PDF Oxu

Araşdırma

  • 12

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı diqqətdən kənar qoymur

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı diqqətdən kənar qoymur

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi bu günlərdə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır. Məsələnin aktuallığı ona olan diqqəti artırmağı tələb edir. Odur ki, hazırda bir sıra beynəlxalq və regional təşkilatlar öz iclaslarında bu münaqişənin həll olunması yolları ətrafında müzakirələr aparmaqdadırlar. Avropa Parlamentində məsələnin müzakirəsi də bir daha regionda sülhün bərpa olunmasına qarşı beynəlxalq birliyin həssaslığını göstərir.

Avropa Parlamentinin iyunun 15-də keçirilən iclasında Dağlıq Qarabağla bağlı müzakirələrin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 15-də Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə komitəsində çıxış ediblər. Minsk Qrupunun amerikalı həmsədri Robert Bradke deyib ki, Minsk Qrupu effektiv fəaliyyət göstərib. Robert Bradke qeyd edib ki, gələcəkdə münaqişənin tənzimlənməsində Avropa Birliyinin də böyük rol oynayacağını düşünür: "Bizim fəaliyyətimizə gəlincə, ən başlıcası odur ki, yeni müharibənin başlamasının istisna edilməsinə nail olmuşuq". Fransalı həmsədr Bernar Fasye isə bəyan edib ki, əgər yaxın vaxtlarda baza prinsipləri qəbul edilməzsə, həmsədrlər yeni konsepsiya ilə çıxış etməli olacaqlar.

Bu gün dünya miqyasında Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət ən yüksək səviyyədədir. Həmsədrlərin Avropa Parlamentindəki çıxışları zamanı yer alan məqamlar da maraqlı və təhlil olunması vacibdir. R.Bradtkenin öz fəaliyyətlərindən razılığının arxasında hansı məqamların dayandığını demək çətindir. Əslində, 20 ilə yaxın müddətdə heç də effektiv fəaliyyət göstərməyən ATƏT-in Minsk Qrupunun son dövrlərdəki aktivliyinin amerikalı həmsədr tərəfindən nəzərdə tutulduğu istisna edilmir. Lakin buna baxmayaraq, həmsədrlərin fəaliyyətinin tam qənaətbəxş olduğunu demək olmaz. Yalnız Dovil bəyanatından sonra ruhlanaraq bölgəyə səfər edən və prezidentlərin görüşünə hazırlıq görən həmsədrlərin fəaliyyəti belə bir bəyanatla çıxış etməyə imkan vermir. Görünür, onlar görülən bütün işlərin onların fəaliyyətinin nəticəsi olduğunu güman edirlər. O ki qaldı yeni müharibənin başlanmasına, bu ehtimal hələ də qalmaqdadır. Ermənistan öz işğalçılıq mövqeyindən əl çəkmədikcə və danışıqlar yolu ilə sülhə nail olunmadıqca məsələnin hərb yolu ilə həlli ehtimalı var. Bu beynəlxalq norma və prinsiplər çərçivəsində tənzimlənən bir məqamdır.

Həmsədrlərin, daha doğrusu, B.Fasyenin irəli sürdüyü daha bir maraqlı fikir isə baza prinsipləri ilə bağlıdır. Onun baza prinsiplərinin qəbul olunmayacağı təqdirdə, yeni konsepsiya ilə çıxış edəcəklərini bildirməsi xüsusi əhəmiyyətli məsələdir. Bu konsepsiyanın nədən ibarət olacağı isə daha çox diqqətçəkən məqamlardandır. İndiyə kimi, belə bir ideyanın olmaması, birdən-birə fransalı həmsədr tərəfindən səsləndirilməsi sanki baza prinsiplərinin qəbul olunmayacağına ehtimalın olduğuna işarədir. Görəsən bu dəfə həmsədrlər hansı təkliflərlə çıxış edəcəklər? Ən əsası isə, bu təkliflər status-kvonun daha neçə il qalmasına şərait yaradacaq? Həmsədrlər bilməlidirlər ki, bu vəziyyət daha 20 il davam edə bilməz. Əgər indiyə kimi, Azərbaycan tərəfi bu vəziyyətin qalmasına imkan veribsə bu da sülhün əldə olunması və yeni müharibənin başlanmaması xatirinə olmuşdur. Hazırda təqdim olunan sənədin sülhün əldə olunması üçün imkan yaratdığı məlumdur. Bunun dəyişdirilməsinə isə ehtiyac yoxdur. Ermənistanın qeyri-konstruktivliyi üzündən isə belə bir addım atmaq yolverilməzdir. Atəşkəs əldə olunmasından keçən dövr ərzində bir neçə dəfə münaqişənin tənzimlənməsinə yaxınlaşılsa da sonda ermənilərin gətirdiyi bəhanələr və onların danışıqları pozması ucbatından məsələ yarımçıq qalmışdır. Bu dəfə buna yol vermək olmaz. Bütün proseslər dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Beynəlxalq ictimaiyyət də bu məsələdə aktiv olmalı və Azərbaycanın onlar tğərəfindən tanınmış sərhədlərinin bərpa olunmasında Ermənistana təzyiq göstərməlidirlər. Belə olmayacağı təqdirdə, indiyə kimi danışıqların aparılmasında tərəflərin və vasitəçilərin gördüyü işlərin əhəmiyyətsiz qalacağı şübhəsizdir.


Murad İSMAYILZADƏ

Digər xəbərlər