Ağdamın timsalında Azərbaycanın sürətli inkişafını çox əyani şəkildə görmək olar
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla yerinə yetirilməsinə dair təhlilin aparılması çərçivəsində mətbuat nümayəndələri regionlara səfərlər edir, inkişaf və tərəqqi proseslərini diqqətlə izləyirlər. Bu dəfə təqdim etdiyimiz məqalədə biz Ağdam rayonunda görülən işlər və yeniliklər haqqında ilkin məlumatlarımızı oxucularımıza təqdim edirik.
Qədim tarixli, füsunkar təbiətli Ağdam
Dövlət proqramlarının uğurla icra olunması nəticəsində rayon işğalın fəsadlarını öz üzərindən atmağa çalışır və bu gün Ağdam köklü surətdə dəyişərək müasirləşmiş rayonlarımızdan birinə çevrilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda, dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial-iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Ağdamda da qabarıq şəkildə büruzə verir. 8000 yaşlı Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Müasir Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1980-ci illərin sonlarında Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə, ilk olaraq, məhz Ağdam rayonundan başlayıb, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd-yuvalarından, daha sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirib. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edib. Xüsusən, Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatıb və ermənilər Ağdam rayonunun 890,1 kvadrat km-ni, yəni, ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olub. Rayon əhalisinin sayı 175,4 min nəfər təşkil edir. O cümlədən, 138,9 min nəfər məcburi köçkün rayonda məskunlaşıb. Ümumiyyətlə isə, gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri rayonun minillik keşməkeşli illərdən keçərək, bu günə qədər gəlib çatdığını təsdiq edir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq, aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
Dövlət qayğısı Ağdamın inkişafına təkan verir
Son dövrlərdə böyük dövlət qayğısı və himayəsi nəticəsində mühüm inkişaf yolu keçən Ağdam rayonu ötən ili də böyük nailiyyətlərlə başa vurub. Bu nailiyyətiləri ötən ilin noyabr ayının 11-də ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Ağdam rayonuna səfərdə olarkən bir daha vurğulamışlar. Ağdamda səmimi görüşlər keçirən Prezident İlham Əliyev mərkəzi rayon xəstəxanasında yaradılan şəraitlə tanış olmuş, məcburi köçkünlər üçün yeni salınmış 689 ailəlik qəsəbənin açılışında iştirak etmişlər. Ölkə başçısının Sərəncamı ilə müasir tipli uşaq xəstəxanasının və doğum evinin tikintisi, Quzanlı qəsəbə mədəniyyət evinin əsaslı təmiri davam etdirilir. Quzanlı qəsəbəsində yeni salınmış 689 ailəlik qəsəbənin açılışında iştirak etmişdir. Dövlət başçısı rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini yüksək qiymətləndirmişdir. Rayon əhalisinin həyat şəraitinin yaxşılaşdırılması sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün 29 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib, məcburi köçkün qəsəbələrindəki su xətləri əsaslı təmir olunubdur. Həmçinin, Quzanlı qəsəbəsində 500 tonluq su anbarı inşa edilib. Əhalinin elektrik enerjisi ilə fasiləsiz təmin olunması üçün də əsaslı tədbirlər görülübdür. Hazırda köçkün qəsəbələri gün ərzində 24 saat, digər yaşayış məntəqələri isə 18-20 saat elektrik enerjisi ilə təmin edilir. İndi hər hansı bir səbəbdən sıradan çıxan elektrik transformatorları, əvvəllər olduğu kimi, 1-2 aya yox, uzağı 1 sutkaya bərpa olunur. Hazırda 3000 abonent təbii qazdan istifadə edir, 6000-dən çox evə təbii qaz, Əfətli kəndinə qaz xətti çəkilib və bu proses davam etməkdədir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində rayonda ötən il bütün sahələrdə müəyyən tədbirlər hazırlanıb həyata keçirilib, tikinti, abadlıq və quruculuq sahəsində diqqətçəkən böyük işlər görülübdür.
