Dünən "Trend" İnformasiya Agentliyində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ayda ölkədə və dünyada baş verən proseslərlə bağlı hesabatında bildirib ki, yaxın zamanlarda Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində daha da aktivləşə bilər.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın əsas manevri Rusiyanı qorxutmaq üzərində qurulub: "Serj Sarkisyan Rusiyanı Ermənistanın Türkiyəyə inteqrasiya etməsi ilə qorxudur. Rusiya, doğrudan da, qorxur. Azərbaycanın təbliğat maşınının zəifliyi buradadır. Azərbaycan Ermənistanın Türkiyəyə tərəf keçməsinin qarşısını almaqla, Rusiyaya kömək etmiş olur. Rusiyada isə bunu başa düşmürlər".
O, qeyd edib ki, Türkiyə ilə Ermənistan iş adamları arasında əlaqələr genişlənir.
Politoloq Sarkisyanın Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı verdiyi bəyanata da münasibət bildirib. Onun sözlərinə görə, Ermənistanın heç bir rəhbər şəxsi Türkiyə ərazisinə iddia irəli sürməyib. Bu, müasir tarixdə ilk dəfə baş verir.
M.Əhmədoğlu əlavə edib ki, Türkiyədə bəzi siyasətçilər Ermənistan prezidentinin bu bəyanatını Ermənistanın Türkiyəyə qarşı müharibə elan etməsi kimi dəyərləndirirlər.
Politoloq Ermənistandakı vəziyyəti də şərh edib: "İqtisadi vəziyyətinin pisliyinə görə Ermənistanın dünyada ikinci dövlət olması ilə bağlı "Forbes" jurnalında çap olunmuş məlumat Ermənistanda ictimai-siyasi vəziyyəti ciddi surətdə qarışdırdı. Ermənistanın sosial-iqtisadi vəziyyəti də getdikcə ağırlaşır. Sosial-iqtisadi vəziyyətdən narazı olanlar bu ölkəni tərk edirlər. İndi Ermənistana heç bir dövlət açıq dəstək vermir. Bu baxımdan ermənilərin istifadə etdiyi bleflər, ən nəhayət ki, özləri üçün əks-effekt yaradacaq. Ermənistanda investisiya layihələri azalacaq, sosial-iqtisadi vəziyyət ağırlaşacaq, miqrasiya artacaq, demoqrafik vəziyyət daha da pisləşəcək".
AYTƏN SƏMƏDOVA