Dünyanın aparıcı mətbuat orqanları Ermənistanda təhlükəli həddə çatmış miqrasiya problemindən yazır. Erməni mətbuatı da ölkənin düşdüyü fəlakətli durumu konkret faktlarla ortaya qoymaqdadır. News.am saytının yaydığı məlumata görə, BBC-nin ardından dünyanın daha bir nüfuzlu agentliyi olan "France-Presse" məsələyə diqqət ayırıb. "Erməni mühacirəti qadınlardan ibarət kəndlər yaradır" başlıqlı məqalədə Ermənistandan kişilərin kütləvi şəkildə xarici ölkələrə axışdığı bildirilir.
"Ermənilərin 44%-i gələcəyi vətəndə görmür"
Müəllif misal kimi Vanadzor yaxınlığındakı kəndləri göstərir. Yazıda bildirilir ki, məhsul yığımı vaxtı əkin sahələrində yalnız qadınların və uşaqların işlədiyini görmək mümkündür. "Onların ərləri və ataları qazanc dalınca, əsasən, Rusiyaya üz tutublar",- deyə müəllif bildirir.
Erməni kəndlərində, demək olar ki, kişilərin qalmadığını yazan agentlik bildirir ki, qadınların bəziləri ərlərinin Rusiyada evlənərək bir daha geri qayıtmayacağından narahatdırlar. "Hər il Ermənistanı 25-30 min kişi tərk edir. Bu, reproduksiyaya və gender balansına mənfi təsir göstərir. Bu, cəmiyyətin qocalmasına da səbəb olur. Statistikaya əsasən, Ermənistan vətəndaşlarının 44%-i özü və uşaqları üçün gələcəyi vətəndə görmür", - deyə yazıda bildirilir.
Son zamanlar Ermənistanı yalnız işsizlərin deyil, yaxşı əməkhaqqı alan şəxslərin də tərk etdiyi bildirilir: "Bəzi uşaqlar ataları ilə yalnız internet vasitəsilə əlaqə saxlaya bilir, digərləri atalarını görmək üçün Yeni ili gözləyirlər. Amma onların bəziləri, güman ki, Yeni ildə də məyus olacaqlar".
Müstəqillik əldə etdikdən keçən 20 ildə Ermənistanda 1 milyon yarımdan artıq vətəndaş xaricə köçüb. Yalnız son 1 ildə ölkədə yoxsulların sayı 200 min nəfər artıb. Hazırda Ermənistanda yoxsul insanların sayı 1 milyondan artıqdır. Ölkə əhalisinin 70 faizdən çoxunun yoxsulluq içində çabalamasını cinayətkar hakimiyyət vecinə də almır.
Artıq real vəziyyət Ermənistanın, faktiki olaraq, demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan, yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır.
Ermənistan: "döyüşə" qadınlar gedir...
Məsələyə diqqət yetirən ABŞ-ın tanınmış "Huffington Post" qəzeti yazır ki, hər il Ermənistanı daha yaxşı həyat axtarışında olan təqribən 60 min erməni tərk edir. Bi-Bi-Si teleradio korporasiyasının internet saytında "Ermənistan miqrasiyası" kəndlərdə yalnız qadınlar qalıb" adlı məqalədə isə deyilir ki, keçmiş Ermənistanın kənd rayonlarında yoxsulluq və işsizlik insanları doğma yerləri tərk etməyə məcbur edir.
Burada əksər hallarda kişilər evlərini tərk edirlər, bütöv kəndlər qadınların öhdəsinə qalır: "Ermənistanın Dzorqyux qəsəbəsindəki sahələrdə yalnız qadın və uşaqların işlədiyini görmək olar. Bunun səbəbi odur ki, kişilərin ailələrini saxlamaq üçün yeganə pul qazanmaq yolu Rusiyaya getməkdir"- yazıda vurğulanır.
"Huffington Post" qəzeti yazır ki, əmək qabiliyyətli insanların Rusiya və digər xarici ölkələrə üz tutması bütün Ermənistanda hiss olunur və baş verən tendensiya artıq doğum göstəricilərinə də təsir edir: "İndi Ermənistanda əhalinin təbii artımı son dərəcə aşağı səviyyədədir".
Məqalədə bildirilir ki, Ermənistan hökuməti bütün bu narahatlıqları rədd etsə də, cəmiyyət və ayrı-ayrı qurumlar mövcud durumdan ciddi təşviş keçirirlər. "Ermənistan miqrasiyası" kəndlərdə yalnız qadınlar qalıb" adlı məqalədə ölkəni tərk edənlərin sayının kifayət qədər çox olduğu vurğulanır.
Erməni hüquq müdafiəçilərinin və müxalifət partiyalarının hesablamalarına görə, hər il 100 minə yaxın şəxs ölkəni tərk edir. Hüquq müdafiəçisi Karine Danielyanın sözlərinə görə, ölkədə kişi çatışmazlığı bütövlükdə cəmiyyətdə hiss olunur: "Bu, həqiqətən, ciddi problemdir. Qızların ərə getmək şansı olmayan nəsli yetişir. Çünki bütün oğlanlar ölkəni tərk edirlər. Bu gün Ermənistanda doğum səviyyəsi əhalinin sabitliyini qorumaq üçün çox aşağıdır".
İşsizliyin
tüğyan etdiyi ölkə
Miqrasiyanın geniş vüsət almasına təsir göstərən və ən əsas amillərdən biri kimi dəyərləndirilən işsizlik problemi də dərinləşməkdə davam edir. Rəsmi məlumatlara görə, Ermənistanda işsizlik faizi aşağı göstərilsə də, müstəqil ekspertlər, beynəlxalq qurumlar bunun reallıqdan çox uzaq olduğunu bəyan edirlər. Qeyd edilir ki, işsizlik müavinətləri çox aşağı olduğundan, əksər işsizlər qeydiyyatdan keçmirlər.
Hesab olunur ki, Ermənistanda qalan əməkqabiliyyətli insanların yarıya qədəri işsizdir. Ermənistan Mərkəzi Bankının sabiq rəhbəri Baqrat Asatryanın fikrincə, qarşıdakı dövrdə ölkə əhalisini daha acınacaqlı vəziyyət gözləyir. Çünki Ermənistanın iqtisadi tənəzzülü artıq dönməz xarakter daşıyır, bunun qarşısını almaq üçün isə hökumət konkret proqram və sənədlərə malik deyil. Aparılan araşdırmalar onu da göstərir ki, ağır sosial-iqtisadi durum, yüksək işsizlik səviyyəsi Ermənistanda yoxsulluq həddində yaşayan insanların sayını əhəmiyyətli dərəcədə artırmaqda davam edir.
Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğalçı siyasətdən imtina və regionda sülhü qoruma təşəbbüslərinə yardım etməkdir. İşğalçı ölkənin sabiq prezidenti Ter-Petrosyan və sabiq xarici işlər naziri Vardan Oskanyanın dediyi kimi, Ermənistanda hökm sürən vəziyyətdən yalnız Dağlıq Qarabağ məsələsi həll ediləndən sonra, Ankara-Yerevan, Bakı-Yerevan münasibətlərinin normallaşması sayəsində çıxa bilər.
Elçin Bayramlı