PDF Oxu

Araşdırma

  • 12

Farsın erməni sevgisi nədən yaranır?

Farsın erməni sevgisi nədən yaranır?

Son vaxtlar İranla Ermənistan arasında məkrli əməkdaşlıq əlaqələri daha geniş xarakter daşımağa başlayıb. İki ölkə arasında iqtisadi-siyasi əlaqələr terrorçuların hazırlanması və onların müəyyən vasitələrin həyata keçirilməsində istifadə edilməsinə qədər yüksəlir. Azərbaycanın işğal olunan Dağlıq Qarabağ və ona bitişik rayonlarında iranlı işbazların ticarət obyektləri qurmaları və bir sıra gizli fəaliyyət yollarını həyata keçirmələri İranın Ermənistanla geniş əlaqələr qurmasının arxasında Tehranın anti-Azərbaycan siyasətinin durduğunu deməyə əsas verir.

Bu əlaqələrin daha da inkişaf etdiyinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın gözlənilmədən İrana səfər etməsi və orada yüksək dairələrlə danışıqlar aparması iqtisadi-siyasi və digər sahələrlə bağlı əməkdaşlıq müqaviləsinin imzalanması ilə özünü nümayiş etdirdi. Politoloq Mübariz Əhmədoğlu da o fikirdədir ki, İranla Ermənistan arasında yüksək səviyyədə təmasların intensivləşməsinin arxasında Tehranın anti-Azərbaycan siyasəti durur: "Ermənistanın xarici işlər naziri E.Nalbandyanın anons edilmədən (səfərdən yalnız bir gün qabaq ER xarici işlər nazirliyi məlumat yaydı) İrana səfər etməsi İranla Ermənistan arasındakı aktivləşmənin təsadüfi olmadığını göstərir. E.Nalbandyanı qəbul edən İran prezidenti M.Əhmədinejad ağızdolusu və qəti şəkildə bəyan etdi ki, İran Ermənistanla əməkdaşlığı genişləndirməkdə, dərinləşdirməkdə maraqlıdır. Yuxarıda dediyimiz pauza dövründə isə Ermənistanın siyasətində İran prizmasından ciddi dəyişiklik baş vermişdir. Baş verən dəyişikliklər hamısı İranın ziyanınadır".

Politoloq Mübariz Əhmədoğlunun fikrincə, İranla Ermənistan arasında münasibətlərin qurulmasının təşəbbüskarı Tehran olub: "İranın kənd təsərrüfatı naziri S.Xəliliyanın dəvəti ilə Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyan İranda səfərdə oldu. Səfər zamanı iki ölkə arasındakı münasibətlərin aktivləşdirilməsi müzakirə edildi. Ermənistanın kənd təsərrüfat naziri İranın əyalətlərində, o cümlədən, azərbaycanlılar yaşayan əyalətlərdə səfərdə oldu. Bundan az sonra Ermənistanın İrandakı səfiri Q.Arakelyan İranın əyalətlərində yerli iş adamları ilə görüş keçirdi. Erməni nazirin və səfirin açıqladıqları məlumatlarda İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin artdığı bildirilir. İndi İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin illik həcmi 270 milyon dollardır. Bu da əvvəlki illə müqayisədə 40% artım deməkdir".


Molla rejiminin nankorluğu nədən qaynaqlanır?


Ermənistan xarici işlər naziri E.Nalbandyanın İranda hakim dairələr tərəfindən yüksək səviyyədə qarşılanaraq, qəbul edilməsi haqlı olaraq, müəyyən suallar doğurur. Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında E.Nalbandyan qarşısında niyə məsələ qaldırmırlar? Ermənistanla ən yaxın əlaqələr quran Yerevana güclü iqtisadi dəstək verən, Ermənistanın rəsmi şəxslərini böyük hörmətlə qəbul edən İran rəhbərliyi Azərbaycan xalqından necə yaxşı münasibət gözləyə bilər?

