PDF Oxu

Araşdırma

  • 16

Xarici QHT-lər Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalıdır

Xarici QHT-lər Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalıdır

Bu, bir danılmaz faktdır ki, vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin sürətlənməsində qeyri-hökumət təşkilatlarının rolu kifayət qədər böyükdür. Qloballaşan dünyamızda baş verən ictimai-siyasi prosesləri nəzərə alsaq, vətəndaş institutlarının siyasi partiyalardan daha çox dünya ölkələrində tanındığı və qəbul edildiyi diqqəti cəlb edir. Beynəlxalq təşkilatlar, demokratik düşüncəli dünya xalqları bir ölkə haqqında düzgün məlumat, ədalətli mövqe əldə etmək istədikdə, yalnız vətəndaş institutlarının hesabatlarına istinad edirlər.

Çünki yaranan siyasi partiyalar qarşılarına vəzifələr və məqsədlər qoyurlar. Yəni, hakimiyyət uğrunda mübarizə onları iqtidarın gördüyü işlər haqqında ədalətli mövqe sərgiləməkdən çəkindirir. Qeyri-hökumət təşkilatları isə siyasi hakimiyyət uğrunda mübarizə aparmaq imkanına malik olmadığından, beynəlxalq təşkilatlar daha çox onların rəylərinə əsaslanırlar. Birmənalı şəkildə demək olar ki, bu gün dünyamızda haqlı, ədalətli mövqeyi ilə seçilən kifayət qədər vətəndaş institutları mövcuddur. Məhz bu vətəndaş institutları dünya ölkələrində insan hüquq və azadlıqları ilə bağlı məsələlərə müdaxilə edir, üzə çıxan problemlərin həll olunması üçün səylər göstərirlər. Qısası həmin vətəndaş institutlarının açıq-aydın mövqeləri, hesabatları mövcuddur. Bununla yanaşı, öz qərəzkarlığı ilə seçilən, haqqı-ədaləti danan beynəlxalq tipli vətəndaş institutları var. Hansı ki, bu qurumlar insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olmur, əksinə, hakimiyyətlərə qarşı pozucu yol tutmaqla, öz ölkələrinin müəyyən qüvvələrinin maraqlarını yerinə yetirmiş olurlar. Əksər hallarda həmin pozucu qurumlarla ölkələrin qeyri-hökumət təşkilatları böyük məmnunluqla əməkdaşlıq edirlər. Azərbaycanda da anti-Azərbaycan mövqeli qüvvələrlə yanaşı, vətəndaş institutları ilə öz maraqları çərçivəsində əlaqələr quran qeyri-hökumət təşkilatları var. Hər kəsə məlum olan fakt ondan ibarətdir ki, Leyla Yunusova, Arzu Abdullayeva, Arif Yunusov, Səidə Qocamanlı və bu kimi digər Azərbaycanın qeyri-hökumət təşkilatları ölkəmiz haqqında vaxtaşırı xarici təşkilatlara qərəzli məlumatlar çatdırırlar. Həmin təşkilatlar da böyük həvəslə sapı özümüzdən olan baltaların dezinformasiyalarını reallıq kimi qəbul edib, tərtib etdikləri hesabatlara daxil edirlər.

Son vaxtlar nəzəri cəlb edən maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri L.Yunusova, A.Abdullayeva kimi insanlarla sıx əməkdaşlıq qurub, daxildə gərginlik yaratmağa xidmət edən fəaliyyət göstərməyə çalışırlar. "SOROS", "Milli Demokratiya İnstitutu" kimi xarici vətəndaş institutlarının qərəzli mövqeyi ilə seçilən fəaliyyətləri bu aspektdən sayıla bilər. Dəfələrlə sözügedən bu qurumlar dini və siyasi təbliğatla məşğul olmağa, hakimiyyət uğrunda qərəzli mübarizə yolu tutan siyasi partiya rəhbərlərinə maddi və mənəvi dəstək göstəriblər. Bir neçə dəfə həmin vətəndaş institutlarına ictimaiyyət arasında etirazlar ünvanlansa da, bu etirazlardan nəticə çıxarılmayıb, əksinə, fəaliyyətlərini daha geniş sferada qurmaqla, Azərbaycanın qanunlarına qarşı çıxmağa cəhd göstəriblər.

Xatırlatmaq lazımdır ki, məhz radikal müxalifətin ərəb dünyasında baş verən vətəndaş qarşıdurmasından sonra, icazəsiz mitinqlərə cəhd göstərməsini də "SOROS" və "Milli Demokratiya İnstitutu" kimi xarici QHT-lər maddi-mənəvi dəstək göstərmişdilər. Düzdür, göstərilən dəstəyə baxmayaraq, Azərbaycan ictimaiyyəti müxalifətə qarşı öz etiraz qərarını bir daha nümayiş etdirdi. Keçirilən mitinqlər, pozuculuq aksiyaları iflasla nəticələndi. Bütün bunlara baxmayaraq, onu qeyd etmək yerinə düşər ki, Azərbaycan qanunlarına tabe olub çalışmaq istəyən istənilən xarici təşkilatlara şərait yaradılır. Yetər ki, onlar pozuculuq və təxribatçılıq əməllərindən, eləcə də, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhd edən pozucu qüvvələrlə əməkdaşlıqdan çəkinsinlər.


İ.ƏLİYEV

Digər xəbərlər