Ötən ildə ümumi məhsul istehsalının həcmi artaraq 82 milyon 662 min manat olub
Ötən ildə ümumi məhsul istehsalının həcmi artaraq 82 milyon 662 min manat, sənaye məhsulunun ümumi həcmi 3 milyon 300 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 60 milyon 991 min manat, ticarətin dövriyyəsi 6 milyon 100 min manat olmuş, göstərilən dövrdə əsas kapitala yönəldilən vəsaitlər 12,2 milyon manat təşkil edibdir. Ötən dövrdə tikinti-quruculuq, abadlıq işləri daha da genişləndirilib, illərdən bəri narahatlıq yaradan bir çox problemlər həll olunaraq aradan qaldırılıbdır. Rayondaxili və kəndarası yolların bərpa və təmiri sahəsində xeyli iş görülübdür. Rayondaxili yolların cari təmirinə 220 min manat, yolların saxlanılmasına isə 258 min manat xərclənibdir. Ötən il rayonda 486 nəfər daimi, 757 nəfər mövsümi işlərlə təmin olunubdur.
Rayonda abadlıq-quruculuq işləri geniş vüsət alır
Onu da vurğulayaq ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıbdır. Belə ki, regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən proqramlar Ağdamda abadlıq-quruculuq işlərinin daha da genişlənməsini təmin edir. 2009-2013-cü illəri əhatə edən cari proqrama görə, rayonun elektrik şəbəkələri yenidən qurulur, hava elektrik xətləri izolyasiyalı naqillərlə əvəz olunur. Rayonda Soltanbud təpəsi üzərində Azərbaycanın Milli Bayrağı ucaldılıb, xəritəsi çəkilib, ətəyində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün Xatirə kompleksi tikilib, yamacında 3 min ədəd ağac əkilibdir. Rayonun girişində Xaçınçayı üzərində milli ornamentlərlə bəzədilib və müasir üslubda simvolik "Giriş qapısı", Quzanlı qəsəbəsində veteranlar evi, rayon təhsil şöbəsi, yol istismar idarəsi, subartezian quyularının istismarı idarəsi, qaz istismar idarəsi, rayonlararası qaz tikinti idarəsinin inzibati binaları tikilərək istifadəyə verilibdir. Quzanlı qəsəbə uşaq bağçasının və 50 saylı peşə məktəbinin binaları əsaslı təmir edilib, Quzanlı qəsəbəsində geniş abadlıq işləri aparılıbdır. Ötən ilin ekologiya ili elan olunması ilə əlaqədar rayon ərazisində 30 mindən çox ağac əkilmiş, 5 hektar sahədə tinglik salınıbdır. Ağdam rayonunun inzibati mərkəzinə çevrilən Quzanlı qəsəbəsində Heydər Əliyev prospekti və akademik Zərifə Əliyeva adına küçə salınıb, qəsəbə müasir şəhərsalma və memarlıq qaydalarına uyğun şəkildə abadlaşdırılıbdır. Qalaətrafı parkda, Heydər Əliyev prospektində, küçələrdə, idarə və müəssisələrin həyətlərində 30 mindən çox ağac və bəzək kolları əkilibdir. Rayonun 175 min nəfər əhalisinin 90 mini işğal altında olmayan ərazilərdə, 85 min nəfərə yaxını isə respublikanın 60-a yaxın müxtəlif şəhər və rayonunda müvəqqəti məskunlaşıbdır. Ötən il rayon icra hakimiyyəti tərəfindən 1970 nəfər məcburi köçkün və aztəminatlı ailələrə daxili imkanlar hesabına ərzaq verilib, cəbhə fondundan 672 nəfərə pul yardımı edilibdir. Əhalinin zəruri ehtiyacını nəzərə alaraq 14 ədəd dəmir mağar və çadır alınıb köçkün qəsəbələrinə verilibdir.
