PDF Oxu

Araşdırma

  • 16

“Freedom House” ermənilərin əlində olan beynəlxalq QHT-dir

“Freedom House” ermənilərin əlində olan beynəlxalq QHT-dir

Azərbaycanda bütün sahələrdə gedən inkişaf və tərəqqiyə, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə qısqanclıqla yanaşan bir çox xarici qeyri-rəsmi təşkilatlar mövcuddur ki, onlar zaman-zaman müəyyən sifarişlər əsasında hesabatlar yayır, həmin hesabatlarında qərəzli fikirlər səsləndirirlər. Əlbəttə ki, belə qondarma QHT-lərin bilavasitə düşmən və təcavüzkar Ermənistanla əlaqələri də mövcuddur.

Bu mövcudluq qarşılığında isə kirli valyutaların dövr etməsi artıq yetərincə təsdiq edilib. Həmin vəsaitlərin hazırda ölkədə fəaliyyət göstərən müəyyən siyasiləşmiş QHT-lərin və xəyanətkar mövqe nümayiş etdirən "hüquq müdafiəçiləri"nin ciblərinə axdığı da sirr deyildir. "Freedom House"nin məlum qərəzli hesabatına qarşı hiddətlərini bildirən bir sıra QHT və ictimai birlik sədrləri ümumi mövqe nümayiş etdirərkən bildiriblər ki, bu addımların qarşısının alınması istiqamətində qəti tədbirlər görməyin zamanı çatıb. "Zəngin Azərbaycan Uğrunda" İctimai Birliyinin sədri, Milli QHT Forumunun idarə heyətinin üzvü İradə Əliyeva məsələyə münasibət bildirərkən deyib ki, "Freedom House" kimi qərəzli bir təşkilatın açıqlamalarına əhəmiyyət vermək lazım deyil: ""Freedom House" təşkilatı ermənilərin nəzarətində olan qurumlardan biridir və onların maliyyə dəstəyi ilə işləyir. Buna görə də, bir qayda olaraq, Azərbaycanda mətbuatla, ictimai birliklərlə, siyasi təşkilatlarla və digər məsələlərlə bağlı qeyri-obyektiv, qərəzli və birtərəfli məlumatlar verir."

Əsasən, jurnalistlərin fəaliyyətinə dair qondarma hesabatlar yayan xarici təşkilatın mövqeyinə açıqlama verən İ.Əliyeva onu da bildirdi ki, Azərbaycanda Mətbuat Şurası fəaliyyət göstərir: "Bu qurumun dövlətə heç bir aidiyyəti yoxdur, jurnalistlərin özlərinin yaratdıqları bir qurumdur. Burada iqtidar, müxalifət və müstəqil mətbuatı təmsil edən təcrübəli insanlar var. İndiyə qədər görünməyib ki, "Freedom House" təşkilatının bir nümayəndəsi hesabat yaymazdan əvvəl, Mətbuat Şurasına gəlib öz iradlarını desin, MŞ üzvlərinin mövqeyini dinləsin və mətbuatın vəziyyəti ilə konkret faktlar əsasında tanış olsun. Əgər söhbət obyektivlikdən gedirsə, o zaman tənqid olunan və müstəqil tərəflərin də mövqeləri öyrənilməlidir." İ.Əliyeva onu da bildirib ki, "Freedom House" kimi təşkilatlar hesabatlarını Azərbaycanda adını müstəqil qoyan və əslində, Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən hüquq müdafiəçiləri və QHT-lərin arayışları əsasında hazırlayırlar: "Həmin hüquq müdafiəçiləri və QHT-lər "Freedom House" kimi qurumlardan qrant almaq üçün reallığı deyil, həmin qurumlara xoş gələn, onların maraqlarını təmin edən arayışlar hazırlayırlar. Əslində, bir dəfə bir arayış hazırlanıb və hər dəfə növbəti hesabatın vaxtı çatanda rəfdən həmin arayış götürülür və bunun əsasında hesabat hazırlanır".


R.NURƏDDİNOĞLU

Digər xəbərlər