PDF Oxu

Araşdırma

  • 14

“Azərbaycan prinsiplər çərçivəsində kompromislərə hazırdır”

“Azərbaycan prinsiplər çərçivəsində kompromislərə hazırdır”

Bildiyimiz kimi, mayın 26-da Fransanın Dovil şəhərində keçirilmiş "Böyük səkkizlik" ölkələrinin sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatla çıxış ediblər. SİA-nın xəbərinə görə, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bu bəyanatla bağlı AzərTAc-ın sualını cavablandırıb:
- Biz Fransa, Rusiya və ABŞ prezidentlərinin Dovildə verdikləri birgə bəyanatı çox böyük diqqətlə oxuduq. Bu bəyanat ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin məsələyə münasibətinin səviyyəsini nümayiş etdirir. Bəyanat Azərbaycan və Ermənistan prezidentlərini münaqişənin həlli prinsiplərini işləyib hazırlamaq üçün növbəti addımlar atmağa və bu istiqamətdə öz səylərini artırmağa çağırır.
Azərbaycanın mövqeyinin hamıya bəlli olduğunu qeyd edən nazir müavini vurğulayıb ki, biz hər hansı dövlətin ərazi bütövlüyünə qarşı güc tətbiqini qəbuledilməz hesab edən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanırıq. Ona görə də güc tətbiq edərək ərazilərin işğal olunması və ələ keçirilməsi qəti və birmənalı şəkildə yolverilməzdir. Məhz bu prinsiplərə görə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz olaraq qalmalıdır, təbii ki, əgər bu haqda digər müqavilə yoxdursa.
A.Əzimov bildirib: "Azərbaycan Helsinki Yekun Aktının bütün prinsiplərinə hörmətlə yanaşır və anlayır ki, xalqların öz müqəddəratını təyin etmək hüququ dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq həyata keçirilməlidir. Məhz bu prinsiplərdən çıxış edən Azərbaycan münaqişənin həlli nəticəsində işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çəkiləcəyini, insanların öz doğma yurd-yuvalarına qayıdacağını, həyatın normal axara düşəcəyini, azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda sülh şəraitində birgə yaşayacağını və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hər iki icması üçün özünüidarə statusunun müəyyən olunacağını gözləyir. Biz bundan artığını istəmirik, amma bundan azına da razı olmayacağıq".
Azərbaycanın beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsipləri çərçivəsində çeviklik və kompromislərə hazır olduğunu deyən A.Əzimov vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü heç bir danışıqların müzakirə mövzusu kimi nəzərdən keçirmir. Özünüidarəetmə statusu Dağlıq Qarabağın hər iki - azərbaycanlı və erməni icmalarının iştirakı ilə sonrakı mərhələdə müzakirə edilə bilər və ümidvarıq ki, müzakirə ediləcək. Biz Ermənistan tərəfi ilə bu yolla razılığa gələ biləcəyimizə ümid edirik.
Nazir müavini qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün imkanlardan istifadə edir. Biz, həmçinin həmsədr ölkələrin prezidentlərinin Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş ərazilər üzərində hazırkı "status-kvo"nun qəbuledilməz olduğunu bildirən qənaətləri ilə razıyıq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün öz səylərimizi həmsədrlərin səyləri ilə birləşdirməliyik. Əlbəttə ki, danışıqlar prosesinə rəhbərlik edən bu üç dövlətin yuxarıda qeyd etdiyimiz kimi Helsinki Yekun Aktına riayət olunması üçün əllərindən gələni edəcəklərini gözləyirik. Əgər bu səylər uğurla nəticələnsə, biz həmsədrlərlə birgə bu uğuru qeyd etməyə hazır olacağıq. Zamanın ötməsinə baxmayaraq, Azərbaycan ağır danışıqlar prosesində hələ də səbir, maraq və istəyini qoruyub saxlayır. Lakin görünür danışıqların ağırlığı obyektiv meyarlar və səbəblərdən daha çox subyektiv amillərdən və Ermənistanın daxili siyasi çətinliklərindən irəli gəlir. Biz heç vaxt Ermənistan tərəfinin Azərbaycan xalqının Dağlıq Qarabağ regionu da daxil olmaqla öz torpaqlarında yaşamaq hüququnu pozmasına icazə verməyəcəyik. Eyni zamanda, biz Dağlıq Qarabağ regionundakı erməni vətəndaşlarımızın azərbaycanlı vətəndaşlarımızla birgə yaşamalarını təmin etməyə hazırıq.

Digər xəbərlər