Bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında geniş müzakirələr aparılmaqdadır. Ötən həftə sonu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında keçirilən Moskva görüşü də bu silsilədəndir. Prezidentlərin Kazan görüşü öncəsi xarici işlər nazirlərinin görüşü mühüm əhəmiyyət kəsb edirdi. Burada müzakirə olunan məqamlar və mövqelərin razılaşdırılması Kazan görüşünün müzakirələrini şərtləndirəcək.
Moskva görüşünün nəticələri isə müzakirələrin effektiv keçdiyini göstərir. Belə ki, müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərinə dair əsas məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Bu sənədin layihəsi iyunun sonunda növbəti üçtərəfli zirvə toplantısında müzakirə olunacaq. E.Məmmədyarovun dediyinə görə, bununla yanaşı, bəzi açıq qalan məqamlar da var. Lakin o bildirib ki, sülh sazişi üzərində danışıqlar aparmaq üçün imkan var. Qeyd edək ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyırdı.
Ermənistan rəhbərliyinin bu məsələdə də təkbaşına qərar qəbul etməyəcəyi ehtimal olunur. Prezidentin separatçı rejimin nümayəndəlri ilə keçirdiyi görüş və aparılan müzakirələr bunu deməyə əsas verir. Ermənistan mətbuatında yayılan xəbərlərə görə, ötən şənbə günü Ermənistan prezidenti S.Sarkisyan Dağlıq Qarabağ separatçılarının nümayəndə heyətini qəbul edib və Kazan görüşünə hazırlıqlarla bağlı müzakirə aparıb. Nümayəndə heyətinə separatçı rejimin "parlament spikeri" Aşot Qulyan rəhbərlik edib. Aşot Qulyan Yerevanda jurnalistlərə açıqlamasında deyib ki, onların müzakirə masasında olan Madrid prinsiplərinə dair "bəzi iradları" var. "Bu təkliflər daim dəyişir, ona görə hazırda sənədin hansı vəziyyətdə olduğunu demək çətindir. Lakin bizim iradlarımız qüvvəsində qalır" deyə A.Qulyan bildirib. Bununla belə, Qulyan deyib ki, prezidentlərin Kazan görüşündə razılaşma əldə olunacağı istisna deyil. Əvvəllər Ermənistan danışıqları uzatmaq üçün dəfələrlə Qarabağ separatçılarından istifadə edib. Yerevan danışıqlarda bu və ya digər məsələ ilə razılaşdığını bildirsə də, sonradan Xankəndindən Ermənistanın qərarına qarşı çıxıblar, ya da cəbhə xəttində vəziyyəti gərginləşdirməklə prosesi pozublar. Görünür, bu dəfə də separatçı rejim danışıqlarda əldə olunmuş irəliləyişə mane olmaq niyyətindədir.
Buna baxmayaraq, dünya ictimaiyyəti Kazan görüşündə uğura nail olunacağına ümid bəsləyir. "The New-York Times" qəzeti də bu günlərdə məsələni diqqətdə saxlamaqdadır. Qəzet xarici işlər nazirlərinin görüşünün beynəlxalq vasitəçilər tərəfindən münaqişənin həllində dönüş əldə olunması üçün tərəflərə təzyiqləri artırdığı bir vaxtda keçirildiyini qeyd edir. İyunun 25-də Kazanda baş tutacaq prezidentlərin növbəti görüşünün Dağlıq Qarabağ probleminin həllində son illər yaranmış ən yaxşı imkan olduğu bildirilir. Rusiya prezidentinin bu məsələyə ciddi önəm verdiyi və münaqişənin həllinə çalışdığını qeyd edən qəzet, Rusiyanın əsas məqsədinin tərəfləri 5 il bundan əvvəl razılaşdırılmış "baza prinsipləri"nin qəbuluna inandırmaq olduğunu yazıb.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç qəzetə deyib ki, Rusiya, Fransa və ABŞ bu məsələdə mühüm rol oynamalıdır. "Prezidentlər Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozi Azərbaycan və Ermənistan prezidentlərini iyun ayındakı sammitdə "baza prinsipləri"nin qəbulu üçün siyasi iradə nümayiş etdirməyə çağırıb".
Nazirlərin baza prinsiplərinin son variantını razılaşdırmağa nail olduqları haqda xəbərlər Kazan görüşünə diqqəti daha da artırır. Rusiya mənbələrinin xəbərlərinə görə, bu görüşü izləmək üçün xeyli sayda xarici jurnalist Kazanda akkreditasiyadan keçməkdədir. Bu, Kazan danışıqlarına Qərbdə güclü marağın olduğunu göstərir.
Göründüyü kimi, Ermənistan rəhbərliyinin və qondarma Dağlıq Qarabağ rejiminin heç bir səyi danışıqlar prosesində əldə olunmuş irəliləyişi kölgədə qoya bilmir. Bütün cəhdlərə baxmayaraq, Azərbaycan bütün dünyanı danışıqlara cəlb edə bilib. Bunun sayəsində isə beynəlxalq təzyiqlərə davam gətirə bilməyən Ermənistan rəhbərliyi isə geri çəkilib. Hər halda proseslərin görünən tərəfi bundan ibarətdir. Bundan sonra isə sülhün əldə olunması üçün bircə addım qalır: Kazanda təqdim olunan sənədləri imzalamaq. Burada isə yeganə maneəni Ermənistandan gözləmək olar. Onlar tərəfindən hər hansı bəhanə yaradılmayacağı təqdirdə, razılığın əldə olunacağı inandırıcıdır.
Murad İSMAYILZADƏ