PDF Oxu

Araşdırma

  • 13

Ermənilərin terror aktları...

Ermənilərin terror aktları...

"Serj Sarkisyanın son zamanlar pafoslu çıxışları, yeni-yeni ərazi zəbt etmək xülyasına düşməsi məhz Ermənistana tətbiq edilməyən sanksiyaların nəticəsidir"


Ermənistanın Azərbaycana qarşı təxribatlar halları hələ də davam edir. Təbii ki, bütün bunlar Serj Sarkisyanın, onun ətrafında olan ermənilərin məqsədli şəkildə həyata keçirdikləri, terror siyasətinin bir növ tərkib hissəsidir. Nədənsə, hər dəfə ermənilərin hədəfi məhz qadın və uşaq olur. Bu isə onların uşaq qatili olduğunu bir daha təsdiq edir. Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində danışıqların getdiyi bir zamanda Ermənistan hakimiyyəti insan ölümü ilə müşayiət olunan terror aktları həyata keçirirlər. Bununla da mənfur ermənilər danışıqların məcrasını pozmuş olurlar. Serj Sarkisyan və onun ətrafında olan komanda uşaq qatili, siyasətdə qətiyyən konstruktiv mövqe sərgiləməyi bacarmayan bir qrup səriştəsiz insanlardır. Onlar, sadəcə, insanlıqdan uzaq əməllər törətməkdə "peşəkar"dırlar. Zamanında Sarkisyan və onun ətrafındakı separatçı komanda cəzalandırılsa idi, bu gün erməni prezidentinin yeni-yeni ərazi zəbt etmək iddialarını, pafoslu çıxışlarını, bəyanatlarını da eşitməzdik.

"Müasir dünyada ikili standartlar var. Və bu ikili standartlar nəticəsində Azərbaycanın yurd-yuvalarından didərgin düşmüş məcburi qaçqın və köçkün vətəndaşlarının hüquqları beynəlxalq qurumlar tərəfindən qorunmasında ciddi problem yaşanır" deyə millət vəkili Gülər Əhmədova qəzetimizə açıqlamasında bildirdi.

G.Əhmədova vurğuladı ki, bu gün ermənilər tərəfindən qətlə yetirilən və əsir götürülən azərbaycanlı uşaq və qadınlarla bağlı problemlər beynəlxalq təşkilatlar qarşısında bir necə dəfə qaldırılıb. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlarda konkret olaraq, Ermənistan işğalçı ölkə kimi qeyd olunub: "Müvafiq qərarların qəbul olunmasına baxmayaraq, Ermənistan qərarları icra etməyib. Bunun fonunda isə işğalçı ölkəyə qarşı heç bir sanksiya tətbiq olunmayıb. Ermənilər bundan daha da "ruhlanır"lar. Bu qədər azərbaycanlını qətlə yetirmiş, torpaqlarımızın 20 faizini işğal altında saxlamış təcavüzkar Ermənistana sanksiya tətbiq edilməməsi ən azından haqsızlıqdır. Biz elə ikili standartların bir nümunəsini buradan görürük".

Millət vəkili vurğuladı ki, hətta Ermənistan prezidenti Serj Sarkisyanın son zamanlar pafoslu çıxışları, yeni-yeni ərazi zəbt etmək xülyasına düşməsi məhz Ermənistana tətbiq edilməyən sanksiyaların nəticəsidir: "Münaqişənin həllində beynəlxalq təşkilatlar susmamalıdır, əksinə, ermənipərəst mövqe sərgiləməməlidir. Hər şeyə real yanaşmalı, haqqın, ədalətin tərfində olmalıdırlar. Daha öz maraqları naminə hansısa oyuna təkan verməməlidirlər. Əgər işğalçı ölkəyə beynəlxalq təşkilatlardan hər hansı bir siyasi, humanitar və hərbi təzyiq olsaydı, şübhəsiz ki, bunun konkret nəticələri qısa müddət ərzində özünü göstərərdi. Avropa Birliyi istədiyi zaman çox asanlıqla hansısa bir işğalçı dövlətə qarşı çox ciddi, sərt addım atır və çox qısa müddətdə məsələni həll etmiş olur".

