PDF Oxu

Araşdırma

  • 24

Yalan üzərində qurulmuş “göstərici” siyasət

Yalan üzərində qurulmuş “göstərici” siyasət

Son günlər İranın xarici siyasətində məntiqsizlik və səmimiyyətsizlik kimi amillərin nəzərə çarpması istər ictimaiyyət, istərsə də müəyyən dairələr tərəfindən ciddi qınaq obyektinə çevrilmişdir. Bir tərəfdən Azərbaycanla mehriban qonşuluq siyasətini yürütdüyünü iddia edən rəsmi Tehran, təəssüf ki, bu addımlarını sözdə sərgiləyir.

Bu və digər məqamlara toxunan Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu İranın xarici siyasətinin məntiqsizliyini, ziddiyyətliliyini, savadsızlığını, elmi və informasiya tutumunun azlığını müəyyən qədər antiazərbaycançılıqla izah etməyin mümkün olduğunu vurğulayıb: "Amma İran özünü elə təqdim edirdi ki, guya Azərbaycan xalqını sevir, sadəcə, hakimiyyət pisdir. Ötən bir ay ərzində Azərbaycan Respublikasında baş vermiş üç hadisəyə rəsmi Tehranın münasibəti, hətta İranla bağlı ən optimist fikirləri şoka saldı:

1) İyunun 26-da Azərbaycanda hərbi parad keçirildi. Doğurdan da, möhtəşəm parad idi. Həm hərbçilərin strukturu, həm düzülüşü və davranışı, həm də nümayiş olunan hərbi texnika bunu deməyə əsas verir. İranın rəsmi təbliğat maşını Azərbaycanın hərbi paradını, necə deyərlər, "vurmağa başladı". Guya adamlar hərbi parada tamaşa etməyə buraxılmayıb, guya hərbi paradın televiziya nümayişi canlı olmayıb, 40 dəqiqəlik fasilə ilə nümayiş olunub, guya Bakı səmasındakı təyyarələri azərbaycanlı pilotlar yox, İsraildən gəlmiş pilotlar idarə edib.

İsraillə bağlı deyilənləri başa düşürük. İndiki İran siyasətçiləri ətinə-qanınadək müstəqilliyinin nə olduğunu bilmirlər. Ona görə Azərbaycanı da belə təsəvvür edirlər. İranın yəhudi məsələsini ideallaşdırmasında başqa məsələ də var: rəsmi Tehran bütün dünyaya mesaj verir ki, o, ermənilərin ağalığını rədd edir, yəhudilərin ağalığını qəbul etmək istəyir. Dünya da o qədər insafsızdır ki, İranın erməni ağasını hələ də yəhudi ağası ilə əvəzləmək istəmir. Amma hərbi məsələdə elə şey var ki, başa düşülmür. Azərbaycan Respublikasının ümumi hərbi qüdrətinin artmasından narahat olan İranın ən çox irad bildirdiyi məsələlərdən biri də "S-300" zenit raket kompleksi ilə bağlıdır. Guya "S-300" ZRK həm qiymətdə bahalıdır, həm də onun qulluğuna çoxlu pul xərclənir. Açıq aydın görünür ki, İran Azərbaycanın hərbi cəhətdən güclənməsinin əleyhinədir.

2) İyulun əvvəllərində Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirildi. Qurultayda İran vətəndaşları olan azərbaycanlılar iştirak etmədi, çünki rəsmi Bakı dəvət etməmişdi. Rəsmi Bakı İrandakı azərbaycanlıları Azərbaycan diasporu yox, İran İslam Respublikasının vətəndaşı hesab edir. Bu mövqenin səhv və ya düz olması ayrı mövzudur, amma faktdır ki, biz İran azərbaycanlılarını İran vətəndaşları hesab edirik. Dünya azərbaycanlılarının sayı da bu qurultayda rəsmən göstərilmədi. İran rəsmi Bakının bu addımlarının mahiyyətini başa düşdümü?! Yox. İrana Azərbaycana qarşı düşmənçilik üçün yeni formullar lazımdır. Və onu da yarada bildi. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasını dünya azərbaycanlılarının yeganə dövləti və dayağı hesab etməsi rəsmi Tehranın xoşuna gəlmədi. Təbliğat maşını bu qurultayı da "vurdu", hətta çox ədəbsiz bir məsəl də çəkdi. Belə nəticə çıxır ki, rəsmi Tehran dünya azərbaycanlılarının Azərbaycan cəmiyyəti ətrafında toplaşmasını və beləliklə, Azərbaycan cəmiyyətində güclü birliyin yaranmasının əleyhinədir.

3) Ölkə Prezidenti 2011-ci ilin birinci yarısında ölkənin sosial-iqtisadi həyatında baş verən dəyişikliklərə yekun vurdu. Ölkə Prezidentinin bu tədbiri son 4-5 ildə ənənəvi hal almışdır və hər ildə 4 dəfə keçirilir. Heç bir zaman rəsmi Tehran Azərbaycan Prezidentinin iqtisadi müşavirədə dediklərinə indiki kimi tənqidi mövqe nümayiş etdirməmişdi. Görünür, hərbi parad və Dünya Azərbaycanlılarının III Qurultayı Tehranda başda oturanları, başqa millətlərdən və başqa dinlərdən özləri üçün ağa axtaranları şok vəziyyətinə saldığı üçün nə etdiklərini bilmirlər. Guya Azərbaycan Prezidentinin həmin müşavirədə səsləndirdiyi rəqəmlər yalandır, guya Azərbaycanda heç bir sosial-iqtisadi inkişaf yoxdur. Son illərdə Azərbaycan yoxsulluğun aradan qaldırılması və adambaşına düşən ÜDM-ə görə İranı üstələyib. Neft və qaz ehtiyatlarına görə dünyada üçüncü-dördüncü yerdə olan İran əsas sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri içərisində ikinci yüzlükdədir. Rəsmi Tehranın Azərbaycanın iqtisadiyyatına münasibəti təkcə qısqanclıqla müəyyənləşmir. Doğrudan da, "Azərbaycanın artan iqtisadi qüdrəti İranı ciddi narahat edir" nəticəsinə gəlmək mümkündür".

Politoloqun sözlərinə görə, "Qəribəlik isə burasındadır ki, İran Azərbaycanı Qarabağı azad edə bilməməkdə ittiham edir. Məntiqsiz və ziddiyyətli mövqedir. Birliyimizin, iqtisadi gücümüzün və hərbi qüdrətimizin əleyhinə çıxış edən İranın Qarabağın azad olunması ilə bağlı mövqeyi tamam ayrı mənalara gətirib çıxarır. Milli birliyimiz, güclü iqtisadiyyatımız və hərbi qüdrətimiz olmadan, Qarabağı necə işğaldan azad edək, ay İran rəhbərliyi?!"

R.HÜSEYNOVA

Digər xəbərlər