Hazırda dünyanı bürümüş iqtisadi böhranla yanaşı, regionun bir sıra dövlətlərində siyasi böhran da öz həddini aşmaqdadır. Regionun yeganə dövləti olaraq Azərbaycan seçdiyi inkişaf yolundan bir an belə dönmür, hədəflədiyi prioritetlərə sadiqlik nümayiş etdirir. Bu isə Azərbaycanın bütün mənalarda bölgənin lider dövləti olduğunu bir daha təsdiq edir və ölkənin inkişafını stimullaşdırır.
Bütün bunların fonunda regionun digər bir dövlətində - Ermənistanda vəziyyət günü-gündən pisləşir. İşğalçı ölkədə siyasi-iqtisadi böhran pik həddinə çatıb. Bu gün Ermənistan tam asılı vəziyyətə düşüb, ölkənin bütün infrastrukturu: təhsil, səhiyyə, nəqliyyat, hətta ticarət sektoru da mafioz qüvvələrin nəzarətindədir.
Həmçinin, Ermənistanda yoxsulluğun səviyyəsinin 50 faizdən artıq olduğunu nəzərə alsaq, qarşıdakı dövrdə ölkəni hansı problemlərin gözləyəcəyini proqnozlaşdırmaq elə də çətin olmaz. Bu gün Ermənistanda orta aylıq əməkhaqqı 50 dollardan aşağıdır. Təqaüdlərin həcmi isə, demək olar ki, 20 dollara bərabərdir. 2010-cu ildə Ermənistana qoyulan investisiyanın həcmi isə cəmi 115 milyon dollar olub, bu isə Azərbaycanın müvafiq göstəriciləri ilə müqayisədə 40 dəfə azdır. 2010-cu il büdcəsi isə 2 milyard dollardan bir az artıqdır ki, bu da Azərbaycanın dövlət büdcəsindən 10 dəfə az təşkil edir. Beləliklə, Ermənistanda vəziyyət kifayət qədər ağırlaşır.
Belə bir kritik dövrdə Ermənistan prezidentinin ölkəsində faşist təmayüllü çıxışlar etməsi diqqətdən kənarda qalmır. Bir müddət əvvəl Türkiyənin şərq vilayətlərinə qarşı ərazi iddiası ilə çıxış edib erməni gənclərini qonşu xalqlara qarşı fitnəkar siyasətə sövq edən Ermənistan prezidenti yenə də öz ampluasındadır. Belə ki, Göyçə gölündə "Birlik" Gənclər Təşkilatının üzvləri ilə görüşən S.Sarkisyan növbəti dəfə erməni gənclərini özünün fitnəkar siyasətinin girovuna çevirməyə cəhd göstərib. Lakin gəlin baxaq, Ermənistan prezidentinin məhvə sürüklədiyi erməni gəncliyi bu gün hansı durumdadır. Ermənistan prezidenti düşünmür ki, faktiki olaraq, bu gün onun ölkəsində ən ağır yük altında, məhrumiyyətlərə düçar olan məhz gənclərdir. Ermənistan hakimiyyətinin ağız dolusu "Erməni gəncləri ölkənin qarantıdır" sözlərini isə ekspertlər yerdən-yerə vururlar. Təbii ki, konkret faktlarla. Bir müddə əvvəl Yerevanda toplantı keçirən erməni həkim və psixoloqlar da artıq vəziyyətin dözülməz şəkil aldığını bəyan ediblər. Onlar bildiriblər ki, sosial-iqtisadi problemlərin içində boğulan erməni gənclərinin bir qismi dəlilik həddinə çatıb və psixoloji problemlər içində boğulurlar. Onların sözlərinə görə, bununla yanaşı, erməni gəncləri arasında son bir ildə dəlilik əlamətlərinin artması halları ötən ilə nisbətdə 20 faiz artıb.
"Diaqnostika" Tibb Mərkəzinin rəhbəri Marina Orduyan, həmçinin, onu da deyib ki, belə xəstələr sırasında son illər gənclərin üstünlük təşkil etməsi təhlükəli məqamlardan xəbər verir. O, hesab edir ki, ölkədə gənclər arasında psixi xəstələrin sayının artması birbaşa sosial-iqtisadi problemlərlə bağlıdır. Nəzərə alsaq ki, intihar, özünə və başqalarına qəsd etmə halları insanın psixoloji gərginliyinin əlamətləridir, o zaman hazırda Ermənistan ordusundakı vəziyyətin hansı dözülməz səviyyədə olduğu başadüşüləndir. Ermənilərin ordusunda intiharlar, əsgərlərin öz aralarındakı münaqişələri, ölüm halları artıq mütəmadi xarakter alıb. Bunun nəticəsi olaraq ölkənin içində baş qaldırmış ciddi sosial narazılıqlar isə hökumət üçün başağrısına çevrilib.
Erməni iqtisadçılarının apardığı araşdırma nəticəsində məlum olub ki, Ermənistanda bu il inflyasiyanın həddi 107 faizə qədər artacaq. Onların sözlərinə görə, hal-hazırda bahalaşma sürətlə gedir və əsasən, ərzaq məhsullarını əhatə etməkdədir. Onların rəyinə görə, baş verən prosesin fonunda Ermənistanın valyutası olan dramın da dramatik günləri başlayıb. Ekspertlər hesab edirlər ki, Ermənistan Milli Bankı, ümumiyyətlə, dəftər-kitabını itirib və nə edəcəyini bilmir. Onların tapdığı optimal yol isə prosesləri təbii axarı ilə buraxmaqdan ibarətdir.
Əksəriyyət bu fikirdədir ki, Ermənistan hakimiyyətinin müəyyənləşdirdiyi büdcə daha çox əhalinin ölməməsi üçün nəzərdə tutulub. Burada inkişaf və ya iqtisadi artıma rəvac verə biləcək heç bir element barədə düşünülməyib. İri layihələrin maliyyələşdirilməsinin azaldılması, sosial sferada bir çox işlərin görülməsi üçün az miqdarda pulun ayrılması, habelə, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün nəzərdə tutulan işlərin vəsaitlə təmin edilməməsi Ermənistanda maliyyə çatışmazlığından xəbər verir. Erməni ekspertləri hesab edirlər ki, yeni ildə ölkədə növbəti iqtisadi problemlər və sosial partlayışlar baş verəcək. Onlar hesab edirlər ki, bunun qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir.
R.Əliyev