İranın indi ən təhlükəli dövrüdür. Azərbaycan Respublikasını çıxmaq şərtilə ətrafındakı bütün qonşularından ona qarşı təhlükə axır. Ərəb inqilabları ərəb rejimlərini dəyişsə də, İrana qarşı münasibəti zərrə qədər də dəyişməmişdir. Əksinə, indi İran özünü daha az təhlükəsiz hesab edir. Ərəb dövlətlərinin böyük əksəriyyəti getdikcə daha da antiiran olur, Səudiyyə Ərəbistanını özləri üçün lider seçməyə hazırlaşırlar. İran-Türkiyə münasibətləri hətta şah rejiminin devrildiyi, Qərbin İrandakı maraqlarının da uçulub-dağıldığı dövrdə də indiki qədər gərgin olmamışdı. Suriya məsələsinə görə "müharibə" termini İran-Türkiyə münasibətlərində açıq mətnlə işlənir. İran nəinki Türkiyəyə, hətta Türkiyənin mində biri qədər olan hansısa bir dövlətə hücum edə bilməz, çünki beynəlxalq ictimaiyyət BMT TŞ-dən müharibə sanksiyası əldə etmək üçün bəhanə axtarır.
Belə vəziyyətdə İrana qarşı aşkar "müharibə" deyən dövlətlər olduğu halda bədnam məşhur general S.H.Firuzabadi Azərbaycana, onun rəhbərliyinə hədə gəlməyə başladı. Azərbaycan İranın o qonşusudur ki, İrana qarşı təhlükə yaratmır və təhlükənin yaranmasında iştirak etmir. İran tərəfinin Azərbaycan Respublikasının daxilində Allahı, ədaləti, məntiqi, normal qonşuluğu danaraq gördüyü işlər də Azərbaycan Respublikası rəhbərliyinin İrana qarşı münasibətini dəyişməmişdir. ABŞ-ın İrana qarşı müharibəsi üçün İran ətrafında qurduğu halqanın bağlanması lazımdır. Azərbaycan İran ətrafındakı halqanı qapayan, bağlayan dövlətdir, amma halqanı qapamır. Antiiran aksiyalarda iştirak etməməklə Azərbaycan özünü ABŞ tərəfindən təzyiqlərə məhkum edir. ABŞ-ın Azərbaycan Respublikasına qarşı İranla bağlı təzyiqlərinin əsaslı olması üçün İran əlindən gələn hər şeyi edir. General Firuzabadinin bəyanatı bu sırada hələ ki sonuncusudur. Bundan da əvvəl İran tərəfdən Azərbaycana belə hədələr gəlib, bundan da sonra belə hədələr olacaqdır. İranın dini lideri S.Ə.Xameneyinin yaxını hesab olunan general Firuzabadinin indiki bəyanatına iki kontekstdən yanaşmaq olar:
a) Bu general ruhi xəstədir. Bəyanatı verdikdən sonra rəsmi Tehran onun bəyanatının təhlükəliliyini başa düşdüyünə görə dərhal təkzib etdi. Son vaxtlar rəsmi Tehran bir neçə dəfə belə təkzib verməyə məcbur olub. Hətta rəsmi Tehran Türkiyənin Suriyaya müharibə edəcəyi təqdirdə İranın da Türkiyəyə müharibə edəcəyini və ya Suriyanı hərbi yolla dəstəkləyəcəyi ilə bağlı hərbçilərdən birinin verdiyi bəyanatı təkzib etməli oldu. Firuzabadi bəyanatı rəsmi Tehran tərəfindən təkzib olunandan sonra İranın Azərbaycandakı səfirinin üzərinə mətbuat vasitəsilə hücum çəkdi ki, "Niyə mənim bəyanatımı təkzib etmisən?" Bu adamın ağlını şübhə altına qoymaqdan başqa çarə yoxdur;
