət məmurlarının iri biznesləri dayandırılmayınca, rüşvətxorluq və korrupsiyaya son qoyularaq qanunların işləkliyi təmin olunmayınca vətəndaşların tələblərinin heç biri yerinə yetirilən deyil. Belə ki, hakimiyyətin nəzarətindəki biznes strukturlarını idarə edən sahibkarlar vergiləri mütəmadi olaraq ödəmir və nəticədə nəhəng məbləğlər dövlət məmurları tərəfindən mənimsənilir.
Baş nazir Tiqran Sarkisyan, baş nazirin müavini Armen Gevorkyan, Mərkəzi Bankın sədri Artur Cavadyan, Dövlət Gəlirləri Komitəsinin sədri Qaqik Xaçatryan, Yerevanın meri Karen Karapetyan, baş prokuror Ağvan Hovsepyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Hakopyan, Ermənistan Polisinin rəisi Alik Sarkisyan, Xüsusi İstintaq Xidmətinin rəisi Andranik Mirzoyan və Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası üzrə Baş İdarənin rəisi Hayk Harutyunyan və daha 7 məmurun vəzifələrindən kənarlaşdırılmaları tələb olunur.
Demək olar ki, günaşırı səslənən tələblər arasında digər tələb də mövcuddur ki, bu da birbaşa geostrateji maraqlar çərçivəsində təcavüzkar ölkəyə göstərilən beynəlxalq yardımlarla bağlıdır. Həmin tələblərdə isə deyilir: "ABŞ və Avropa Birliyi ölkələrindən tələb edirik ki, Ermənistandakı diktator rejiminə geosiyasi maraqlar baxımından göstərilən yardımlara dərhal, təcili olaraq son qoyulsun. Prezident postunu qəsb etmiş Serj Sarkisyanın hakimiyyəti ölkədə demokratik islahatlar keçirməkdən qətiyyətlə boyun qaçıraraq bütün qüvvəsini xalqa qarşı yönəldib. Ərəb ölkələrində baş verən hadisələrin Ermənistanda təkrarlanması ehtimalı isə günbəgün artır. Bunu hətta Qərb siyasətçiləri və müstəqil analitiklər də etiraf edirlər. Ermənistanda sosial partlayış dalğası bütün regionu silkələmiş, Qərbi ayılmağa və gözlərini geniş açaraq Sarkisyan hakimiyyətinə baxmağa çağırırıq".

R.RƏSULOV

Digər xəbərlər