PDF Oxu

Araşdırma

  • 8

İranın min oyunu...

İranın min oyunu...

Son vaxtlar mediada İranın Xəzər dənizində güclü hərbi donanma yaratması, dənizin statusu ilə bağlı ədalətsiz mövqeyini digər sahilyanı dövlətlərin qəbul etdirməyə çalışmasını, həmçinin, İran gəmi və təyyarələrinin Azərbaycanın su sərhədlərini pozduğu haqda məlumatlar yer alır. Problemin nədən və niyə yarandığını ortaya çıxarmaq üçün bu yazımızda bir sıra tarixi məqamlara və hazırkı geosiyasi situasiyaya aydınlıq gətirməyə çalışacağıq. Ümumiyyətlə, məcazi olaraq, "dəniz" adlandırılan Xəzər gölünün statusu ilə bağlı problem hardan yaranıb, necə həll edilməlidir? Suala aydınlıq gətirmək üçün öncə problemin yaranması məsələsini müzakirə etmək lazımdır.
Xəzərin status problemi necə yarandı?

Xəzərin hüquqi statusunun ilkin müddəaları SSRİ və İran arasında bağlanmış Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdı. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı yoxdur. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi.
SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının 2-dən 5-ə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Hazırda dənizin hüquqi statusunda yaranan anlaşılmazlığın səbəbi Türkmənistan və İranın mövqeyidir. Buna baxmayaraq, digər 3 Xəzəryanı ölkə Azərbaycan, Rusiya və Qazaxıstan dənizin dibinin bölünməsi barədə iki və üçtərəfli razılığa gəliblər.
Hazırda Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlərə əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipi ilə bölünməsində sahilyanı dövlətlər onlara mənsub olan dəniz dibinin müvafiq sektorlarında mineral ehtiyatların işlənməsi və istifadəsinə, habelə, hüquqa uyğun istənilən təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlara malikdirlər.
İran və Türkmənistan isə aşağıdakı arqumentlərlə çıxış edirlər.
- Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir.
- Xəzər 20 % prinsipi ilə hər bir Xəzəryanı dövlətlər arasında bölünməlidir.
Azərbaycanın mövqeyi ilə Türkmənistan və İranın mövqeyini müqayisə etdikdə görmək mümkündür ki, ikincilərin mövqeyi beynəlxalq hüquq normalarına ziddir.
Birincisi ona görə ki, İran və Türkmənistanın irəli sürdüyü arqumentlərdə Xəzər unikal qapalı su hövzəsi hesab edilir. Bu anlayış çox abstrakt olması ilə yanaşı, beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir.
İkinci, Xəzərin 20% payla Xəzəryanı dövlətlər arasında bölünməsinin heç bir hüquqi əsası yoxdur və bu praktik cəhətdən də mümkün deyildir. Xəzərin hüquqi statusu məsələsində tez-tez 1921 və 1940-cı illər Sovet-İran müqavilələrinə istinad edilməsi çox vaxt bu müqavilələrin müddəaları ilə uzlaşmır.

Azərbaycanın mövqeyi haqlı və hüquqidir
1970-ci ildə isə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilib. Bölgüyə əsasən Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü və 55 min kv. km-i İrana qalırdı.
Həyata keçirilən bu bölgü ilə İran da tanış edilib və bu bölgünün topoqrafik xəritəsi Tehrana göndərilib. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməyib.
SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər.
Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik.
- Xəzər beynəlxalq sərhəd gölüdür,
- Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir,
- Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanıb,
-Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən öncə öz milli sektorunda işə başlaya bilərlər.
Hər bir halda, Azərbaycan Xəzər dənizində favorit ölkə sayılır və dənizin özünə aid sektorunda öz layihələrini həyata keçirir. O ki qaldı mübahisəli yataqlarda işlərin hələ başlamamasına, burada uduzan tərəf yalnız neft və qaz yataqlarına iddia edən ölkələr ola bilər.
Azərbaycan mübahisəli yataqların birgə işlənməsi üçün təkliflərini verib. Bu təklifə cavab verilmədiyi halda, ölkəmiz beynəlxalq qanunlara söykənərək, dənizin bizə aid milli sektorunda yerləşən neft-qaz yataqlarından təkbaşına yararlana bilər. Bunun üçün texniki, maliyyə və mütəxəssis imkanlarımız yetərincədir.