Aqrar sənayenin prioritet istiqamətləri
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında kənd təsərrüfatının inkişafında aqrar sənaye prioritet istiqamətlərdəndir. Bu baxımdan da, kənd təsərrüfatı rayonu olan Ağdamda kənd təsərrüfatı bitkilərinin əkin sahələri artaraq 32 min 180 hektar olub, əvvəlki illə müqayisədə daha çox kartof, taxıl, pambıq, bostan, tərəvəz, yem bitkiləri əkilib becərilibdir. Əgər 2009 -cu ilin məhsulu üçün 17513 hektar sahəyə taxıl səpilmişdirsə, ötən ilin məhsulu üçün 19125 hektar sahədə taxıl əkilibdir. Bunun da 16839 hektar buğda, 2286 hektarı arpa sahəsindən ibarətdir. 4484 hektar sahədə biçin aparılaraq 10254 ton məhsul əldə edilib. Rayonda üzümçülük sahəsi də inkişaf etdirilib. Belə ki, "Yaqub" kəndli fermer təsərrüfatı 2 hektar sahədə üzüm bağını bərpa etmişdir. Rayonda pambıqçılığın inkişafına da diqqət yetirilir. Əsas ərzaq məhsulu kimi tərəvəz istehsalı daima artırılır. Ötən ildə 2702 hektar sahədə tərəvəz əkilibdir ki, bu da 2009-cu ildəkindən 263 hektar və ya 10.8 faiz çoxdur. Bu günə kimi 360 hektar sahədən 6811 ton tərəvəz, 310 hektar sahədən 5281 ton kartof məhsulu toplanıbdır.
Eyni zamanda, rayonda heyvandarlığın inkişafı üçün əlverişli şəraitin olması bu sahənin daimi inkişafını sürətləndirir. Belə ki, rayon üzrə iribuynuzlu mal qara 31573 baş, ondan inək və camışlar 14731,qoyun və keçilər 99849 baş, ət istehsalı 1283 ton, süd istehsalı 12034 ton,yumurta istehsalı 4036 min ədəd,yun istehsalı 134 ton olubdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı artaraq 101,8, qoyun və keçilər 92,6, ət istehsalı 102,0, süd istehsalı 101,3, yumurta istehsalı 100,1, yun istehsalı 99,2 faiz olub. Ötən ilin eyni dövrü ilə müqayisədə rayonda ət istehsalı 200 ton, süd istehsalı 130 ton, yumurta istehsalı 6 min ədəd artıbdır.
Təbii ki, bu rəqəmlər və sadalanan digər faktlar göstərir ki, bu rayonda kənd təsərrüfatının inkişaf perspektivləri kifayət qədər genişdir və yüksək səviyyəli tədbirlərin davam etdirilməsi ilə bu sahədə daha böyük nailiyyətlərin əldə edilməsi mümkün olacaq. Kənd təsərrüfatına dövlət dəstəyinin olması məhsul istehsalının artmasına əsaslı təsir göstərib. Son illərin dinamikası buna sübutdur. Əhaliyə və sahibkarlıq təsərrüfatlarına kreditlərin verilməsi, əkinçilərə istifadə etdikləri motor yağları və yanacağa görə haqların ödənilməsi, yüksək reproduksiyalı toxumların və cins mal-qaranın əldə edilməsində güzəştlərin olması, kənd təsərrüfatı məhsullarının artmasına təsir edən amillərdir.
Dövlət Proqramının işığında Ağdam rayonu daha aydın, daha gözəl və daha perspektivli görünür. Rayonda həyata keçirilən bütün tədbirlərdə insan amilinə böyük önəm verilir, əhalinin rifahı günbəgün yaxşılaşır. Başlıcası isə rayonda işgüzar mühit formalaşıb. Deməli, Ağdam rayonunun uğurlu inkişaf mərhələsi növbəti illərdə də davamlı olacaq.
RƏFİQƏ KAMALQIZI Azərbaycan-Ermənistan:
demoqrafik durum nə vəd edir?
BMT-dən verilən açıqlamaya görə, hazırda Ermənistanda 2 milyon əhali var. Qurum hesab edir ki, 2050-ci ilədək bu rəqəm müsbətə doğru dəyişməyəcək- ölkədə əhali artımı gözlənilmir. BMT hesab edir ki, emiqrasiyanın əsas səbəbləri işsizlik, biznesin qurulmasına yaradılan maneələr, çətin sosial vəziyyətdir. Xatırladaq ki, Ermənistanda əhali son dəfə 2001-ci ildə siyahıya alınmışdı və o zaman ölkədə 3,2 milyon əhalinin olduğu təsdiqlənmişdi.
