PDF Oxu

Araşdırma

  • 16

Ermənilərin Dağlıq Qarabağ kartı...

Ermənilərin Dağlıq Qarabağ kartı...

Son zamanlar gündəmi zəbt etmiş mövzulardan biri də Azərbaycanın Dağlıq Qarabağla bağlı BMT-də qəbul olunacaq iki qətnamə layihəsidir. Təbii ki, Azərbaycanın bu dəfə də haqlı mövqeyi zəfər qazanacaq. Həm də məlum iki qətnamə layihəsinin BMT tərəfindən qəbulu, bilavastə, rəsmi Yerevanın növbəti dəfə iflasına hesablanır. Xatırladaq ki, 1993-cü ildə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin erməni separatçıları tərəfindən boşaldılmasına dair BMT Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı qətnamə qəbul edib.

Lakin indiyədək həmin qətnamələr Ermənistan tərəfindən icra edilməyib. Dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT təcavüzkar Ermənistanın özbaşınalığına ciddi reaksiya verməyib. Və ən azından rəsmi Yerevanı buna məcbur etməyib. Sentyabrda keçiriləcək BMT Baş Məclisinin iclasında Dağlıq Qarabağla bağlı məlum qətnamələrin qəbulu bir daha Ermənistanın ifşası və iflası olacaq.

"BMT Baş Assambleyasında məlum məsələnin gündəliyə gətirilməsinin özü müsbət haldır. Hesab edirəm ki, BMT-nin 65-ci sessiyasından fərqli olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu dəfə qətnamənin qəbul olunmasına mane ola bilməyəcək" deyə millət vəkili Musa Qasımlı qəzetimizə açıqlamasında bildirdi. Onun sözlərinə görə, nəticəsi yaxşı olmayan hər hansı bir layihənin gündəliyə çıxarılmasına hər halda ehtiyac olmazdı.

M. Qasımlı onu da əlavə etdi ki, yarandığı zamandan bu günə qədər ATƏT-in Minsk Qrupu məhz Ermnistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışıb. Ona görə də ATƏT-in Minsk Qrupunun həmsədrləri bir qədər səylərini artırmalı, səmimi olmalı və qətiyyən tərəfli mövqe sərgiləməməlidirlər.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən o qədər razı olmadığını vurğulayan millət vəkili əlavə etdi ki, həmsədr ölkələr ermənilərin haqsız və separatçı olduğunu bilə-bilə işğalçı ölkəni çox zaman müdafiə ediblər. Bu isə, Azərbaycan tərəfinin haqlı olaraq narazılığına səbəb olur: "Rusiya və Qərb dövlətləri Azərbaycanın işğal olunan ərazilərində antiterror əməliyyatları aparmasına qarşı çıxırlar. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün işğalçı Ermənistana heç bir ciddi təzyiq və təsir göstərmirlər. Regionda müharibə aparmağa Azərbaycan dövləti və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri razı deyil. Azərbaycan müharibənin, nahaq yerə əbəs qanlar axıdılmasının əleyhinədir. Böyük ölkələr bütün vasitələrdən istifadə edərək, işğalçı Yerevanı sülhə məcbur etməlidir. Əks halda, müharibənin başlanması Ermənistanı çox böyük fəlakətlərə düçar edəcək. Bu gün Ermənistan iqtisadiyyatının öz tənəzzül dövrünü yaşaması məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Artıq Dağlıq Qarabağ kartı üzərində qurulan oyuna son verməyin vaxtı gəlib yetişib. Azərbaycanın da müəyyən bir səbr həddi var. İşğal altında olan torpaqlarını işğaldan azad etmək üçün Azərbaycan tərəf bütün vasitələrdən istifadə edəcək".

Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək üçün atdığı hər hansı bir addımın BMT nizamnaməsinə və ATƏT prinsiplərinə tamamilə uyğun gəldiyini bildirən millət vəkili söylədi ki, dövlətimiz işğal altında olan ərazilərini istənilən yolla azad etmək hüququna malikdir: "Təbii ki, müəyyən addımları atmazdan əvvəl mütləq beynəlxalq şərait və qüvvələr nisbəti ciddi surətdə təhlil edilməlidir. Regionda antiterror əməliyyatlarının başlanması dünyadakı vəziyyətə ciddi təsir edə bilər".

M.Qasımlı onu da qeyd etdi ki, hansısa dövlət ərazisində hərbi əməliyyat apararsa, bu, həmin dövlətin tam haqqıdır, o cümlədən də, Azərbaycanın. Başqa bir dövlətin buna qarışmağa qətiyyən hüququ yoxdur.

Millət vəkili mövcud olmuş belə bir situasiyanın təcavüzkar Ermənistanı hədsiz dərəcədə qıcıqlandırdığını bildirdi. Ona görə də terrorçu ölkə, demək olar ki, çıxarılmış bütün qətnamələri, qərarları, sənədləri kobud tərzdə pozur.

Millət vəkili bildirdi ki, təcavüzkar ölkəni müdafiə edən məlum ölkələr öz maraqlarını güdsələr də münaqişənin tənzimlənməsində, ərazilərin erməni separatçıları tərəfindən boşaldılmasında öz səylərini gücləndirməlidirlər. Bununla yanaşı, bütün supergüc ölkələr, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalıdır. Böyük dövlətlərin əksəriyyəti ermənipərəst mövqe sərgiləsələr də, onların maraqları daha çox Azərbaycanla əməkdaşlıqdan keçir.

M.Qasımlı onu da vurğuladı ki, Rusiya Cənubi Qafqazı əlindən buraxmaq istəmir. Bu ölkə rəhbərliyi Cənubi Qafqazda möhkəmlənməyin yeganə yolunu separatizmi daha da qızışdırmaq, dəstəkləmək və müdafiə etməkdə görür. Rəsmi Kreml başqa yolla Qafqazı öz təsiri altına ala bilməyəcəyini hiss edir. Çünki Rusiyanın Qərb ölkələri ilə müqayisədə regiona girmək üçün iri həcmli kapitalı və texnologiyası yoxdur. Rusiya isə, bir növ bundan istifadə edir. Regionda baş verən bütün oyunlara, proseslərə baxmayaraq, Azərbaycan dövləti ya danışıqlar, ya da hərb yolu ilə işğal olunan ərazilərini işğaldan azad edəcək.


AYLANA RZAYEVA

Digər xəbərlər