PDF Oxu

Araşdırma

  • 22

Ermənistan prezidentinin devrilməsi zamanı yaxınlaşır

Ermənistan prezidentinin devrilməsi zamanı yaxınlaşır

Avqustun birinci ongünlüyündə Erməni Milli Konqresinin Yerevanın "Azadlıq" meydanında müxalifətin keçirdiyi mitinqində çıxış edən Levon Ter-Petrosyan Serj Sarkisyana ultimatum verərək, bildirmişdi ki, avqust ayının sonuna kimi hakimiyyət onlarla dialoqa getməsə, bu imkan itiriləcək: "Əgər qərar verilməsə, onda biz növbədənkənar prezident seçkiləri tələbindən vaz keçib, birbaşa və yeganə tələblə çıxış edəcəyik - Sarkisyan və hakim koalisiya istefaya getməlidir".

Bu günlərdə mətbuatda çıxış edən Levon Ter-Petrosyan bildirib ki, artıq vaxt başa çatıb: "Artıq deyilən zaman tamam olub. Görünür, Serj Sarkisyan bizim tərəfimizdən yaddaqalan sürpriz gözləyir. O, bunu sentyabr ayının 15-nə kimi görəcək".

Digər bir məqama da toxunmaq istərdik ki, Levon Ter-Petrosyan ilk dəfə deyil ki, hakimiyyətə qarşı ultimatum irəli sürüb. Bir neçə dəfə bu cür bəyanatlar səsləndirilib. Lakin ölkədə yaranmış vəziyyət, onu deməyə əsas verir ki, Levon Ter-Petrosyanın budəfəki bəyanatına ciddi yanaşmaq lazımdır və hazırkı şəraitdə Erməni Milli Konqresinin hakimiyyəti devirməsi üçün ölkədə münbit şərait yaranıb. Belə ki, Ermənistanın verdiyi statistikaya görə, ölkənin iqtisadiyyatı bərbad vəziyyətdə olmaqla yanaşı, xarici borcu ümumi daxili məhsulun 50 faizinə yaxınlaşıb, işsizlik pik nöqtəsinə çatıbdır, istehsal, demək olar ki, yox səviyyəsindədir və bunların nəticəsində miqrasiya böyük sürətlə gedir. Əhalisinin sayı heç 2,5 milyon nəfərə çatmır, baxmayaraq ki, 13-14 il əvvəl bu rəqəm 3,5 milyondan artıq idi. Bu minvalla Ermənistanda hakimiyyət dəyişikliyi olmasa, ölkə tamamilə xəritədən silinəcək. Məhz bu və digər səbəblər üzündən Levon Ter-Petrosyanın lideri olduğu müxalifət S.Sarkisyan rejimini yıxmaq üçün yaranmış fürsətdən istifadə etməlidir və göründüyü kimi, buna da ciddi hazırlaşır.

Politoloq Elman Nəsirli "Səs" qəzetinə verdiyi açıqlamasında ölkə daxilində dəstəyi hələ hakimiyyətə gələndən öncə itirən S.Sarkisyanın dünyaya səpələnmiş erməni diasporunun da dəstəyini itirdiyini söylədi: "Bunun da bariz nümunəsi Birləşmiş Ştatlardan hər il Ermənistana "Minilliyin çağırışı" proqramı çərçivəsində maliyyə yardımının ayrılmasının dayandırılmasıdır. Bəlkə də hazırda bir çoxlarının 1 mart hadisələrindən sonra "Amerika Erməniləri Assosiasiyası"nın Sarkisyan əleyhinə mitinqləri yadından çıxıb. Və elə o vaxt da "Amerika Erməniləri Assosiasiyası" Sarkisyan rejiminə yardımları kəsəcəyinə söz vermişdi. Çox keçmədi diasporun Ermənistana ayırdığı vəsaitlər azaldı və üstəlik, "Minilliyin çağırışı" proqramı da dayandırıldı. Ancaq onu da demək lazımdır ki, ABŞ-dakı erməni diasporu istəsəydi, bu proqram çərçivəsində Ermənistana yardımlar ayırardı. Amma S.Sarkisyan nə Levon Ter-Petrosyanın, nə də diaspor daxilində günbəgün artan nüfuzu qarşısına heç nə qoya bilmir. Həmçinin, S.Sarkisyan Levon Ter-Petrosyanla dialoqa da getməyəcək. Çünki hakimiyyətin müxalifətlə dialoqa getməsi onun gücsüzlüyü kimi qəbul olunacaq. Üstəlik, bu müzakirə mövzusu elə Sarkisyanın istefasıdır ki, hər iki yolun sonu buna aparır. Odur ki, ölkədə yaranan bu gərgin mühit onu bir daha sübut edir ki, sentyabrın 15-də Ter-Petrosyan vədinə sadiq qaldığını nümayiş etdirəcək".


Rəfiqə

Digər xəbərlər