Dövlət səviyyəsində terrorizmi dəstəkləyən, işğalçılıq siyasəti yürüdən İran bu gün Ermənistanı öz ağuşuna alır. İranın Ermənistan ilə əlaqəli siyasəti təkcə bu gün yox, həm də gələcək üçün təhlükəli xarakter almağa başlamışdır. Təbii ki, bu faktın mövcudluğu fonunda İranın, sadəcə, müsəlman həmrəyliyindən, birliyindən danışmağa heç bir haqqı çatmır. İran zaman-zaman Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaqla yanaşı, həm də Dağlıq Qarabağ münaqişəsinin uzanmasında maraqlı tərəf kimi də çıxış edir. Əgər İran, həqiqətən də, sözdə dediyi kimi əməldə də müsəlman birliyinin tərəfdarı olsa idi, işğalçı erməniləri deyil, müsəlmanların da sayı çox olan demokratik Azərbaycanı müdafiə edərdi. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu İranın bəzi rəsmi şəxslərinin Azərbaycan dövlətinə qarşı səsləndirdikləri məsuliyyətsiz fikirləri açıq-aşkar qərəzkarlıq kimi dəyərləndirib: "Azərbaycan Respublikası region ölkələri ilə münasibətlərini dostluq, mehriban qonşuluq, səmimilik, səmərəli əməkdaşlıq prinsipləri əsasında qurur. Azərbaycan heç vaxt digər ölkələrin daxili işlərinə müdaxilə etmir və öz daxili məsələlərinə, xarici siyasət prioritetlərinə istənilən müdaxilənin, maneçilik törətmək cəhdlərinin qarşısını almaq iqtidarındadır".
"Azərbaycan kontekstindən İran-Ermənistan münasibətləri təkcə taktiki təhlükə kimi yox, həm də strateji baxımdan dəyərləndirilməlidir" fikrini söyləyən politoloq onu da vurğulayıb ki, İranın siyasi dairələri Ermənistanın unikal coğrafi mövqeyi tezisini dilə gətirməklə, özləri üçün ən müqəddəs sayılan dini maraqlarını da Ermənistana güzəştə getməyə hazır olduğunu göstərməkdədir: "Bir də xatırlatmaq yerinə düşər ki, İranda islam dini dövlətçiliyə, dövlətçiliklə islam dini ikisi birlikdə fars millətçiliyinə xidmət edir. O baxımdan son vaxtlar İranın Ermənistanla tarixi və etniki bağlılıq axtarması da diqqət yetiriləsi mühüm məsələlərdəndir".
Bütün bu deyilənlərdən bir daha bəlli olur ki, İran Azərbaycanın qonşuları ilə anti-Azərbaycan xarakterli işlər aparır. İşğalçılıq siyasətinə görə Ermənistanı izolyasiyaya salmış Türkiyə və Azərbaycanın siyasətinə qarşı İran ciddi müqavimət göstərir və Ermənistanın xilaskarı rolunda çıxış edir. İranın bu siyasətindən Türkiyə o qədər əziyyət çəkməsə də, Azərbaycan əziyyət çəkir. Bütün bunları nəzərə alaraq, İranın qonşuları ilə Azərbaycanın ciddi maraqlanmasının, müəyyən mesajlar verilməsinin vaxtıdır. İran indi Ermənistanla münasibətlərini dayandırarsa, mövcud münasibətlər sistemi on illər boyu öz təsirini saxlayacaqdır.
R.HÜSEYNOVA