"Kütləvi şəkildə insan qətlinə gətirib çıxaran Ermənistanda keçirilən 2008-ci il prezident seçkilərini ABŞ-ın dəstəkləməsi, ən azından, demokratik ölkə imicinə böyük bir zərbədir"
Azərbaycan dövlətinin beynəlxalq aləmdə bütün sahələrdə yerinin və rolunun möhkəmlənməsi bəzi supergüc dövlətləri də, deyəsən, narahat etməyə başlayıb. Bu nöqteyi-nəzərdən də ABŞ kimi dövlətlər Azərbaycanda insan hüquqlarının, söz və mətbuat azadlığının pozulması və bu kimi absurd hesabatlarla çıxış etmələri onların dövlətimizin artan nufuzundan narahatlıq keçirmələrindən irəli gəlir. Bəzən bu dövlətlər Azərbaycanın qaysaq bağlamayan yarası olan Dağqlıq Qarabağdan da sui-istifadə edərək ölkəmizə təzyiqlər etməyə səylər göstərirlər. Hətta açıq-aşkar formada Ermənistan kimi vandal, işğalçı, terrorçu dövlətə dəstək göstərməklə iç üzlərinin nədən ibarət olduğunu nümayiş etdirilər. Bu günlərdə "Wikileaks" saytının Ermənistanda saxtakarlıqla keçirilən prezident seçkilərinin tanınmasında və kütləvi insan qırğını ilə müşahidə olunan 2008-ci il 1-2 mart olaylarına göz yummasında ABŞ-ın müstəsna rolu olduğunu qeyd edib. "Wikileaks" saytına istinadən demək olar ki, ABŞ 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həll olunması imkanlarının yarandığı bir zamanda Türkiyəyə təzyiq göstərərək qondarma futbol oyununu ortaya atmaqla münaqişənin həlli məsələsində ikili standartlar nümayiş etdirmişdir.
AVP sədri, millət vəkili Fəzail Ağamalı qəzetimizə açıqlamasında ABŞ-ın bu siyasi məzhəkəsinin heç də başa düşülən olmadığını bildirib: "Baş verənlər onu deməyə əsas verir ki, əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinin açarı Rusiyanın deyil, rəsmi Vaşinqtonun əlindədir. Bu, reallıqdır".
Millət vəkili onu da vurğulayıb ki, Ermənistan oyuncaq bir dövlət olduğundan, hər bir dövlət müxtəlif vasitlərin hesabına işğalçı ölkəni istədikləri səmtə yönəldə və istədikləri maraqları diqtə edə bilər. Bu isə, onu deməyə əsas verir ki, ABŞ-ın Ermənistanda keçirilən və kütləvi insan qırğını ilə müşayiət olunan 2008-ci il 1-2 mart olaylarına çox riyakarcasına göz yummaqla rəsmi Vaşinqton üçün əsas amalın insan hüquq və azadlıqlarının, demokratiyanın müdafiəsi deyil, özünün yenə də özəl maraqları durur.
F.Ağamalı "Wikileaks"in ABŞ-ın Cənubi Qafqaz siyasətini ifşa etməsini rəsmi Vaşinqtonun bölgədəki hörmət və nüfuzuna ciddi zərbə olduğunu və ABŞ-ın yenə də ikili oyun oynadığını bildirib:" ABŞ-ın belə bir addımı kifayət qədər təəccüblü və təəssüfedici bir mənzərədir. Bəlli olur ki, dünyaya demokratiya dərsi keçən, ayrı-ayrı ölkələrdə insan hüquq və azadlıqlarını əsas götürən Amerika Dövlət Departamenti Ermənistana münasibətdə tamam fərqli mövqe nümayiş etdirir".
"Kütləvi şəkildə insan qətlinə gətirib çıxaran Ermənistanda keçirilən 2008-ci il prezident seçkilərini ABŞ-ın dəstəkləməsi, ən azından, demokratik ölkə imicinə böyük bir zərbədir. Plüralizmdən, qanunun aliliyindən danışan ABŞ heç bir məsələdə, xüsusilə də, Dağlıq Qarabağ probleminin həllində qətiyyən ikili standartlardan çıxış etməməlidir. Bu, həm də ABŞ-ın simasında ikili mövqe göstərən dövlətlərin dünyada hörmətinə, nüfuzuna çox ciddi xələl gətirir" deyə F. Ağamalı qeyd edib.
AVP sədri əlavə edib ki, ABŞ hər zaman Azərbaycanla bağlı reallıqlar göz yumub. Dağlıq Qarabağdakı özbaşınalıqlara, orada baş verən erməni-separatçılarının əməllərinə laqeyd münasibət göstərərək, terrorizmi dəstəkləyən Ermənistanı, Serj Sarkisyan rejimini müdafiə edib. Faktiki olaraq, Serj Sarkisyanın saxta yolla hakimiyyət başına gəlməyində ABŞ rəsmiləri həlledici rol oynayıb. Belə məlum olur ki, Sarkisyan müxtəlif qurumlar və dövlətlər tərəfindən himayə olunur.
Digər bir nüansı vurğulayan millət vəkili Ermənistanla Türkiyə arasında futbol diplomatiyasının müəllifi məhz ABŞ-dır. Və ABŞ futbol diplomatoyası vasitəsilə Türkiyə ilə Ermənistanı yaxınlaşdıraraq, Türkiyə ilə Ermənistanın sərhədlərini açmaq kimi bir layihənin həyata keçirilməsinə nail olmağa çalışır.
Əslində, Dağlıq Qarabağ probleminin Ermənistanın işğalçılıq siyasəti qarşısında ciddi problem yaradan bir layihə kimi göz önünə gəlir.
AVP sədri Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın özünü maraqlı tərəf kimi nümayiş etdirməyə cəhd göstərdiyini vurğulayıb: "Əslində, ABŞ münaqişənin həllində maraqlı tərəf deyil. Münaqişənin uzanması, əslində, ABŞ-ın maraqlarına xidmət edir və kifayət qədər nəinki ABŞ, eləcə də, bir çox dövlətlər və beynəlxalq qurumlar bundan yetərli qədər yararlanır".
AYLANA