PDF Oxu

Araşdırma

  • 57

Kazan görüşü: Ermənistan üçün sonuncu şans

Kazan görüşü: Ermənistan üçün sonuncu şans

Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə az vaxt qaldığı bir zamanda danışıqlar ətrafında müzakirələr davam edir. Siyasi ekspertlər beynəlxalq aləmin də diqqətinin yönəldiyi və Rusiya prezidentinin təşəbbüsü ilə baş tutacaq növbəti görüşdə müsbət nəticənin əldə ediləcəyinə ümüdlə yanaşırlar.

Ekspertlərin fikrincə, Moskva görüşünün müsbət şəraitdə keçməsi Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyişlərin əldə edilməsi üçün atılan addımların səmərəli olacağına ümidləri artırıb. Bununla belə, bir çox siyasilər danışıqların gələcək taleyinin Kazan görüşünün nəticələrindən asılı olduğunu düşünürlər.

AŞPA sədri Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müqavilə imzalanacağına ümid edir. "Səs"in məlumatına görə, bunu AŞPA sədri Mövlud Çavuşoğlu qurumun yay plenar sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ilə bağlı verilən suala cavabında deyib.

Heç kim prezidentlərin bu görüşündə münaqişənin həllinə dair müqavilənin imzalanmamasına sevinə bilməz. Biz bu kontekstdəki irəliləyişlərdən məmnunluq hissi keçiririk",- Çavuşoğlu deyib.

Assambleya hamını- nümayəndə heyətlərinin üzvlərini və üzv ölkələri razı sala bilməz. Bir şeyi bilmək lazımdır ki, biz assambleyanın qəbul etdiyi tövsiyə və qətnamələrin tətbiq olunmasında qətiyyətliyik",- Çavuşoğlu qeyd edib.

Beynəlxalq ictimaiyyət status-kvonun çözülməsini tələb edir

Bu günlərdə Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da danışıqların hansı məcrada davam edəcəyinin Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra bəlli olacağını bildirib: "İnanıram ki, bu görüş ermənilərin oyun oynayıb-oynamadığını aydınlaşdıracaq".

Onun sözlərinə görə, Dağlıq Qarabağ məsələsinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri olan, ABŞ, Rusiya və Fransa prezidentləri səviyyəsində üçüncü dəfədir ki, bəyanat verilir.

Nazir bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tezliklə respublikamızın ərazi bütövlüyü və suverenliyi bərpa edilməlidir. Bunun üçün, ilk növbədə, işğal altındakı torpaqlardan erməni qoşunları çıxarılmalı, məcburi köçkünlər geri qaytarılmalı, bütün kommunikasiyalar və yollar bərpa olunmalı, daha sonra Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir.

E.Məmmədyarov prosesin uzadılmasının mümkünsüzlüyünü vurğulayıb: "İndi beynəlxalq ictimaiyyət Rusiya və Amerika prezidentləri səviyyəsində tələb edir ki, bu status-kvo çözülməlidir".

Sülh danışıqları istiqamətində hər hansı bir irəliləyiş əldə edilməsə, Azərbaycanın digər variantları nəzərdən keçirməsi üçün şərait yaranır. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun qeyd etdiyi kimi, Kazan şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına ümidlər sıfıra enəcəksə, Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququnu özündə saxlayır.

Maraqlıdır ki, son günlərdə Ermənistan rəsmiləri səsləndirdikləri bəyanatlarla konstruktiv mövqe nümayiş etdirməyə çalışır. Belə ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin mayın 26-da imzaladığı Dovil bəyanatının, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskva görüşünün əhəmiyyətindən danışaraq, rəsmi Bakını münaqişənin həllini "uzatmamağa" çağıran işğalçı ölkə rəsmiləri bununla beynəlxalq ictimaiyyətdə sülhə hazır olduqları barədə rəy formalaşdırmağa cəhd göstərirlər.


Elçin Bayramlı

Digər xəbərlər