Azərbaycan Respublikasında səfərdə olmuş almaniyalı jurnalist Saşa Lübbenin ölkəmiz haqqında hazırladığı reportaj əsasında Almaniyanın məşhur mətbuat orqanlarından olan "Frankfurter Rundschau" qəzetində "Qafqazda qu quşlu saatlar" adlı və "Berliner Zeitung" qəzetində isə "Neftin hörməti" adlı məqalələr dərc olunmuşdur. Turizm nöqteyi-nəzərindən Azərbaycanın reklamı kimi dəyərləndirilə bilən məqalələrdə müəllif Bakı və Şəki şəhərlərinin, Göygöl rayonunun turist zonalarının təsvirini verir, Azərbaycan tarixi və mədəniyyətinə ekskurs edir. "Avroviziya" Mahnı Müsabiqəsində qələbənin Azərbaycanı beynəlxalq turizm xəritəsinə yerləşdirdiyini söyləyən Lübbe növbəti il yarışmanın keçiriləcəyi Bakı şəhərində turistlər üçün maraqlı ola biləcək yerləri və cəhətləri sadalayır.
Daha sonra Azərbaycanın atəşpərəst keçmişindən, bu əraziyə, ərəb, türk və monqol, xristian erməni köçlərindən, Azərbaycanın İran və Rusiya arasında bölünməsindən, Rusiya imperiyasının tərkibində Azərbaycan neft sənayesinin inkişafından söhbət açılır. Müəllif Nobel qardaşlarının adını çəkməklə yanaşı, Azərbaycanın ilk neft maqnatlarından olan Tağıyevin Bakının şəhər kimi inkişafında rolunu, onun məktəb, teatr və xəstəxanalar tikdirməsi faktını da vurğulayır.
Qanlı Yanvar hadisəsi, eləcə də, Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra sovet dövrünə aid bəzi şəxsiyyətlərə qoyulmuş abidələrin (Kirov, Lenin və b.) söküldüyünü qeyd edən müəllif Bakıda müasir hündür evlərin köhnə tikililərlə ahəngdarlıq təşkil etdiyini diqqətə çatdırır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə istinadla bildirir ki, Azərbaycan qitələr arasında körpü rolunu oynayır. Müəllif yazır ki, Azərbaycan ən çox özünün dini tolerantlığına görə sevilir və Qərb istiqamətində inkişaf edir. Bakının mədəni və memarlıq müxtəlifliyindən söhbət açan müəllif onun müəyyən qədər Parisə oxşadığını qeyd edir.
Daha sonra, müəllifin qeyd etdiyi kimi, keçmiş İpək Yolu boyunca Qərbə səyahət olunur. Azərbaycan landşaftının müxtəlifliyi, burada dünyadakı 11 iqlim qurşağından 9-nun olması, torpağın münbitliyi xatırladılır. Müəllif Şəki şəhərindəki Xan sarayının geniş təsvirini və Göygöl rayonunun almanlarla bağlı olan tarixini də verir.
Azərbaycan Avropa və
Asiya arasında körpü rolunu oynayır
Azərbaycanda səfərdə olmuş Almaniya jurnalisti İzabel Ulrixin ölkəmiz haqqında hazırladığı "Bakıdan Lahıca. Azərbaycan Avropa və Asiya arasında körpü kimi" reportajı mayın 29-da məşhur "Deutschlandfunk" radiosunda səsləndirilmişdir.
Turizm nöqteyi-nəzərindən Azərbaycanın reklamı kimi dəyərləndirilə bilən reportajda müəllif Bakı şəhəri və Lahıc kəndinin turist zonalarının təsvirini verir, o, Azərbaycan tarixi və mədəniyyətinə ekskurs edir, Azərbaycanın xarakterik cəhətləri kimi onun iqtisadi cəhətdən sürətli inkişafı və əhalisinin qonaqpərvərliyini qabardır.
