"İndiki beynəlxalq konnekturanı nəzərə alsaq, Azərbaycanın xeyrinə qətnamənin qəbul imkanlarının kifayət qədər çox olduğunu görərik"
Sentyabrın 13-dən etibarən artıq BMT Baş Məclisinin 66-cı sessiyası öz işinə başladı. "GUAM ərazisində həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri" və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihələri 66-cı sessiyada müzakirə olunacaq. 66-cı sessiyanın ilk iclasında yolxucu xəstəliklərə həsr olunmuş toplantı, sentyabrın 22-də isə, Durban bəyannaməsinin qəbulunun və irqi ayrı-seçkiliklə mübarizəyə dair fəaliyyət proqramının qəbulunun 10-cu ildönümünə həsr olunmuş iclasın keçirilməsi nəzərdə tutulub. Baş Məclisdə nəzərdə tutulan müzakirələr sentyabrın 27-dək davam etdirilcək.
"BMT Baş Assambleyasında konkret olaraq, Dağlıq Qarabağ probleminə münasibət öz əksini tapacaq və qiymət veriləcək. Eyni zamanda, GUAM çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də müzakirə olunacaq". Bu sözləri millət vəkili Musa Qasımlı qəzetimizə açıqlamasında qeyd etdi.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfi üçün hər ikisi çox əhəmiyyətli və önəmlidir.
M. Qasımlı onu da vurğulayıb ki, hələ BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan tərəfi bu məsələni gündəliyə salmışdı. Lakin ATƏT-in Minsk Qrupunun israrlı mövqeyindən sonra son anda Azərbaycan qətnaməni geri götürdü.
Millət vəkili qeyd edib ki, indiki beynəlxalq konnekturanı nəzərə alsaq, Azərbaycanın xeyrinə qətnamənin qəbulunun imkanları kifayət qədər böyükdür. Demək olar ki, bütün İKT ölkələri bizi dəstəkləyir. Bundan başqa, Avropa dövlətlərinin özündə də Azərbaycanı dəstkləyən ölkələrin sayı getdikcə artıb.
M. Qasımlı hətta "Nabucco" ilə bağlı olan ölkələr sırasında da Azərbaycanı dəstəkləyən dövlətlərin sayının kifayət qədər çox olacağını bildirib. 2008-ci ildə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin mövqeyi qənaətbəxş olmamışdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində birbaşa vasitəçi olan dövlətlər o zaman düzgün bir mövqe tutmamışdı.
Millət vəkili hesab edir ki, BMT Baş Məclisinin 66-cı sessiyasında vəziyyətin Azərbaycanın xeyrinə olması ehtimalı çox böyükdür. Qətnamənin qəbulu üçün müəyyən şanslar da var.
M. Qasımlı bu qətnamələrin qəbulunun hüquqi baxımdan Azərbaycan üçün əhəmiyyətli olmasını vurğulayıb.
Digər bir məqama toxunan M.Qasımlı əlavə etdi ki, BMT qərar qəbul edirsə, gərək onun icrasını da həyata keçirsin: " Doğrudur, BMT Təhlükəsizlik Şurası belə qətnamələr qəbul edir, amma onun həyata keçirmək mexanizmini formalaşdırmırlar. BMT 1993-cü ildə Azərbaycanın işğal altında olan ərazilərinin boşaldılmasına dair 4 qətnamə qəbul edib. Lakin həmin qətnamələrin icrası indiyədək yerinə yetirilməyib. Digər ölkələrə qarşı qəbul edilən qətnamələrin icrasına dərhal başlayırlar. Amma söhbət Azərbaycana gəldikdə, BMT-nin təsir və təzyiq rıçaqları işləyəsi olmur".
İşğalçılıq siyasətinə görə, Ermənistana qarşı sanksiya tətbiq edilməsinin vacibliyini vurğulayan millət vəkili bildirib ki, bəlkə o zaman təcavüzkar ölkə öz işğalçılıq siyasətindən tamamilə əl çəkər. Ermənistana ciddi şəkildə embarqolar, sanksiyalar, təzyiq rıçaqları qəbul olunmalıdır.
Millət vəkilinin sözlərinə gbrə, BMT müstəvisində Azərbaycan tərəfi daha fəal hərəkət edir və öz haqlı işini isbatlaya bilir. Bu isə, Ermənistanı ciddi şəkildə təlaşlandırır və narahat edir. BMT-də qəbul edilən qərarlar ikili yanaşma tərzlərininin, sterotiplərin dağıdılmasına, məsələnin obyektiv həllinə hüquqi və siyasi baza yaratmış olur. Bu gün hər bir kəs açıq-aydın görür ki, işğalçı ölkə sülhə, əmin-amanlığa nail olmaq üçün cəhdlər etmək əvəzinə sülhü pozmağa yönələn addımlar atır. Bununla da, Ermənistan rəhbərliyi erməni xalqına böyük zərbə endirmiş olur. Hadisələrin inkişafı Azərbaycanın xeyirinə, keçən zaman isə, Ermənistanın əleyhinə işləyir.
Azərbaycanın hər zaman öz xarici uğurlu diplomatiyası ilə seçildiyini bildirən millət vəkili əlavə edib ki, dövlətimiz təcavüzkar Ermənistanla bağlı bütün lazımi işləri görüb. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Ermənistan rəhbərliyinin qeyri-konstruktiv, ikili mövqeyi ucbatından hələ də yarımçıq vəziyyətdə qalıb.
Millət vəkili söyləyib ki, Serj Sarkisyana ikili mövqeyinə görə beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə reaksiya gəlməli idi, lakin olmadı. Ən azından işğalçı ölkə iqtisadi blokadaya alınmalı idi. Əgər BMT Baş Məclisinin 66-cı sessiyasında Azərbaycanın Dağlıq Qarabağla bağlı irəli sürdüyü iki qətnamə layihəsinin qəbulu proqnozlarımızı doğrultsa, bu, Ermənistanın iflasına səbəb olacaq. Müstəqilliyi təhlükə altında olan Ermənistanda heç zaman uğurdan, nailiyyətdən söhbət gedə bilməz.
AYLANA RZAYEVA