PDF Oxu

Araşdırma

  • 17

Molla rejiminin qardaşlıq borcu

Molla rejiminin qardaşlıq borcu

Son vaxtlar İranla Ermənistan arasında əməkdaşlıq əlaqələri daha geniş xarakter almağa başlayıb. İki ölkə arasında iqtisadi-siyasi əlaqələr terrorçuların hazırlanması və onların müəyyən vasitələrin həyata keçirilməsində istifadə edilməsinə qədər yüksəlir. Azərbaycanın işğal olunan rayonlarında iranlı işbazların ticarət obyektləri qurmaları və bir sıra gizli fəaliyyətlər həyata keçirmələri ilə bağlı faktlar Tehranın Yerevanla geniş əlaqələr qurmasının arxasında molla rejiminin anti-Azərbaycan siyasətinin durduğunu deməyə əsas verir.

Bu əlaqələrin daha da inkişaf etdiyinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın gözlənilmədən İrana səfər etməsi və orada yüksək dairələrlə danışıqlar aparması iqtisadi-siyasi və digər sahələrlə bağlı əməkdaşlıq müqaviləsinin imzalanması ilə özünü nümayiş etdirdi.

Nalbandyanın İran səfəri və öncədən planlaşdırılmayan ikitərəfli müqavilələrin imzalanması Tehranın Azərbaycana təzyiq imkanlarını artırmaq cəhdlərindən xəbər verir. Onu da qeyd edək ki, elə müqavilələrsiz də İran Ermənistanı 20 ildir ki ayaqda saxlayır. Molla rejimi din qardaşlığından danışa-danışa din qardaşlarını qanına qəltan edən terrorçuların hakimiyyət başında olduğu işğalçı ölkəni hər şeylə təmin edir. İki ölkə arasında böyük ticarət var, özü də son illərdə bu dövriyyə xeyli artıb. İndi İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin illik həcmi 270 milyon dollardır. Bu da əvvəlki illə müqayisədə 40% artım deməkdir. Ermənistanı maddi, mənəvi, psixoloji baxımdan himayə edən İran bu ölkəyə həm də hərbi, texniki, kadr dəstəyi də verir. Bu proses silah, yanacaq, taxıl satmaqdan tutmuş, fars hərbçilərinin erməni hərbçilərinə təlimlər keçməsinə qədər çox böyük bir sferanı əhatə edir.

Açığı İranla Ermənistan, farslarla ermənilər arasında əlaqələr o qədər sıx və qardaşyanadır ki, bəzən adam bu xalqların genetik qohumluğa malik olduğunu düşünür. Bəlkə də belədir. Açığı qibtəediləsidir- heç Türkiyə ilə Azərbaycan, Rumıniya ilə Moldova, Rusiya ilə Belarus arasında belə bu cür sıx qardaşlıq əlaqələri mövcud deyil.

Açıq şəkildə şərəfsiz oyunlardan çıxan fars rejimi Azərbaycana qarşı gülünc iddialarda bulunur. Gah müstəqil dövləti öz əyaləti hesab edir, gah xalqımızı molla mətbuatında təhqir edir, gah "Səhər" telekanalizasiyasından hədyanlar yağdırır...

Öz əhalisinin böyük əksriyyətini təşkil edən azərbaycanlılara qarşı repressiya siyasəti yürüdən İran rejimi, yaxşı olardı ki, öncə öz gözündə tiri görsün. Azərbaycana qarşı tələb irəli sürənlər, görəsən, nəyə görə Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla geniş əməkdaşlıqdan çəkinmirlər? İki ölkə arasında iqtisadi, siyasi və hərbi əməkdaşlıq ən yüksək səviyyədədir. Halbuki, İsraillə əməkdaşlıq etməkdə günahlandırılan Azərbaycanın heç bu ölkədə səfirliyi də yoxdur.

Özlərini islam dininin müdafiəçiləri kimi qələmə verənlər rəsmi Tehrandan işğal olunmuş Azərbaycan ərazilərində dağıdılmış islam mədəniyyəti abidələri, məscidlər haqqında Ermənistan rəhbərliyi qarşısında məsələ qaldırmağı niyə tələb etmirlər?

Ermənistanla ən yaxın əlaqələr quran, Yerevana güclü iqtisadi dəstək verən, Ermənistanın rəsmi şəxslərini böyük hörmətlə qəbul edən İran rəhbərliyi Azərbaycan xalqından necə yaxşı münasibət gözləyə bilər?

Yadınıza bir faktı salmaq istəyirəm. Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryan 1993-cü ildə, savaşın qızğın vaxtında Ermənistan parlamentində etdiyi çıxışında bunu etiraf etmişdi: "Əgər İran 3 gün belə yardımlarını dayandırsa, Ermənistan məhv olar". Təkcə bu cümlə Ermənistanın müharibədə üstün mövqe qazanmasının səbəblərinə aydınlıq gətirmək gücündədir. Burada bir məqama da toxunmamaq olmaz. İranın da üzv olduğu islam Konfransı Təşkilatının qəbul etdiyi "Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda" adlı qətnamədə qeyd olunur ki, İKT üzvü olan bütün dövlətlər təcavüzün nəticələri aradan qaldırılanadək, öz siyasi, iqtisadi və digər imkanlarından istifadə etməklə, işğalçı dövlətə təzyiq göstərməlidirlər. Lakin görünən odur ki, İran bu qətnaməyə imza atmasına baxmayaraq, orada qeyd olunan prinsiplərə riayət etmir, əksinə, Ermənistanla siyasi, iqtisadi, hətta hərbi əlaqələri getdikcə gücləndirir. Bütün bunlar İran hakimiyyətinin yeritdiyi siyasətin nə qədər anormal olduğunu və Azərbaycana qarşı ədalətsiz mövqedə dayandığını sübut edir. İran əhalisinin 60 faizini təşkil edən, ölkənin gerçək sahibi olan azərbaycanlıları repressiyaya məruz qoyan fars rejimi ermənilərə elə bir üstün şərait yaradıb ki, adamın paxıllığı tutur. Erməni məktəbləri, universitetləri, bağçaları, şirkətləri, ictimai təşkilatları, mediasının sayı-hesabı yoxdur.


Elçin Bayramlı

Digər xəbərlər