PDF Oxu

Araşdırma

  • 7

Qəbələ RLS-in icarə şərtlərinin dəyişdirilməsi mümkündür

Qəbələ RLS-in icarə şərtlərinin dəyişdirilməsi mümkündür

Son zamanlar müzakirə obyekti olan və diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Qəbələ rayonu ərazisindəki analitik informasiya mərkəzi - Qəbələ RLS-dir. Məlum olduğu kimi, artıq bu ilin sonundan etibarən Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi ilə bağlı 10 illik müqavilənin müddəti bitir. RLS-in gələcək taleyinə isə hələ də aydınlıq gəlməyib.

Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS sovet dövründə SSRİ-nin RƏM sisteminin vacib elementi kimi inşa edilib. Azərbaycanın müstəqillik qazanmasından və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı hadisələrə baxmayaraq, ondan istifadəni davam etdirib.

RLS-in icarəyə verilməsi barəsində onillik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan Parlamentinin müzakirə predmeti olub.

Qəbələ RLS-in icarəyə verilməsi ilə bağıl rəsmi müzakirələr başlamasa da, bir sıra yerli və xarici qurumlar, eləcə də, mətbuat orqanları tərəfindən bəyanatlar verilməkdədir. Təbii ki, Rusiya tərəfi bu məsələdə yenə də aktivlik göstərərək icarənin müddətini uzatmağa çalışır. Bunun Rusiya üçün regional geosiyasi maraqlarını təmin etmək baxımından əhəmiyyəti böyükdür. Odur ki, bu ilin ortalarından Rusiya və Azərbaycan arasında sözügedən stansiyanın icarə müddətinin uzadılmasına dair danışıqların başlanacağına dair xəbərlər də az deyil.

Rəsmi Bakının məsələ ilə bağlı mövqeyi Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun bir müddət bundan öncə, Rusiyanın "Reuters" agentliyinə verdiyi müsahibəsində öz əksini tapmışdır. Qeyd edib ki, biz əməkdaşlığı davam etdirməyə hazırıq, amma şərtlərə yenidən baxmaq lazımdır. O, rəsmi Bakının Qəbələ RLS-in icarə qiymətinin artırılması niyyətinin olduğunu da gizlətməyib. A.Əzimov bunun səbəbini, Rusiyanın icarə müddətini uzatmaq istəyi ilə əlaqələndirib. Nazir müavini rəsmi Bakının konkret hansı məbləği tələb etdiyini açıqlamayıb. Onun sözlərinə görə, risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbilə icarə haqqının məbləği də artırılmalıdır. Qeyd edək ki, 2006-cı ilin əvvəlində Azərbaycan Qəbələ RLS-in illik icarə haqqının 7 mln. dollardan 14,4 mln. dollara qədər artırılması barədə məsələ qaldırmışdı.

ABŞ-ın məsələ ilə bağlı mövqeyinə gəlincə isə, onun Azərbaycanla dialoqu davam etdirməyə hazır olduğu bildirilir. Hər halda, ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro bir müddət bundan öncə, Bakıda keçirilən mətbuat konfransında bildirmişdi. Onun sözlərinə görə, hazırda ABŞ Rusiya ilə və NATO ilə tərəfdaşlıq çərçivəsində raket əleyhinə müdafiə (RƏM) sistemləri məsələsini müzakirə edir.

Göründüyü kimi, Qəbələ RLS-in icarəyə verilməsi məsələsi aktual olaraq qalmaqdadır. Azərbaycan üçün də çox mühüm əhəmiyyət kəsb edən bu obyektdən kimin istifadə etməsi də regional siyasətin müəyyənləşdirilməsində və burada maraqları olan ABŞ və Rusiya kimi dövlətlərin maraqlarının təmin olunmasında yüksək əhəmiyyət daşıyan məsələdir. Odur ki, Azərbaycan dövləti də RLS-in icarəyə verilib-verilməməsindən asılı olmayaraq, onun ölkəmizin milli maraqlarına uyğun şəkildə istifadə olunmasına çalışır. Məhz bu prinsipdən irəli gələrək, 2012-ci ilin yanvarından etibarən RLS-i kimin icarəyə götürəcəyi məlum olacaq.


MURAD

Digər xəbərlər