Azərbaycan Respublikası region ölkələri ilə münasibətlərini dostluq, mehriban qonşuluq, səmimilik, səmərəli əməkdaşlıq prinsipləri əsasında qurur. Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır.
Onlar nə istəyirlər?..
Azərbaycan hüquqi, sivil, dünyəvi dövlət kimi insan hüquqlarının müdafiəsinə böyük önəm verir, ölkəmizdə etiqad azadlığı, dini fəaliyyətə hörmətlə yanaşılır, tolerantlıq mühitinin pozulmasına yönəlmiş əməllərin qarşısı dərhal alınır.
Təəssüf ki, bəzi region ölkələri Azərbaycanın dost və səmimi münasibətindən sui-istifadə edir, müxtəlif vasitələrdən, o cümlədən, din amilindən yararlanaraq daxili vəziyyəti süni şəkildə gərginləşdirməyə istiqamətlənmiş hadisələrə dəstək verməyə çalışır.
Ölkədə yaradılmış demokratik şəraitdən yararlanmağa çalışan bir sıra qüvvələr separatçılıq əməllərini həyata keçirmək, milli və dini situasiyanı gərginləşdirmək cəhdində bulunurlar. Nəzarətlərində bəzi qəzet, jurnal və çox sayda internet saytları olan bu qüvvələr fəal surətdə anti-Azərbaycan təbliğatına başlayıblar.
Bu qüvvələrə açıq dəstək verən İran molla rejiminin bəzi nümayəndələri öz ölkələrindəki problemlərin dərdinə qalmayıb, Azərbaycanda problem axtarırlar. Azərbaycana qarşı tələb irəli sürənlər, görəsən, nəyə görə öz hökumətlərindən Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla geniş əməkdaşlıqdan çəkinməyi tələb etmirlər?
İki ölkə arasında iqtisadi, siyasi, hərbi əməkdaşlıq ən yüksək səviyyədədir. Halbuki İsraillə əməkdaşlıq etməkdə günahlandırılan Azərbaycanın heç bu ölkədə səfirliyi belə yoxdur.
İran islam dövlətidirsə...
Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?
Ermənistanla ən yaxın əlaqələr quran, Yerevana güclü iqtisadi dəstək verən, Ermənistanın rəsmi şəxslərini böyük hörmətlə qəbul edən İran rəhbərliyi Azərbaycan xalqından necə yaxşı münasibət gözləyə bilər?
Yadınıza bir faktı salmaq istəyirəm. Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan 1993-cü ildə, savaşın qızğın vaxtında Ermənistan parlamentində etdiyi çıxışında bunu etiraf etmişdi: "Əgər İran 3 gün belə yardımlarını dayandırsa, Ermənistan məhv olar". Əlavə şərhə ehtiyac varmı?!
Burada bir məqama da toxunmamaq olmaz. İranın da üzv olduğu İslam Konfransı Təşkilatının qəbul etdiyi "Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda" adlı qətnamədə qeyd olunur ki, İKT üzvü olan bütün dövlətlər təcavüzün nəticələri aradan qaldırlanadək, öz siyasi, iqtisadi və digər imkanlarından istifadə etməklə işğalçı dövlətə təzyiq göstərməlidirlər.
Lakin görünən odur ki, İran bu qətnaməyə imza atmasına baxmayaraq, orada qeyd olunan prinsiplərə riayət etmir, əksinə, Ermənistanla siyasi, iqtisadi, hətta hərbi əlaqələrini getdikcə gücləndirir.
Azərbaycan İranı dost ölkə hesab edir
Bəzi ölkələrdən fərqli olaraq öz ərazisində qanunlara və demokratik prinsiplərə riayət edən, insan hüquqlarına hörmətlə yanaşan Azərbaycan nədə günahlandırıla bilər? Azərbaycan bütün dünyada tolerantlığın ən yüksək formada olduğu nümunəvi ölkə kimi qiymətləndirilir.
Bəli, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını milli, dini, cinsi, irqi və sosial fərq qoymadan qoruyur. Ölkədə bütün kateqoriyalardan olan azlıqların sərbəst fəaliyyətinə və inkişafına dövlət yardım edir. Lakin bu, o demək deyil ki, hansısa ölkə bundan istifadə edib pul gücünə ələ aldığı adamlar vasitəsilə bu durumu gərginləşdirməlidir.
İranda Azərbaycan vətəndaşları həbs olunanda, bu ölkədə Azərbaycan əleyhinə ermənilərin geniş və azad fəaliyyət göstərdikdə Azərbaycanda heç İran əleyhinə hansısa bir etiraz aksiyası keçirilməyib. Hətta İranda azərbaycanlıların hüquqlarının pozulması, onlara təzyiqləri rəhbər tutaraq, İranın Bakıda səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyən təşkilatlara icazə verilməyib. Yalnız ona görə ki, Azərbaycan İranı dost və qardaş ölkə hesab edir.
Rəsmi Bakı, digərləri ilə olduğu kimi, İranla da mehriban qonşuluq münasibətlərinin inkişaf etməsinə, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə çalışır. Belə bir şəraitdə, İran rəsmilərinin ölkəmiz əleyhinə açıqlamaları təəccüb doğurur.
Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, İran hakimiyyəti "Səhər" televiziya kanalının Azərbaycanı, Azərbaycan hakimiyyətini davamlı şəkildə tənqid və təhqir etdiyinə göz yumur.
Bütün bunlar İranın müxtəlif vasitələrlə Azərbaycanın daxili işlərinə və xarici siyasətinə təsir göstərmək cəhdləri kimi başa düşülür. Bunlar İranın rəsmi dairələri tərəfindən cavablandırılması vacib olan məsələlərdir.
Azərbaycan öz yolundan döndərilə bilməz
İran da daxil olmaqla heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna yol verilməyəcək. Azərbaycanın demokratik, müstəqil və sivil bir ölkə olmasını nəzərə alsaq, o zaman təbii olaraq dindən siyasi məqsədlər üçün istifadə etməyə çalışan, insanları radikallığa çağıran qüvvələrin pozuculuq etmək, tolerantlıq ənənələrinə xələl gətirmək və etiqad azadlığından sui-istifadə etmək cəhdlərinin qarşısı bundan sonra da qanunla müəyyən edilmiş qaydada alınmalıdır.
Elçin Bayramlı