Ərəb ölkələrində baş verənlərə dünya birliyinin fəal müdaxiləsini buna bariz nümunə kimi göstərən millət vəkili qeyd etdi ki, Ermənistana qarşı da bu cür təsir və təzyiq rıçaqları beynəlxalq aləm tərəfindən işə salınmalıdır. Beynəlxalq təşkilatlar, hətta lazım gəldikdə NATO qüvvələrindən, qırıcılarından istifadə etməkdən çəkinmirlər. Amma hamının gözü qarşısında Dağlıq Qarabağda baş verən özbaşınalığa Avropanın susqunluğu və laqeydliyi qətiyyən başa düşülən deyil.

Azərbaycanın bir Avropa ölkəsi olduğunu vurğulayan millət vəkili bildiridi ki, ölkəmizin Avropa dəyərlərinə, Avropaya inteqrasiyasına heç bir qurumun şübhəsi ola bilməz.

Qətlə yetirilmiş azərbaycanlı uşaqları barədə fikir bildirən xanım millət vəkili bunu bir erməni terroru, vandalizmi kimi xarakterzə etdi: "Təbii ki, günahsız bəşər övladını, xüsusən də, körpə uşaqları qətlə yetirmək dünyada insanlığa sığmayan amillərdən biridir ki, onu da mənfur ermənilər etdilər. Heç bir qorxu hissi keçirmədən, vicdanlarını unudaraq uşaq qatili oldular. Bu, bir vəhşilikdir, ədalətsizlikdir, qorxaqlıqdır, əsil erməni qorxaqlığıdır. Buna başqa cür buna ad vermək mümkün deyil". Azərbaycanın antiterror koalisiyasının üzvü olduğunu vurğulayan G.Əhmədova qeyd etdi ki, bir neçə gün bundan öncə ABŞ-ın Dövlət Departamenti tərəfindən hazırlanan hesabatda Azərbaycanın antiterror istiqamətində aparılan işləri çox yüksək qiymətləndirilmişdir.

Millət vəkili "Uşaqları öldürməyin" adlı beynəlxalq kampaniyaya başladıqlarını bildirdi: "Heç şübhəsiz ki, bu kampaniya bütün dünyada terror, münaqişə nəticəsində öldürülən uşaqlara aid olacaq. Və bu kampaniyanı çalışacağıq ki, digər ölkələrə də ötürək. Çünki dünyada öldürülən hər bir uşaq insanlığın və bəşəriyyətin önündə qara bir ləkədir. Ümidvaram ki, bu kampaniya dəstək görəcək və artıq bununla da bağlı ABŞ-ın nüfuzlu təşkilatları ilə əlaqə yaratmışıq. Uşaqlarımızın və digər ölkələrdə olan uşaqların konfliklər zamanı terror qurbanı olması çox pisdir".

Azərbaycanın dünyada qazandığı uğurlardan, nailiyyətlərdən danışan millət vəkili əlavə etdi ki, dövlətimizin bu gün 20 illik müstəqilliyini qoruyub saxlaması çox uğurlu xarici siyasətin nəticəsidir. Diplomatik sahədə atdığımız bütün addımlar ona yönəlməlidir ki, biz Dağlıq Qarabağda antiterror əməliyyatlarının keçirilməsinə nail olmalıyıq. Bu həm də Azərbaycanın beynəlxalq imicinə və xeyrinə yönəlmiş bir addımdır. Erməni separatçıları tərəfindən Dağlıq Qarabağda hazırlanan düşərgələr bütün dünya ölkələri üçün böyük təhdiddir.


AYLANA RZAYEVA

Digər xəbərlər