"Forbes" jurnalı Ermənistanı iqtisadi vəziyyəti ən acınacaqlı durumda olan ölkələrin siyahısına salıb
Nüfuzlu "Forbes" jurnalı 2011-ci ilin ortaları üçün iqtisadi vəziyyəti ən acınacaqlı durumda olan ölkələrin siyahısını müəyyənləşdirib. Həmin siyahıyaya görə, ən pis iqtisadiyyata malik ölkə Madaqaskardır. Siyahıda Madaqaskardan sonra Ermənistan gəlir. Jurnal Ermənistanın heç cür iqtisadi böhrandan çıxa bilmədiyini də yazır: "2009-cu ildə Ermənistanda ümumi daxili məhsul birdən-birə 15 faiz düşüb. Üstəlik, ölkədə yüksək inflyasiya (7 faizdək) qalmaqdadır. Adambaşına düşən ÜDM-in həcmi 3 min dollardan azdır".
Göründüyü kimi, bu faktlar onu deməyə əsas verir ki, ilin sonunadək bu işğalçı ölkənin əhalisinin 70 faizi gəlirlərinin ən azı 17 faizini itirəcək. İqtisadçı Vüqar Bayramlının "Səs"ə verdiyi açıqlamasına görə, bütün inkişaf imkanlarından məhrum olan işğalçı Ermənistanın iqtisadiyyatı ilin sonunadək tamamilə çökəcək: "Nüfuzlu "Forbes" jurnalının açıqlaması bunu bir daha göstərir ki, Ermənistanın bu ilin sonuna kimi, iqtisadi vəziyyəti ən acınacaqlı durumda olacaq. Ölkə rəhbərliyi hər ay "artım" göstəricilərinə əsaslanaraq nikbin proqnozlar səsləndirsə də, işsizlik və səfalətdən əziyyət çəkən Ermənistan əhalisini rəqəmlərlə doyurmaq mümkün deyil. Yeri gəlmişkən, Serj Sarkisyan rejiminin yalanlarını qəbul edə bilməyən Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan ölkənin üzləşdiyi ağır durumun əhaliyə olduğu kimi çatdırılmasını tələb edib. B.Asatryan rəsmi Yerevanın Ermənistanda qiymətlərin azalması ilə bağlı yaydığı məlumatı təkzib edərək ölkədə nəinki qiymətlərin azalmasının, heç azalma meyilinin belə müşahidə edilmədiyini vurğulayıb: "Ölkədə hökm sürən bu vəziyyət hakimiyyətin yanlış siyasətinin nəticəsidir". Onun proqnozlarına görə, ilin sonunadək Ermənistan əhalisinin 70 faizi gəlirlərinin ən azı 17 faizini itirəcək. Keçmiş bank rəhbəri əlavə edib ki, Ermənistan iqtisadiyyatının inkişaf perspektivləri sıfıra bərabərdir".
V.Bayramlı onu da bildirdi ki, bu gün Ermənistan iqtisadiyyatı elə bir qarşısıalınmaz fəlakətlə üzləşib ki, "Forbes" jurnalının açıqlamada irəli sürdüyü faktları inkar etmək üçün rəsmi Yerevanın əlində heç bir əsas yoxdur: "Çünki ölkə iqtisadiyyatı bütün sahələr üzrə tənəzzülə uğrayır. İstehsal sahələrinin böhranlı vəziyyəti daxili tələbatı ödəyəcək qədər məhsul istehsalına imkan vermir. Bu səbəbdən müxtəlif növ məhsullara tələbatın ödənilməsi idxal hesabına həyata keçirilir. Ermənistanın xarici borcunun dövlət büdcəsini üstələməsi isə onsuz da maliyyə durumu ağır vəziyyətdə olan bu ölkəni daha da çökdürür".
Deyilənləri ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, Sarkisyan rejimi yeritdiyi indiki daxili və xarici siyasətdə köklü dəyişikliklər etmədən Ermənistanı düşdüyü bəlalardan xilas edə bilməz. Sadalanan bütün problemlərin kökündə isə Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan silahlı birləşmələrinin qanunsuz nəzarəti altında saxlanmasıdır. Ermənistan iqtisadiyyatının çökməsinin qarşısını almağın yeganə yolu rəsmi Yerevanın işğal siyasətinə son qoymaqla ölkənin regional əməkdaşlığa inteqrasiyasını təmin etməkdir.
Rəfiqə Hüseynova