PDF Oxu

Araşdırma

  • 11

Səfalətə yuvarlanan Ermənistan

Səfalətə yuvarlanan Ermənistan

Ermənistanın öz havadarlarının yardımı ilə Azərbaycan torpaqlarını işğal etməsi faktının beynəlxalq hüquqa, sülhə böyük təhlükə olduğunu artıq işğalçı ölkənin özündə də səsləndirməyə başlayıblar. Bu prosesin yaratdığı acınacaqlı durum, ölkədə sosial-iqtisadi fəlakətə səbəb olduğunu, Ermənistanın bir dövlət və xalq olaraq məhvinə gətirib çıxaracağını yaxşı anlayan ermənilər çoxdur və onlar hakimiyyətə bunu anlatmağa çalışırlar.

İşğalçı ölkədə yoxsulluq səviyyəsi rekord həddə çatıb


Ermənistanda yoxsul təbəqə sürətlə genişlənir. Politoloq Mübariz Əhmədoğlu bu məsələ ilə bağlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, "Ayots aşxar" qəzetinin yazdığına görə ölkədə insanların hər 3 nəfərdən 1-i yoxsul, hər 5 nəfərdən 1-i isə çox yoxsuldur. Yazıda bildirilir ki, 1998-ci ildən keçən dövr ərzində ilk dəfə olaraq, bu il əhalinin durumu nəinki yaxşılaşmayıb, əksinə, pisləşib. Nəticədə "çox yoxsul" və "son dərəcə yoxsul" insanların sayı artıb: "Yalnız son 1 ildə Ermənistanda yoxsul insanların sayı 214 min nəfər artıb. Ötən il belə insanların sayı 1,1 milyon idi. Son ildə "çox yoxsul" təbəqəsinə daxil olanların sayı da 245 min artaraq 650 minə çatıb".

M.Əhmədoğlu onu da bildirdi ki, 2,5 milyon əhalinin 2 milyona yaxını yoxsuldur: "Bu isə, Ermənistanın hansı fəlakət qarşısında qaldığını aydın göstərir. Ölkədə işsizlik getdikcə artır, əhali sürətlə ölkəni tərk edir. Uzağa getmək imkanı olmayanlar isə Gürcüstanın yaxın bölgələrində hamballıq edirlər. Bu da "erməni xəstəliyi"nin məzlum erməni xalqına verdiyi töhfə. Bu nankor xalq artıq anlamağa başlayıb ki, dövlətin başında dayanan terrorçu rejim öz xalqına fəciələr bəxş etməkdən başqa heç nəyə yaramır. Bunu sadə ermənilərin qlobal sosial şəbəkələrdə yazdıqları rəylərdən də açıq görmək olur. Öz torpağında onlara yaşamaq üçün yer verən bir xalqa qarşı işğalçılıq, terrorçuluq və soyqırımı aktları həyata keçirmək bahasına işlənən cinayətin hansı nəticələrə gətirib çıxardığını anlamaq üçün erməni olmaq belə yetərlidir. Fakt odur ki, Ermənistan dövləti və xalqı bu siyasətin qurbanına çevrilib. İşğalçı ölkə siyasi, iqtisadi sosial böhranlar məngənəsində boğulur. Qarşı tərəfdəki durumu telekanallardan və mətbuatdan həsədlə izləyən ermənilər özlərinə "buna dəyərdimi" sualını verməmiş deyillər".


Gülünc vəziyyətdə olan dövlət büdcəsi və ağır xarici borc bataqlığı

Politoloq onu da söylədi ki, son vaxtlar erməni mətbuatı ölkənin düşdüyü fəlakətli durumu konkret faktlarla ortaya qoymaqdadır: "Xüsusilə də, diplomatik cəbhədə ağır məğlubiyyətə uğramalarını dərk edən ermənilər Azərbaycan torpaqlarının işğal edilməsinin onlara çox baha başa gəldiyini dərk edirlər. Məsələn, "ArmenianReport.com" saytı yazır: "20 il keçsə də, hələ heç bir ölkə işğal olunmuş Dağlıq Qarabağı tanımayıb".

M.Əhmədoğlu onu da bildirdi ki, bəlkə ona görə ki, gəlin açıq danışaq, bir topa yerli fırıldaqçı bir göz qırpımında oliqarxa çevrildiyi halda Dağlıq Qarabağın əhalisi Azərbaycanın tərkibində olduğundan dəfələrlə pis yaşasın: "Belə çıxır ki, Qarabağ bizə çox baha başa gəlib. Yazıda qeyd olunur ki, ermənilərin bütün bunlardan nəticə çıxarmasının vaxtı çoxdan çatıb. "Ermənistana səfər edən əcnəbilər indiki yaşayışımızın azacıq da olsa həyata oxşamasına heç cür kömək etməyən böyük keçmişimiz haqqında səngiməyən söhbətləri eşidib bizə gülürlər. Bizim artıq düşmən gözü ilə baxmadığımız, qonaq gediləsi qonşularımız da qalmayıb. Biz keçmişin kölgəsində yaşayır və gələcəyin necə əlimizdən qaçdığını görmürük"- qəzet yazır. Bir neçə gün öncə Ermənistanın gələn il üçün dövlət büdcəsi təsdiqlənib. "Armenia Today" xəbər verir ki, 80 deputatın lehinə səs verdiyi sənədə əsasən, 2011-ci il il Ermənistanın dövlət büdcəsi təxminən 148 milyard dram (təxminən 411 milyon dollar) təşkil edir. Onu da deyim ki, işğalçı dövlətin baş naziri Tiqran Sarkisyan dövlət büdcəsinin çox riskli olduğunu da etiraf edib, hökumətin bu risklərin azaldılması üçün əlindən gələni edəcəyini söyləyib. Ancaq bu sahədə atılan hər hansı bir addım uğurlu olmayacaq. Çünki Azərbaycanda bir iri şirkətin büdcəsinə bərabər olan Ermənistanın dövlət büdcəsi ölkə əhalisi üçün "kəmərləri bir az da sıxın" mesajıdır. Amma ermənilər kəməri sonuncu deşiyinə qədər sıxıblar və bundan sonra acından ölmək gəlir".

Göründüyü kimi, Ermənistanın düçar olduğu iqtisadi və sosial böhran ölkədə siyasi böhranın yaşanmasına gətirib çıxarır. Hakimiyyət artıq xalqın tələbləri qarşısında davam gətirə bilmir. Yerevanda hiss edirlər ki, ölkədə inqilabi situasiya yetişib. Bunu önləmək üçün bəzi kadr dəyişiklikləri və məcburi istefalar aparılsa da, prosesin qarşısını almaq mümkün olmayacaq. Çünki Ermənistan və erməni xalqı getdikcə daha ağır duruma düşür və tamam məhv olmaq təhlükəsi qarşısındadır.


R.HÜSEYNOVA

Digər xəbərlər