Xatırlatmaq lazımdır ki, Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan 1993-cü ildə, savaşın qızğın vaxtında Ermənistan parlamentində etdiyi çıxışında bunu etiraf etmişdi: "Əgər İran 3 gün belə yardımlarını dayandırsa, Ermənistan məhv olar". Əlavə şərhə ehtiyac varmı?!

Politoloq M.Əhmədoğlunun fikrincə, bu gün Ermənistan İranla əlaqələr qursa da, bu əlaqələrdə heç də səmimi deyil. Çünki İranla Ermənistan arasında münasibətlərdə 3-4 aylıq durğunluq dövründə Ermənistan siyasətində İrana qarşı ciddi dəyişikliklər baş vermişdir. Bu dəyişiklikləri müxtəlif aspektlərə bölən politoloq dedi: "a) Ermənistan İrandan avtobus almaqdan imtina etdi. Ermənistan özünə lazım olan avtobusların böyük bir qismini Çindən, qalanını isə Ukraynadan almaqla bağlı qərar qəbul etdi. Amma Ermənistanın nəqliyyat naziri bütün avtobusların İrandan alınacağına vəd vermişdi və danışıqlar da gedirdi; b) Ermənistan bundan sonra kənd təsərrüfatı texnikasını Rusiyadan alacağını bildirdi. Kənd təsərrüfatı nazirinin İrana səfər etməsinə baxmayaraq, onun müavini bu bəyanatla çıxış etdi, çünki RF belə istəyir. Bu vaxtadək İran Ermənistana ucuz qiymətə kənd təsərrüfatı texnikası satırdı. Hətta İran birbaşa DQ-yə 20 ədəd traktor və kombayn göndərmişdi; c) İki dövlət arasında ticarət dövriyyəsinin 40% artaraq 270 milyon dollar olduğu açıqlandı. İdxal-ixrac məsələlərində saldo İranın ziyanına, Ermənistanın xeyirinə dəyişmişdir; ç) İsraillə Ermənistanın əlaqələri xeyli intensivləşib. Ermənistanın İsraillə əlaqələrinin intensivləşməsində özünün marağı aşkar görünür. Hətta Ermənistana yaxşı bələd olan Türkiyə mətbu orqanlarından biri İsrailin Ermənistan və DQ ərazisi vasitəsilə İran ərazisində kəşfiyyat işləri apardığı barədə məlumat yaydı; d) Erməni mətbuatı İranın separatçılarla əlaqəsi, PKK və PEJAK-ın fəaliyyətinə İrandan kənar ərazilərdə dəstək verməsi barədə xeyli yazılar yazılmışdır.

Bütün bunların fonunda İranın yenidən Ermənistana dəstək verməsinin səbəbi İran-Ermənistan münasibətlərində deyil, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasındadır.

İranın daxilində baş verənlər İran rəhbərliyini yenidən Azərbaycanın üzərinə getmək niyyətinə salmışdır. Bunun neçəyə, nəyinə bahasına başa gəlməsi dini və siyasi Tehranı qətiyyən narahat etmir. Amma dini və siyasi Tehran Azərbaycanın işğal olunmuş ərazilərindəki dini abidələrin, məscidlərin yerlə-yeksan olunmasını və bir milyona yaxın müsəlmanın qaçqın və məcburi köçkünə çevrilməsini görmək istəmədiyi kimi, son 17-18 ildə ermənilərə aşkar dəstək verməsinə baxmayaraq, Ermənistanın zəifləməsini də görmək istəmir. İranın bu vəziyyətini atasını və ya əzizini sevən adamın vəziyyəti ilə müqayisə etmək olar: İnsan atasının və ya əzizinin öləcəyini təsdiq olunmuş sənədlərlə bilə-bilə bu ölümlə barışmaq istəmir. İran Ermənistanın zəifləməsi ilə barışmaq istəmir. Ən azından fars-erməni qardaşlığının mahiyyəti molla rejimini buna imkan verməməyə məcbur edir. Ancaq Azərbaycan Respublikasının siyasəti Ermənistanı məhkum etmişdir".


İ.ƏLİYEV

Digər xəbərlər