Müəllif Bakıdakı müasir tikililər, xüsusilə də, məşəl formasında tikilməkdə olan üç müasir bina haqqında danışmaqla bərabər YUNESKO irsinə daxil olan İçərişəhər, onun tarixi İpək Yolu üzərində əlverişli yaşayış məntəqəsi olması haqqında məlumat verir. Daha sonra reportajda müsahibələr əsasında Azərbaycan tarixinin xristian keçmişi, Albaniya dövləti, müsəlman ərəblərin regiona gəlişi, Azərbaycana türk köçləri və nəhayət, İran və Rusiya təsirləri vurğulanır. Reportajın müəllifi bildirir ki, Azərbaycana gələn hər bir xarici işğalçı ölkəyə öz mədəniyyətindən də bir parça gətirmişdir. Çoxsaylı işğallara baxmayaraq, azərbaycanlılar xarici mədəniyyətlər, insanlar və dinlərə qarşı çox açıqdırlar.
Lahıc kəndinin görünüşü və əhalisinin qonaqpərvərliyinin təsvirindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözləri səsləndirilir. Nazir deyir ki, Azərbaycan tarixi dövrlərin, mədəniyyətlərin və mentalitetlərin kəsişdiyi yerdir. Azərbaycanda islam dünyasına aid memarlıq və ənənələr, Avropa mədəniyyətinə aid balet, opera və muzeylər vardır. Azərbaycanda hələ ikinci əsrə aid alban kilsələri mövcuddur, 7-ci əsrdən islamı qəbul edən Azərbaycanda əvvəllər atəşpərəstlik mövcud olmuşdur.
Daha sonra reportajda Azərbaycan musiqisindən, muğam ənənələrindən, onun necə ifa olunmasından, həmçinin, yeni tikilmiş muğam mərkəzindən söhbət açılır. Müəllif reportajı Azərbaycan əhalisinə xas olan qonaqpərvərlik, çeviklik, təmkinlilik kimi xüsusiyyətləri sadalamaqla və bu xüsusiyyətlərin Azərbaycan əhalisinə mövcud problemləri və çatışmazlıqları tez bir zamanda həll etməkdə yardımçı olacağına əminliyini bildirməklə bitirir.
"Pakistan Observer"
qəzetində Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən məqalə dərc edilib
Pakistanda ingilis dilində nəşr olunan "Pakistan Observer" qəzetinin 15 iyun tarixli sayında Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur.
Məqalədə Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən dövlətçiliyin möhkəmlənməsi, dünyada nüfuzunun artması istiqamətində gördüyü müstəsna işlərdən bəhs olunur.
Eyni zamanda, Ümummilli Liderin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda bütün sahələrdə mühüm irəliləyişlərin olduğu, ölkənin dünyada tanındığı, Avropa Şurasına və bir çox nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildiyi oxucuların nəzərinə çatdırılmışdır.
Qaz uğrunda
milyardlar pokeri
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizə səfər etmiş alman jurnalisti İqnats Lotso öz ölkəsinin PHOENİX telekanalı üçün respublikamız haqqında çox məzmunlu "Qaz uğrunda milyardlar pokeri. Avropa Birliyi Azərbaycana ümid edir" adlı sənədli film hazırlamışdır.
PHOENİX telekanalının artıq iyunun 7-də yayımladığı və bu ayın 21-də təkrar nümayiş etdirəcəyi filmdə Azərbaycanın energetika sektorunun tarixi, ölkəmizin müstəqilliyini qazanması, o cümlədən, 20 Yanvar faciəsi, müstəqil respublikamızın iqtisadi inkişafı, neft strategiyası, Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər obyektiv məlumat və təhlil verilir.
Argentinanın İctimai Televiziyasında Azərbaycan haqqında reportaj yayımlanıb
Argentinanın aparıcı dövlət kanalı olan İctimai Televiziyada bu respublikada fəaliyyət göstərən İslam Mərkəzinə məxsus "El Calamo y Su Mensaje" ("Qələm və onun ismarıcı") həftəlik birsaatlıq proqramda Azərbaycan haqqında reportaj yayımlanmışdır.
Reportajda Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi, ölkəmizlə bağlı kadrlar, 28 May - Respublika Günü ilə əlaqədar diplomatik nümayəndəliyimiz tərəfindən təşkil olunmuş ziyafətdən görüntülər göstərilmişdir.
M.Əhmədzadə müsahibəsində Azərbaycanın sosial-iqtisadi inkişafı, xarici siyasət istiqamətləri, Argentina ilə əlaqələri, ölkəmizdə dini tolerantlıq, Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, habelə, tarixi, mədəni irsi, turizm potensialı barədə danışmışdır.