Xəzər sammitlərinin nəticəsizliyi nədən qaynaqlanır?
Xatırladaq ki, birinci Xəzər sammiti 2002-ci ildə Aşqabbadda gerçəkləşib. O vaxt ilk dəfə olaraq bir araya toplaşan prezidentlər status məsələsində mövcud fikir ayrılıqlarının fonunda heç bir bəyanat qəbul edə bilməmişdilər və sənəd növbəti sammitə saxlanılmışdı.
O vaxtdan 5 Xəzəryanı ölkənin xüsusi nümayəndələri toplaşaraq statusla bağlı konvensiya layihəsinin mətli ilə yanaşı, ikinci Xəzər zirvəsi üçün bəyanat layihəsi tərtib etməyə çalışırdılar. Amma tərəflər konvensiyada razılaşdırılmamış müddəaların müzakirəsinə keçmək üçün prinsipial qərar çıxara bilmirdilər.
Nəhayət, ötən ilin oktyabrında beş Xəzəryanı dövlətin başçısı Tehrana toplaşdı ki, status məsələsində irəliləyişə nail olsunlar. Lakin burada da razılaşma əldə olunmadı.
Xəzəryanı dövlətlərin ötən ilin noyabrında Bakıda keçirilən zirvə görüşü Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanması ilə başa çatdı. Təhlükəsizlik əməkdaşlığı sazişi terrorçuluq və mütəşəkkil cinayətkarlıq, silah və narkotik qaçaqmalçılığı, icazəsiz balıq ovuna qarşı, habelə, xilasetmə əməliyyatlarında qarşılıqlı əməkdaşlığı nəzərdə tutur. Bundan başqa, prezidentlər birgə Bəyannamə qəbul ediblər.
Bakı sammitində Türkmənistanın mövqeyində müəyyən dəyişikliklər hiss olundu. Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədov prinsip etibarilə orta xətt prinsipini qəbul edir. Amma hesab edir ki, yeni metodologiyalarla sərhədlər müəyyənləşdirilməlidir.
İranın mövqeyində isə hələ də dəyişiklik hiss olunmur. Tehranın mövqeyi isə ondan ibarətdir ki, Xəzər dənizi 5 Xəzəryanı ölkə arasında bərabər (hərəyə 20 %) bölünməlidir. Bu ölkənin iddiasının gerçəkləşəcəyi təqdirdə, İranın dəniz sektoru az qala Bakı buxtasına qədər gəlib çıxmış olur ki, bu da anormal hal hesab olunur.

5 sahilyanı dövlətin razılığa gəlməsinə nə mane olur?
Bakı sammitində Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Xəzər dənizinin dibinin bölünməsinə dair Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanmış ikitərəfli müqavilələr Xəzərin hüquqi statusunun müəyyən edilməsində əsas kimi götürülə bilər. İran istisna olmaqla, digər ölkələrin prezidentləri bu məsələdə eyni fikirdədirlər.
Türkmənistan prezidenti Qurbanqulu Berdimyhəmmədovun Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə iki ölkənin bu məsələdə mövqeləri, demək olar ki, üst-üstə düşdüyü hiss olundu. Bunları nəzərə aldıqda, Xəzərin status probleminin həll olunmasında yeganə problemin İran olduğunu görmək olar.
İranın mövqeyi nə beynəlxalq hüquqa, nə məntiqə, nə siyasi duruma uyğun deyil və tamamilə absurddur. Yuxarıda qeyd etdiyimiz kimi, Xəzər dənizində İranın sərhədləri SSRİ vaxtından təsbit olunub. İttifaqın dağılmasından sonra müttəfiq respublikalar dənizin SSRİ-yə aid olan hissəsini öz aralarında böldülər. Bunun İrana heç bir dəxli yoxdur və sabiq sovet respublikalarının öz aralarında olan prosesdir.
Hər bir halda,- gec, ya tez bu gölün statusu müəyyənləşməlidir. Çünki regionda siyasi gərginlik yaradan faktorlardan biri də budur. İran ətrafında vəziyyət onsuz da kifayət qədər gərgindir, Tehran daha birinin qalmasında və qonşuları ilə problem yaşanmasında maraqlı olmamalıdır.
Elçin Bayramlı

Digər xəbərlər