Ermənilərin ölkədən kütləvi miqrasiyası
Bu proqnoz erməni ailələri arasında aparılan sorğu nəticəsində məlum olub. Rəyi soruşulan cütlüklərin 50%-ə yaxını yalnız 1 uşaq dünyaya gətirməyi planlaşdırdıqlarını etiraf edib. Üstəlik, 2010-cu ildə Ermənistandan 100 minədək insan gedib.
Cənubi Qafqaz ölkələri arasında ən ağır sosial durumun Ermənistanda olduğu heç kimə sirr deyil. İşğalçı ölkə müstəqillik əldə etdikdən sonra daim sosial böhran keçirir. Ölkədən kütləvi mühacirət dalğası səngimək əvəzinə, daha da güclənir. Artıq ölkənin çıxış qapılarında uzun növbələr yaranıb. Məzlum erməni xalqı canını qurtarmaq üçün hara gəldi qaçır.
Ermənistanda miqrasiya probleminin böhran həddinə çatması ölkədə yaşayan əhalinin "qocalmasına" gətirib çıxarıb. Xarici beynəlxalq humanitar təşkilatların Ermənistanın ayrı-ayrı bölgələrində insan resurslarına dair hesabatları bütün ölkə ərazisində eyni demoqrafik vəziyyətin yaşandığını göstərir.
Hazırda Azərbaycanın əhalisinin real sayı Ermənistan əhalisinin real sayından 4 dəfə çoxdur. Azərbaycan və Ermənistanda hərbi xidmətə yararlı əhalinin sayı da eyni nisbətdədir. Azərbaycanda hər il hərbi xidmətə çağırılan gənclərin sayı da Ermənistandan 3 qat artıqdır ki, burada fərq mövcud hərbi qüvvələr balansını açıq-ayın göstərir.
Ötən il 100 mindən çox erməni mühacirət edib
Ermənistanda miqrasiyanın yüksək səviyyəsi bu ölkənin ciddi problemlərindən biri kimi daim araşdırma mövzusudur. Ermənistan İnzibati İdarəetmə Nazirliyinin qaçqın və məcburi köçkünlərlə iş üzrə agentliyinin rəsmi statistik göstəricilərinə görə, 1990-2010-ci illərdə Ermənistanı 1,5 milyon nəfər tərk edib.
Beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, bu tendensiya davam edir. USAİD beynəlxalq təşkilatının Ermənistanda miqrasiya proseslərinə dair araşdırmaları da vəziyyətin ürəkaçan olmadığını təsdiqləyir.
BMT ekspertlərinin hesablamalarına görə, Cənubi Qafqaz respublikalarında ötən 20 il ərzində əhalinin ümumi sayı, demək olar ki, dəyişməyib. 1990-cu ildə bölgənin 3 respublikasında 16 milyon nəfər yaşayırdı. Bu il də bu rəqəm 16 milyon nəfər təşkil edir. Son 20 il ərzində bölgədə əhali artımın dayanması Ermənistan və Gürcüstanda əhalinin artım tempinin mənfi saldoya malik olması ilə izah olunur.
Təbii miqrasiya prosesini nəzərə almasaq, qeyd olunan dövrdə Ermənistanda əhalinin sayı 1 milyon 500 min nəfər, Gürcüstanda isə 1 milyon nəfər azalıb. Azərbaycanda əhalinin artım səviyyəsinin digər respublikalar ilə müqayisədə yüksək olması (2 milyon nəfər artım), ümumilikdə, bölgədə əhalinin artım səviyyəsinin müsbət saldo ilə ifadə olunmasına səbəb olub.
Son statistik göstəricilərə görə, hazırda Ermənistan (2,2 milyon nəfər) və Gürcüstanın (4,8 milyon nəfər) real əhalisinin sayı bir yerdə götürdükdə (7 milyon nəfər) Azərbaycanın əhalisinin real sayından (9 milyon nəfər) 2 milyon nəfər azdır.
