PDF Oxu

Araşdırma

  • 11

Ermənistanın işğalçılıq siyasəti...

Ermənistanın işğalçılıq siyasəti...

Bu gün beynəlxalq birliyin Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı yürütdüyü ikili standartların şahidiyik. Hətta beynəlxalq təşkilatlar belə Ermənistanın, bütün oyunlarına, qeyri-konstruktiv mövqeyinə göz yumurlar. Beynəlxalq güc lazım gəldikdə, Qəddafi, Səddam rejiminə çox güclü təsir və güc tətbiq edə bilir.

Amma Ermənistana qarşı "mülayim" siyasət yürüdür, sanki işğala məruz qalan Ermənistandır. Dövlətimizə qarşı olan ədalətsizliyə, haqsızlığa isə, bir növ göz yumurlar.

"Beynəlxalq təşkilatların yürütdüyü siyasətdə Cənubi Qafqaz regionundakı ölkələr sanki bir qədər arxa plana keçib. Böyük dövlətlər, beynəlxalq təşkilatlar üçün Əfqanıstandakı, Yaxın Şərqdəki vəziyyət daha aparıcı statusa malikdir. İşğalçı ölkənin atdığı bütün qeyri-konstruktiv addımlar beynəlxalq təşkilatların arzuladığı danışıqların davam ssenarisidir". Bu sözləri qəzetimizə açıqlamasında AVP sədri, millət vəkili Fəzail Ağamalı söylədi.

Millət vəkili vurğuladı ki, bunlarla yanaşı, beynəlxalq birlik Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyatları aparmağının əleyhinədir. Əgər dövlətimiz danışıqları dayandırıb müharibəyə başlasa, beynəlxalq təzyiqlərə tuş gələ bilər. Bu gün beynəlxalq birlik təcavüzkar ölkəyə çox ciddi təzyiq və təsir göstərərsə, erməni separatçı qüvvələri dərhal işğal olunmuş Azərbaycan ərazilərindən geri çəkilər. Hansısa təşkilatın, hansı qərarı verməsindən asılı olmayaraq, ərazi bütövlüyünün bərpası üçün danışıqların hansı məcrada davam edəcəyinə dövlətimiz özü qərar verəcək. Əgər Azərbaycan müharibə variantını seçərsə, bu, dövlətimizin tam haqqı və hüququdur.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın müharibə aparmaq üçün heç bir gücü, iqtisadi, siyasi, hərbi potensialı yoxdur. Torpaqlarımızın 20 faizini havadarları vasitəsi ilə zəbt etmiş işğalçı ölkənin əhalisinin böyük hissəsi ölkəni tərk edirlər.

Erməni iqtisadiyyatının tamamilə iflic vəziyyətdə olmasını qeyd edən AVP sədri işğalçı ölkənin məhz xarici ianələri hesabına yaşadığını vurğuladı. Bununla yanaşı, ölkədə çox ciddi şəkildə xaos və anarxiya hökm sürür.

AVP sədri vurğuladı ki, Cənubi Qafqaz regionunda öz maraqları naminə bəzi məlum dövlətlər işğalçı Ermənistanı dəstəkləməsəydi, bu dövlət ümumiyyətlə, dünya xəritəsindən silinərdi. Ermənistan prezidentinin yürütdüyü ağılsız, sərsəm siyasət nəticəsində işğalçı ölkə fəlakətə, məhvə sürüklənir. Öz daxili problemlərini həll edə bilməyən Sarkisyan axı hansı uğurlu xarici siyasət yürüdə bilər?

F. Ağamalı vurğuladı ki, illərlə düyünə düşən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Ermənistanın qeyri-konstruktiv addımları ucbatından real həllini tapa bilmir. Bununla bərabər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda ən aktual problem olaraq qalır. Hər gün vəziyyəti daha da ağırlaşan işğalçı ölkə bir gün öz siyasi oyununun qurbanına çevriləcək.

Millət vəkili qeyd etdi ki, dövlətimiz danışıqları aparmaq naminə masa arxasına əyləşmir. Azərbaycan hər zaman sülh tərəfdarıdır və boş yerə günahsız qanlar axıdılmasını qətiyyən istəmir. Biz real nəticəni gözləyirik.

Millət vəkili əlavə etdi ki, real nəticə isə, ondan ibarətdir ki, işğal altında olan torpaqlarımiz tezliklə geri qayıtsın və Dağlıq Qarabağdakı separatçı qüvvələr qeyd-şərtsiz boşaldılsın.

AVP sədrinin də bildirdiyi kimi, işğalçı dövlətin çıxılmaz vəziyyətdən qurtulması üçün yeganə yol Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasıdır.

F. Ağamalı hazırkı şəraitdə Cənubi Qafqaz ölkələri içərisində Azərbaycanın xüsusi yer tutduğunu və bunu neytral beynəlxalq ekspertlərin də birmənalı şəkildə, etiraf etdiyini vurğuladı: "Bu gün Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət hər kəsə bəllidir. Hansısa bir ölkə öz-özlüyündə inteqrasiya etmədən iqtisadi inkişaf yolunu keçə bilməz. Dövlətimiz isə, bütün bu maneələrdən keçərək özünün iqtisadiyyatını, müstəqilliyini qurdu. Bütün dünyanı böhran kimi təhlükəli bir virus bürüdüyü halda, Azərbaycan dövlətinə bunun qətiyyən hansısa bir formada təsiri olmadı".

Ermənistanda cinayətkarlığın sayının artdığını vurğulayan millət vəkili hərbi sferada da vəziyyətin daha da acınacaqlı durumda olmasını qeyd etdi. Erməni əsgərləri ilə zabitlər arasında çox böyük inamsızlıq və etibarsızlıq mühiti formalaşıb. Zabit və əsgər arasında demək olar ki, hər gün baş verən silahlı toqquşma bugünkü Ermənistan ordusunda gündəlik məişət hadisəsi vəziyyətinə keçib.

Millət vəkili hətta erməni iqtidarında da parçalanma müşahidə edildiyini söylədi. Və əlavə etdi ki, hal-hazırda mərkəzdən qaçma qüvvələri formalaşıb. Bu qüvvələr böyük maliyyə imkanlarına malikdirlər. Bu imkanlar da korrupsiya yolu ilə qazanılmış vəsaitlərdir. Həmin qüvvələr də müxalifətin sıralarını genişləndirirlər. İşğalçı ölkənin nə müxalifət, nə də iqtidar "siyasətçi"ləri arasında qətiyyən bəlli bir mövqe yoxdur. Ona görə də, Ermənistan uçuruma yuvarlanır.


AYLANA RZAYEVA

Digər xəbərlər