b) bu adam dini liderin ətrafına yerləşdirilmiş casusdur. Qərbin ən çox çalışdığı məsələlərdən biri də dini liderin ətrafına casus yerləşdirməkdir. Qərbin əlində İrana, o cümlədən onun rəhbərliyinə gedən ən böyük "dəhliz" Ermənistan vasitəsilə keçir. Firuzabadi İran-Ermənistan münasibətlərinin təməlindən xəbəri olan adamdır. Bu kontekstdən Firuzabadiyə bir suala cavab verməyi məsləhət bilərdik. 2009-cu il iyulun 16-da Tehran-Yerevan marşrutunda uçan təyyarənin qəzasında 10-a yaxın yüksək rütbəli və ixtisaslı İran hərbçisi məhv oldu. Hərbi Hava Qüvvələri üzrə mütəxəssis olan bu şəxslərin Ermənistana göndərilməsi ilə bağlı sənədinin altındakı imza hansı generalındır? Məlumat üçün Firuzabadiyə bildirək ki, iranlı mütəxəssislər Ermənistanın Hərbi Hava Qüvvələrini yenidən qurmaqla məşğul idilər. Tələf olanadək həmin mütəxəssislər iki dəfə Ermənistanda uzunmüddətli ezamiyyətdə olmuşdular. Həmin hərbçilərin Ermənistandakı fəaliyyətlərinin detallarına varmaq istəmirəm. Amma Firuzabadidə belə hərbçilərin mövcudluğu ilə bağlı şübhə yaranarsa, dəlilimizi möhkəmləndirmək üçün əlavə arqumentlər və faktlar təqdim edəcəyik. Həmin hərbçilərin siyahısını isə indi təqdim edirəm:
1. General mühəndis Alireza Zebardart Barzin
2. General mühəndis Mehdi Barfroshan
3. Polkovnik mühəndis Naser Teymuri
4. Mühəndis Mohsen Novruzpur
5. Mühəndis Ali Nazari Şakib
6. Mühəndis Vahid Rafiei
7. Mühəndis leytenant Vahidreza Dehganiya
8. Mohamad Hadi Beheshti Nejat
9. Seyid Kazım Seyid Aliroteh
10. Meğdad Müalemian Gürji
Firuzabadinin bəyanatından dərhal sonra Ermənistanın hökumətə yaxın ekspertləri Qərblə İranın münasibətlərinin gərginləşməsi, Qərbin İranı bölməyə hazır olması ilə bağlı ideyaları dövrəyə buraxdılar. Qərb guya İran Azərbaycanını ayırıb, Azərbaycan Respublikasına verəcək. Ermənilər özlərini unutmadılar; guya əvəzində də Qarabağ ermənilərə veriləcək. Firuzabadinin antiazərbaycan və ermənipərəst mahiyyətli bəyanatı İran üçün ən ağır dövrdə verildi və eyni zamanda antiiran bəyanata çevrildi. Heç bir casusa, o cümlədən Firuzabadiyə də buynuz qoymayıblar.
Yeri gəlmişkən, ABŞ Əfqanıstanda narkoplantasiyaları bilərəkdən məhv etmir. Narkotranzitin qarşısını ala bilməyən İran güclü deyil, zəif İrandır.
Neft satışından İran ildə 8-10 milyard dollar pul itirir. Qərb maliyyəçilərinin qurduğu bu mexanizm iranlıların rolu olmadan fəaliyyət göstərə bilməz. Bu sxem və iranlılar aşkar fəaliyyət göstərirlər. Dünya maliyyə sistemində yəhudulərin rolu dünya mətbuatında olduğundan daha çoxdur. İran rəhbərliyi sosial-iqtisadi sahədə olan bütün, hətta şahdan qalma güzəştləri ləğv etdi. İran əhalisi üçün bu güzəştlərin illik məbləği 2 milyard dollardır.
ABŞ-ın keşmiş prezidenti R.Reyqan kürd separatçılarını ABŞ-ın əlindəki kibrit hesab edirdi. İndi bu kibrit, deyəsən, İran ərazisində yandırılmağa başlayır.
Azərbaycanda İsrail casuslarını görən Firuzabadi İranın içində aşkar fəaliyyətdə olan kürd separatçılarını və onların törətdiyi terror aktlarını görmür. Bu da Firuzabadinin casusluğuna dəlalət edən mühüm amildir.
Firuzabadiyə ağaları tapşırıq veriblər ki, zərərli maliyyə sxemlərini, narkotrafiki və kürd separatçılarının İranda aşkar fəaliyyətini görmə, amma elektron mikroskop götür, Azərbaycanda İsrail casus şəbəkəsini tap.
Şiə torpağını işğal etmiş Ermənistanın hərbi qüdrətini möhkəmləndirməyin şiə generalına verdiyi "savabını" yazmağa lazım olan mələklərin sayını hesablamaqda Firuzabadiyə köməkçi lazım olacaq.