Urmu gölünün qurumasına molla rejiminin laqeyd münasibətinə qarşı bu ilin aprelindən başlayan etiraz aksiyaları davam edir. Ötən həftə Güney Azərbaycanın bir çox şəhərlərində polisin təzyiqlərinə, tuthatuta baxmayaraq izdihamlı nümayişlər keçirilib. Sentyabrın 3-də keçirilən aksiyalarda çoxlu sayda yaralı və saxlanılan olub. Bəzi məlumatlara görə, etiraz aksiyaları zamanı ölənlər olub.
İranda yeni inqilab dalğası başlayır?
Digər məlumatlarda isə rəsmi Tehranın aksiyaların qarşısını almaq üçün yerli azərbaycanlıların yaşadığı şəhərləri nəzarətə götürdüyü, hündürmərtəbəli binaların üstündə snayperlər yerləşdirdiyi bildirilir. İran hakimiyyət orqanları son aksiyalarda 60 nəfərin saxlanılması barədə məlumat yayıb.
Gölün xilası üçün 900 milyon dollar ayrılması barədə də bu aksiyalardan sonra məlumat verilib. Lakin belə görünür ki, güneylilər Tehranın vədlərinə inanmırlar. Odur ki, bu həftə Təbriz, Urmu, Salmas, həmçinin, Tehranda növbəti etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
Sentyabrın 9-da Tehranda İmam Hüseyn və İstiqlal meydanları arasında yürüşün keçirilməsi nəzərdə tutulub. Həmin gün yerli "İstiqlal" futbol klubu ilə Təbrizin "Traxtursazi" komandası arasında oyun olacaq. Ehtimallara görə, vəziyyətin gərginliyini nəzərə alan hakimiyyət bu oyunu təxirə salmağı müzakirə edir.
Dünya Azərbaycanlıları Konqresinin nümayəndəsi Babək Muğanlı isə "Azadlıq" radiosuna bildirib ki, Təbrizdə və Urmuda həbslər davam edir, ictimaiyyətə bu haqda heç bir məlumat verilmir: "Şəhid olanların ailələri hələ də elə bilirlər ki, uşaqları məhbusdurlar. Heç nədən xəbərləri yoxdur. Ölənlərin cənazələrini qaytarmırlar".
Muğanlı deyib ki, insanların həbs olunmasına, öldürülməsinə baxmayaraq, Urmu gölünün qurudulmasına qarşı hər şənbə günü etirazlar davam etdiriləcək. Onun sözlərinə görə, polis maraqlı taktikadan istifadə edir: "Onlar plastmas güllələrdən istifadə edirlər. Plastmas güllələrdəki rənglə nümayişçilərə nişan qoyurmuşlar. Yəni, gülləni atırlar, o, paltara dəyən kimi rənglənir. Nümayişçi hara getsə, küçələrdə izləmək, tutmaq mümkün olsun deyə".
Bu məsələlərin xarici mediada işıqlandırılmasından narazı olan Muğanlı deyir ki, Tehranda 5 nəfər küçəyə çıxanda dünya mediası Tehranda insanların rejim əleyhinə etiraz etdiyini yazır. Halbuki xalq Urmuda, Təbrizdə, başqa şəhərlərdə bu qədər axın edir, amma media buna susur".
Urmunun qurudulmasının arxasında nə dayanır?
Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, "kənd təsərrüfatında inqilab" adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.
İran hakimiyyətinin Urmu gölünün quruması prosesinə bu cür laqeyd yanaşmanın məqsədi mərkəzi gölün ətrafındakı Urmu şəhəri olan Qərbi Azərbaycan əyalətindəki əhalinin ərazidən köçürülməsi prosesini sürətləndirməkdir. Çünki yalnız yerli azərbaycanlılardan ibarət olan bölgədəki əhalinin əsas məşğuliyyəti göllə bağlıdır.
Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulacaq ki, bu da insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edəcək. Yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görəcək. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək.
Hələ 2009-cu ildə Şərqi Azərbaycandakı kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani belə demişdi: "Urmiya gölü qurusaydı, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir. Dəvə çətin şəraitə, aclığa dözümlü heyvandır. Urmiya gölü quruyandan sonra orada çıxacaq tikanlarla çoxlu sayda dəvə yetişdirmək olar".
İran parlamentinin bu ilin avqustunda keçirilən toplantısında isə Bucnurddan olan deputat Musəlrza Sərvəti isə Tehranın "Urmu siyasəti"ni aşkara çıxarıb: "Urmu gölü ətrafındakı əhali vaxtkən başqa yerə köçsün, gedib başqa işlə məşğul olsun, onsuz da o göl quruyacaq. Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki, gölün iki ilə quruyacağını söyləyirsiniz, onda niyə hay-küy salıb, dövləti qınayırsınız?".
Beləliklə, "pişiyin quyruğu" görünür. Urmunun qurudulmasına çalışmaqla molla rejimi Cənubi Azərbaycanda kompakt yaşayan 30 milyon azərbaycanlının ən azı yarısının 15 milyon nəfərin köçürülməsinə çalışır. Nəticədə fars rejimi ölkənin şimalında etnik tərkibi dəyişməyə və Cənubi Azərbaycan problemindən birdəfəlik qurulmağa çalışır.
Urmu gölünün ekoloji və iqtisadi əhəmiyyəti
İran parlamentinin bu il avqustun 16-da keçirilən iclasında "Urmiya gölünün dirçəldilməsi" layihəsi rədd edilib. 66 millət vəkilinin məclisə təqdim elədiyi layihəyə əsasən, İran dövləti 2 milyard dollardan çox vəsait ayırmaqla 2 çaydan 3 yolla Urmu gölünə su gətirməlidir. Layihə, həmçinin, su kanalı boyunca yerləşən yüzlərlə kənd və onlarla şəhərə də bu sudan istifadə edə bilmək imkanı yarada bilərdi.
Urmu gölü İranda ən böyük göl hesab olunur. Sahəsi təqribən 5000-6000 kvadrametr, hövzəsində suyun həcmi 20-24 milyard kubmetr olub, eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 metrdir. Ən dərin yerinin isə 7 metr olduğu bildirilir. Qədim türk dilində bu gölün adı "suda yaşayış yeri" anlamını verir.
Gölə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay çaylarının suyu tökülür. Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmu gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır.
Qışın ən sərt vaxtlarında belə gölün suyu donmur ki, bunun da səbəbi suyun tərkibində duzluluğun miqdarının çox olmasıdır. Urmiya gölündə irili-xırdalı 102 ada var, adaların ümumi sahəsi 33,640 hektardır. Hazırda adalarda yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıqla məşğul olurlar. Ərazidə limanlar var və bölgə turizm üçün çox əlverişlidir.
Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətli hesab olunur.
1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib. Dünyanın 2 ci böyük duzlu gölünün məhvi böyük bir regionun ekosisteminə ciddi zərbə vuracaq. Hesab edilir ki, Urmu gölü qurusa, "duz sunamisi əmələ gələcək" və 15 milyona qədər insan öz yurd-yuvalarından didərgin düşəcək.
Elçin Bayramlı