PDF Oxu

Araşdırma

  • 11

Ermənistanın eks nazirindən bəyanat...

Ermənistanın eks nazirindən bəyanat...

"Azərbaycan dövlətinin hərbi gücü rəsmi Yerevanı ciddi şəkildə narahat edir"


İllərlə düyünə düşən Dağlıq Qarabağ münaqişəsinin hələ də çözülməməsi Ermənistan üçün çox böyük problemlər yaradır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iflasına və bir dövlət kimi dünya birliyindən təcrid olmasına səbəb olacaq. Eks nazir, eyni zamanda, mövcud münaqişənin həllinin yubadılmasında Ermənistanın indiki prezidenti Serj Sarkisyanı günahlandırıb və qeyd edib ki, qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan rəhbəri bundan bir nəticə çıxarmalı və ölkənin tamamilə iflasa uğramaması üçün tezliklə sülh danışıqları istiqamətində səylərini artırmalıdır. Bununla yanaş, V. Oskanyan Azərbaycan dövlətinin hərbi gücünün rəsmi Yerevanı çox ciddi şəkildə narahat etdiyini də vurğulayıb. Göründüyü kimi, regionda baş verən bütün proseslər Azərbaycanın xeyirinə dəyişir və bundan fərqli olaraq, ötən hər bir zaman işğalçı dövlətin əleyhinə işləyir.

"Tək V. Oskanyan deyil, Ermənistanın siyasi hakim dairəsi, eləcə də, adi sıravi vətəndaşı, birmənalı olaraq, bunu dərk edir və anlayırlar ki, Sarkisyan ölkəni uçuruma aparır. Məhz mövcud münaqişənin yubanması ucbatından bu gün erməni əhalisi yoxsulluq, səfalət içərisində yaşayır. Maraqlıdır ki, görəsən, bu 20 il ərzində Ermənistan nə qazandı? Təbii ki, işğalçılıq siyasəti, digər ölkələrin tabeliyi altında yaşamaq məcburiyyəti hansısa bir ölkəyə heç nə vermir, əksinə, alır və məhvə aparır". Bu sözləri qəzetimizə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bundan ciddi dərs almalıdır.

İşğalçı ölkənin eks nazirinin Ermənistan əleyhinə yönəlmiş mövqe sərgiləməsinə münasibətini bildirən F. Mustafa qeyd etdi ki, uzun illər problemin yarımçıq vəziyyətdə qalması, həqiqətən də, Ermənistanı ciddi problemlərlə qarşı-qarşıya qoyub.

Millət vəkilinin sözlərinə görə, Ermənistan öz işğalçılıq iddialarından əl çəkməli, işğal etdikləri torpaqların sülh yolu ilə geri qaytarılması prosesinə başlamalıdır. Əks halda, işğalçı ölkədə vəziyyət daha da pisləşəcək və bölgədəki bütün layihələrdən kənarda qalmaqla Ermənistan özünün gələcəyinə qəti şəkildə hər hansı təminat yarada bilməyəcək. Ermənistanın gələcəyini görən insanlar bunun nə qədər təhlükələr doğura biləcəyini artıq hiss etməkdədirlər. Dağlıq Qarabağ münaqişəsi artıq Ermənistanın daxilinə çox ciddi şəkildə təsir göstərməkdədir.

Serj Sarkisyanın yürütdüyü siyasəti ikiüzlü, məntiqsiz və qeyri-peşəkar adlandıran F.Mustafa münaqişənin bu qədər uzanmasında məhz yeganə hədəfin Sarkisyan olduğunu vurğuladı: "Nəinki ictimaiyyətə, bütün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan beynəlxalq qurumlara Sarkisyanın qeyri-adekvat addımları bəllidir. Beynəlxalq təşkilatlar isə, sadəcə, susur, yaxud da bu onların xeyirinədir, öz maraqları naminə. Hər dəfə danışıqlar masasından ya əvvəl, ya da sonra Ermənistan rəhbərliyi növbəti planlaşdırılmış oyununu oynayır. Ya danışıqlarda iştirak etməkdən imtina edir, yaxud da danışıqlar bitdikdən dərhal sonra cəbhə xəttində təxribat törədə biləcək hadisələr törədir" . Artıq status-kvonun dəyişməsinin tam zamanı olduğunu söyləyən millət vəkili qeyd etdi ki, Ermənistan daxilindəki əksər qüvvələr, eləcə də, beynəlxalq təşkilatlar Dağlıq Qarabağda status-kvonun saxlanılmasında Serj Sarkisyanı günahlandırır: "Münaqişə ilə bağlı dünyada, həqiqətən də, çoxları hələ də geniş məlumata malik deyillər. Separatçı ermənilər də bundan bir növ sui-istifadə edərək özlərini bütün aləmə "sülhpərvər" kimi göstərməyə cəhd edirlər. Əslində isə, ermənilər işğalçı, separatçı, müxtəlif qətllərə imza atmış bir xalqdır. Xocalıda törədilən soyqırımda iştirak etdiyini fəxr hissi ilə vurğulayan Sarkisyan hansı "sülhpərvər"likdən danışır". Fazil Mustafa, bunlara baxmayaraq, bütün reallığın Azərbaycan dövlətinin tərəfində olduğunu bildirib. Tez və ya gec təcavüzkar ölkə bilməlidir ki, Azərbaycan tərəfi itirilmiş torpaqlarının sahibi olacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ən ağrılı problemi olduğunu bildirən F.Mustafa bu məsələnin həllində beynəlxalq birliyi, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəstək verməyə çağırdı. "Biz öz haqlı mövqeyimizin bərqərar olmasını tələb edirik. Azərbaycanın heç bir ölkənin ərazisində qətiyyən gözü yoxdur. Zəbt olunan torpaqlar, əhalisi didərgin düşən ölkə Azərbaycan ərazisidir. Bu gün terrorla mübarizə aparan ölkələri 20 ildir ki, terrorun qurbanına çevrilmiş Azərbaycana da diqqət yetirmələrini tələb edirik. Heç bir ölkə terrordan sığortalanmayıb. Terrorizmə qarşı mübarizə aparan Azərbaycan terrordan əziyyət çəkən ölkələrin yanında olur, maddi və mənəvi dəstəyini əsirgəmir. Azərbaycanın isə, beynəlxalq təşkilatlardan istədiyi, sadəcə, ermənilər tərəfindən işğalda olan torpaqlarının geri qaytarılması, didərgin düşmüş əhalisinin öz yurd-yuvalarına geri dönməsidir. Bu yolda Azərbaycan tərəfinin mövqeyi birmənalı və dəyişilməzdir".


AYLANA RZAYEVA

Digər xəbərlər