Dünyada terroru dəstəkləyən dövlətlərdən biri də işğalçı Ermənistandır. Bu gün törətdiyi saysız-hesabsız cinayətlərə, qətliamlara, soyqırımlara görə fəxr edən Serj Sarkisyan ölkəsinin tənəzzülə, iflasa uğramasının qarşısını almaqda acizlik göstərir. İşğalçı ölkə tamamilə ümidsizlik, böhran, tənəzzül, səfalət içindədir. Əhali, demək olar ki, kütləvi şəkildə Ermənistanı tərk edib, yaşamaq və işləmək üçün digər ölkələrə üz tutur. İşğalçı ölkədə baş verən bütün bu proseslər Serj Sarkisyanın uğursuz siyasətinin nəticəsidir.
Öz şəxsi ambisiyalarını, maraqlarını güdən Ermənistan prezidentinin nə daxili, nə də xarici siyasətdə heç bir uğuru olmadı. Sadəcə olaraq, ölkədə hökm sürən özbaşınalığı, anarxiyanı, xaosu ört-basdır etmək üçün sərsəm və məsuliyyətsiz bəyanatlar verir.
Politoloq Qabil Hüseynli qəzetimizə verdiyi açıqlamasında vurğuladı ki, Sarkisyanın ədalətsiz, qeyri-konstruktiv mövqeyi Ermənistanın əleyhinə işləyir. Siyasət arenasına təsadüf nəticəsində gəlmiş Serj Sarkisyandan bundan artıq heç nə gözləmək mümkün deyil. Çünki məntiqli fikirlər söyləmək, konstruktiv mövqe nümayiş etdirmək onun düşüncəsindən xaric məsələdir.
Politoloq onu da bildirdi ki, yenidən ABŞ, Rusiya və Fransa prezidentlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulur: "Düşünürəm ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlət başçılarının vasitəçiliyi ilə keçirilən Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşündə də Sarkisyan müxtəlif bəhanələrə əl atıb danışıqlar prosesini pozmağa çalışacaqdır. Çünki hər görüşdə Ermənistan prezidenti ənənəvi taktikasına sadiq qalaraq danışıqları yubadıb, ermənilər tərəfindən tez-tez atəşkəs rejimi pozulub, günahsız uşaqlar erməni snayperinin atəşinə tuş gəlib."
Politoloq Q.Hüseynli işğalçı ölkədə yaşayışın həddindən artıq çətin olduğunu da vurğuladı: "Gələn il işğalçı ölkədə prezident seçkiləri keçiriləcək. Sarkisyan isə, oturduğu "prezident"lik kürsüsünü itirməkdən əməlli-başlı qorxur. Çünki Ermənistana heç bir uğur, nailiyyət, rifah qazandıra bilməyib. Ermənistan bütün dövlət əhəmiyyətli layihələrdən kənarlaşdırılıb. Ən kasıb, zəif inkişaf etmiş ölkələr sırasındadır. Bax, Ermənistanın bugünkü reallığı bundan ibarətdir. Bu gün işğalçı ölkə başdan-ayağa səfalət, rəzil vəziyyətdədir. 2008-ci ildə Yerevanı qan çanağına döndərərək, güc yolu ilə hakimiyyətə gələn Serj Sarkisyan, deyəsən, Ermənistana "Ərəb Baharı"nın da gəlməsinə səbəbkar olacaq".
Qabil Hüseynli əlavə etdi ki, təcavüzkar ölkə üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi daşınması ağır olan yükə çevrilib. Serj Sarkisyan, Seyran Ohanyan, Robert Köçəryan kimilərinin əlləri günahsız xocalıların qanına batıb. Onlar bir qrup cinayətkar dəstədir. Hər birinin Dağlıq Qarabağın işğalında güclü klanı olub. Separatçı qüvvələr işğal etdikləri Azərbaycan ərazilərində qeyri-qanunsuz silahların, narkotik alverinin alışı və satışı ilə məşğuldur. Təbii ki, onlar öz "gəlir mənbə"lərinin bitməsini istəməzlər.
Azərbaycan-Türkiyə münasibətlərinə də toxunan politoloq Q. Hüseynli iki qardaş ölkə arasında davam edən münasibətlərin çox qənaətbəxş hal olduğunu vurğuladı:" Bu gün Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tutduğu mövqe çox təqdirəlayiq haldır. Rəsmi Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə çözülməsinin tərəfdarıdır. Azərbaycan və Türkiyə dövləti regionda savaşın, müharibənin əleyhinədir. Beynəlxalq təşkilatlar Ermənistan kimi işğalçı ölkə ilə işğala məruz qalmış Azərbaycan dövləti arasında fərq qoymalıdır. Azərbaycan dövlətinin haqq işi, ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən, birmənalı olaraq, dəstəklənməlidir.
AYLANA RZAYEVA