Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Litva Xalqları İnformasiya Palatası (İNFORUM) idarə heyətinin sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi, Litva Yəhudi İcması Şurasının üzvü Vitaliyus Karakorskis bildirib ki, Litvanın aparıcı portallarından biri olan www.balsas.lt resursunda Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin iki hissədən ibarət məqaləsini dərc edib. Məqalə erməni təbliğatının fitnəkarlıqlarına həsr edilib.
Məqalə ermənilərin bu Baltikyanı ölkədə apardığı təbliğatı ifşa etmək üçün Litvanın Azərbaycan diasporunun vaxtında atdığı cavab addımıdır. Məqalə Dağlıq Qarabağ ətrafında status-kvonun bundan sonra da saxlanması üçün ermənipərəst qüvvələrin göstərdiyi səyləri və məkrli addımları ifşa edir.
V.Karakorskis yazır ki, bir müddət bundan əvvəl, Ermənistan Vahid Liberal Milli Partiyası (MİAK) Litva ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ermənilərin öz versiyası ilə tanış etmək və bu ölkənin siyasətçilərini mümkün qədər qondarma Dağlıq Qarabağ respublikasının tanınmasına sövq etmək məqsədi ilə bir layihə həyata keçirib. Həmin layihə çərçivəsində Litva Seyminin deputatları, parlamentin fraksiya və komitə rəhbərləri, hökumət dəftərxanasının dövlət qulluqçuları, siyasi partiyaların sədrləri, habelə, politoloqlar və Litvanın digər tanınmış ictimai-siyasi xadimləri MİAK nümayəndəsi Arsen Ayriyanın "Dağlıq Qarabağ - həqiqət və faktlar" sərlövhəli müraciətini almışlar. Bu müraciətə erməni təbliğatçıları tərəfindən rus və ingilis dillərində uydurulmuş "tanışlıq oçerki" də əlavə edilib. Müraciət erməni təbliğat mətnlərinin əksəriyyətinə xas olan ruhda tərtib edilib. Mətnin müəllifləri litvalı siyasətçilərdən təkidlə xahiş edirdilər ki, onlar "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması uğrunda mübarizəyə qoşulsunlar.
Məqalədə əsaslandırılmış dəlillərin şərhi kontekstində sürrealist "böyük Ermənistan" ideyasının yırtıcı mahiyyəti bacarıqla açıqlanıb. Bundan əlavə, litvalı oxuculara Qarabağ müharibəsi haqqında real faktlar təqdim edilib. Məqalədə göstərilir ki, həmin müharibədə Rusiya Federasiyası silahlı qüvvələrinin 366-cı alayı və əcnəbi muzdlular Ermənistan tərəfindən iştirak etmişlər. Bundan əlavə, məqalədə ASALA erməni terror qrupu, onun sovet və Suriya xüsusi xidmətləri ilə əlaqələri barədə məlumat verilir.
Mahir Həmzəyev Litva-Azərbaycan mədəni əlaqələrini, habelə, 1918-1922-ci illərdə Litvanın Cənubi Qafqaz ölkələri ilə dövlətlərarası münasibətlərini tədqiq edən tanınmış mütəxəssisdir. Müəllif həmin məqaləni hazırlayarkən litvalıların dünyagörüşünü və onların təfəkkür tərzini nəzərə alıb. Artıq indidən deyə bilərik ki, M.Həmzəyevin bu məqaləsindən sonra sağlam düşüncəli litvalılar Qarabağ tarixini saxtalaşdıranların "yaradıcılığına" daha ehtiyatla yanaşacaqlar. Nüfuzlu litvalı tarixçi və politoloqların fikrincə, bu sanballı məqalə Litvada sovet təbliğat-təşviqatı ruhunda aparılan yalançı təbliğat cəhdlərinə daha bir ciddi zərbə vurmuşdur. Vitaliyus Karakorskisin qənaəti belədir.
ZÜMRÜD