Azərbaycanın əhalisi Ermənistandan 5 dəfə çox olacaq
Bölgənin demoqrafik durumunun formalaşmasına təsir göstərən amillərin (sosial-iqtisadi durumun pisləşməsi, miqrasiya probleminin aktuallığı, xarici ölkələrə əmək miqrasiyasının artması, münaqişələrin həll olunmamağı və s.) hələ də aktual olduğunu nəzərə alsaq, həm də respublikalarda əhalinin artma-azalma tempini əsas götürsək, onda 2020-ci il üçün Cənubi Qafqazın təqribi demoqrafik xəritəsini belə proqnozlaşdırmaq olar: Azərbaycan- 10 mln nəfər, Ermənistan- 2 mln, Gürcüstan- 4 mln.
Cənubi Qafqazda əhalinin sayı ilə bağlı proqnozlar BMT ekspertlərinin hesabatlarında da öz əksini tapıb. Bu hesabatlara görə, 2020-ci ildə də Cənubi Qafqazda, ümumilikdə, 16 mln nəfər əhali olacaq ki, bunun da 10 mln-u Azərbaycanın payına düşəcək.
Əgər yaxın 10 il ərzində Cənubi Qafqaz respublikalarında əhalinin say tərkibinin dəyişəcəyini nəzərə alsaq, onda 2020-ci ildə Azərbaycanın əhalisinin real sayı Ermənistan əhalisinin sayından 5 dəfə artıq olacaq və bu rəqəm, sözsüz ki, hərbi potensiala malik insan resurslarının da sayına təsir göstərəcək.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistanda apardığı sorğunun nəticələrinə görə, hərbi xidmətə yararlı 15-49 yaş qrupuna daxil olan vətəndaşların əksər hissəsi başqa ölkələrə köçüb, yaşı 18-ə çatan vətəndaşların 70 faizi isə yaxın bir il ərzində ölkəni tərk etməyə hazırlaşır.
Digər tərəfdən ölkəni tərk etməyə hazırlaşan hər 5 vətəndaşdan 2-si Ermənistanı birdəfəlik tərk edəcəyini bildirir. Ölkəni tərk etmiş vətəndaşlar arasında əmək qabiliyyətli əhali qrupu 80-90% təşkil edir. Bu, həm də hərbi xidmətə yararlı olan vətəndaşların təqribən 70 faizi deməkdir.
Bu, miqrasiya probleminin ölkənin demoqrafik vəziyyətinin kəskinləşməsinə ciddi təsir göstərdiyinə əyani sübutdur. Miqrasiyaya səbəb olan 2 problemin- ağır sosial-iqtisadi vəziyyət və müharibə- aktual qalması ölkədən xaricə axının hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Ermənistan demoqrafik fəlakətə düçar olub
Ermənistanda əhalinin sayının azalmasına təsir göstərən əsas amillər arasında miqrasiya ən önəmli yerlərdən birini tutur. Beynəlxalq təşkilatların hesablamalarına görə, hazırda Ermənistanda qeydiyyatda olan əhalinin sayı, ölkədə yaşayan real əhalinin sayından 2 dəfə azdır.
Hesablamalara görə, hazırda Ermənistanda hər 1000 uşaqdan 13-ü, nigahdankənar münasibətlər nəticəsində dünyaya gəlir. Son 30 il ərzində Ermənistanda hər ailə başına düşən uşaqların orta sayı 5-dən 1-ə enib. Ermənistanda hər 100 doğulan uşağa düşən leqal abortların sayı 30-dur, Azərbaycanda bu rəqəm 2 dəfə azdır.
İnsan resurslarının hərbi problemlərin, münaqişələrin həllində hansı rol oynadığını xatırlatmaq artıqdır. Analoji üstünlük hərbi xidmətə yararlı olan əhalinin (3 dəfə) və hər il hərbi xidmətə çağırılan gənclərin say fərqində (3 dəfə) də nəzərə çarpır.
Bölgənin demoqrafik xəritəsinə dair ən müxtəlif hesablamalar və proqnozlar Azərbaycanın əraziləri qaytarılmadan işğalçı ölkənin böhrandan çıxa bilməyəcəyini göstərir. Çünki iqtisadi blokadada qalan Ermənistanda getdikcə siyasi, iqtisadi və sosial durum pisləşir, Azərbaycanda isə yaxşılaşır. Bu səbəbdən də ermənilər nə qədər tez ayılsalar, özləri üçün bir o qədər yaxşı olacaq.
Elçin Bayramlı