PDF Oxu

Araşdırma

  • 11

“Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı tapılacaq”

“Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı tapılacaq”

Azərbaycanın ən ağrılı və böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dövlətimiz konstruktiv mövqe nümayiş etdirərək sülh yolu ilə həll edilməsinə çalışır. Bunun üçün də dövlətimiz xarici siyasətdə çox böyük uğurla və səbrlə iş aparır. Azərbaycanın Dağlıq Qarabağ münaqişənin həllində konstruktiv mövqeyi dəyişməzdir. Lakin həmin addımları eynilə Ermənistandan görmürük.

Məlum məsələdir ki, Dağlıq Qarabağın statusunun müəyyənləşməsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Ermənistan kimi işğalçı ölkənin ikili standartlar yürütməsinə dünya birliyinin göz yumması isə, həqiqətən, çox təəssüf doğuracaq haldır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tək Ermənistanın deyil, bütün bölgənin inkişafına mane olur. Haqlı ola-ola haqqımız danılır. BMT-nin işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması haqqında 4 qətnaməsinin olmasına baxmayaraq embarqolar, sanksiyalar, təzyiq rıçaqları Ermənistana qarşı tətbiq olunmur. "Azərbaycan hər zaman öz xarici uğurlu diplomatiyası ilə seçilib. Əslində, dövlətimiz Ermənistanla bağlı bütün lazımi işləri görüb. Dağlıq Qarabağ münaqişəsi Serj Sarkisyanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də yarımçıq vəziyyətdə qalıb". Bu sözləri qəzetimizə açıqlamasında politoloq Cümşüd Nuriyev söylədi. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin ikili mövqeyinə görə beynəlxalq aləm tərəfindən çox sərt şəkildə reaksiya gəlməli idi: "Doğrudur, beynəlxalq təşkilatlar və bir çox ölkələr Ermənistanı işğalçı dövlət kimi tanıyıb. BMT Azərbaycan ərazilərinin erməni separatçıları tərəfindən boşaldılmasına dair dörd qətnamə qəbul edib. Ən azından, bu qətnamələrdən sonra işğalçı Ermənistana ciddi şəkildə sanksiya tətbiq olunmalı, siyasi və iqtisadi blokadaya alınmalı idi. Amma alınmadı".

Politoloq, həmçinin, vurğuladı ki, erməni separatçılarının iki azyaşlı azərbaycanlı uşağı öldürmələrinə baxmayaraq, dünya ölkələri yenə də ikiüzlü siyasətini ortaya qoymuş oldu. Bu isə, təbii ki, ərazilərinin iyirmi faizi işğal altında olan bir millət kimi bizi ağrıdır. Çünki haqlı biz ola-ola haqqımız danılır, demokratiyadan, ədalətdən danışan Avropa Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirir. Ermənilər tərəfindən iki azya

lı azərbaycanlı uşağın qətlə yetirilməsi vəhşiliyin, zalımlığın ən pik həddidir. Buna başqa ad vermək mümkün deyil. Kim təminat verə bilər ki, ermənilər yenə də bizim uşaqlarımızı snayperin atəşinə tuş gətirməyəcək?

C.Nuriyev dünyanın bəzi ölkələrinin Azərbaycana qarşı bir siyasi paxıllığı olduğunu da vurğuladı: " Ağ qızılımız, qara qızılımız, yetərli qədər qazımız var, iqtisadiyyatımız çox dinamik və hər kəsin heyran qalacağı şəkildə inkişaf edir. Abad küçələrimiz, insanların qəlbində sabaha böyük bir ümid hissi, daxilimizdə sakitlik, dinclik, həyatda yaşamaq üçün lazım olan rahatlığımız var. Niyə də bu uğura, qazandığımız nailiyyətlərə qısqanclıqla yanaşmasınlar.".

Politoloq Ermənistanda vəziyyətin, sosial durumun qat-qat aşağı olduğunu bildirdi: "Ermənistanda siyasəti xalq deyil, bir qrup cani idarə edir. 2008-ci ildə erməni xalqı Serj Sarkisyanın qətiyyən hakimiyyətə gəlməsini istəmirdi. Lakin nəticə sonda özünü göstərdi. Qətillər törətməkdə "peşəkar" qatil olan Sarkisyan dövlət çevrilişi və insanları amansızcasına qırdıraraq hakimiyyətə "gəldi". Sarkisyan rejiminin məqsədi ölkəni idarə etmək deyil, kürsü arzusu idi. İnsan qanı axıdaraq öz çirkin niyyətinə çatdı. İndi isə, gələn il Ermənistanda növbəti prezident seçkiləri keçiriləcək. S.Sarkisyan növbəti dəfə prezident seçilməsi üçün müxtəlif çirkin yollar axtarır. Bu yollardan biri də hər dəfə Azərbaycanın ünvanına "hədələyici" sərsəm bəyanatlar söyləməkdən ibarətdir. Hansı ki, bu bəyanatlar Ermənistanda daxili auditoriyanın alovlanan inqilab ruhunu söndürməkdən ibarətdir." C.Nuriyev Sarkisyanın indiyə qədər uğursuz siyasət yürütdüyünü bildirdi. Ermənistan heç zaman dirçəlməyəcək. İşğalçı ölkənin sosial durumunun, iqtisadiyyatının bərpa olması üçün Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsindən ibarətdir.

Politoloqun sözlərinə istinadən, bu gün görüntü xatirinə işğalçı Ermənistanı bir dövlət kimi saxlayırlar ki, ABŞ onu Rusiyanın əlindən alsın. Ermənistanın işğalçılıq siyasəti həyata keçirdiyi müddətdə həmin dövlətin regionda var olması qeyri-mümkündür. İşğalçı ölkə sülhə, əmin-amanlığa nail olmaq üçün cəhdlər etmək əvəzinə sülhü pozmağa yönələn addımlar atır. Bununla Sarkisyan əslində, erməni xalqına da böyük zərbə endirmiş olur. Bütün hadisələrin inkişafı Azərbaycanın xeyrinə, keçən zaman isə, Ermənistanın əleyhinə işləyir.

Politoloq onu da vurğuladı ki, dövlətimizin BMT nizamnaməsinin 51-ci və 25-ci maddəsinə əsasən tam ixtiyarı var ki, öz ərazisini işğaldan azad etsin və ərazi bütövlüyünü bərpa etsin. Digər dövlətlərin bu prosesə müdaxiləsi diplomatik işlə bağlı olan məsələdir. Azərbaycan öz tarixi torpaqları olan Dağlıq Qarabağı heç bir zaman separtçı ermənilərə güzəştə getməyəcək. Ümumiyyətlə, Azərbaycanın ermənilərə güzəştə gedəcək tək bir qarış belə torpaqları yoxdur.


AYLANA RZAYEVA

Digər xəbərlər